"Neftçi"nin prezidenti: "Yenidən Avropanın havasını hiss etdik" - MÜSAHİBƏ

"Neftçi"nin prezidenti: "Yenidən Avropanın havasını hiss etdik" - MÜSAHİBƏ "Futbolçu var ki, indi onun adını çəksək, gedib özünə başqa klub tapar"
Futbol
23 Aprel , 2018 10:10
Neftçinin prezidenti: Yenidən Avropanın havasını hiss etdik - MÜSAHİBƏ

Bakı. 23 aprel. REPORT.AZ/ "Neftçi" futbol klubunun prezidenti Kamran Quliyev evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra "Report"a müsahibə verib.

- Komandanız "Qəbələ"yə məhz kubokda uduzaraq, finaldan və Avropa Liqasına ən yaxın yoldan kənarda qaldı. Bundan sonra nəyin hesabına toparlanaraq, çempionatda həmin rəqib üzərində vacib qələbə qazana bildiniz?

- İlk növbədə, istəyin. Çünki Avropaya çıxmaq şanslarımız tükənməyib. Bu şanslar var və komanda həmin acı məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışıb. Gördüyünüz kimi, qırmızı vərəqə üzündən 10 nəfərlə yarım saat oynadıq. Məncə, layiqli qələbə qazandıq.

- "Zirə"nin 1 gün öncə uduzması da əlavə stimul oldu. Çünki qələbə sayəsində 4-cü yerə yüksəlmək imkanı vardı ki, "Qəbələ"nin kubok qazanacağı təqdirdə, bu pillənin sahibi də Avropa Liqasına yollanacaq. Bu isə realdir...

- Təbii. Həmin 4-cü yerə qalxmaq üçün mütləq qalib gəlməli idik və istək sayəsində buna nail olduq. Qol vəziyyətlərinin sayına görə rəqibi üstələdik. Çünki epizodlar var idi ki, yenə fərqlənə bilərdik, ancaq vurmadıq. Namiq Ələsgərovun təkbətək çıxdığı epizodu xatırlatmaq yetərlidir. Çox güclü komandaya qarşı oynadıq. Ancaq futbolçularımız istək sayəsində 3 xalı bizə qazandırdılar. Yenidən Avropanın havasını hiss etdik. Bu tur "Qarabağ" çempion oldu, onları təbrik etmək istəyirəm. Azarkeşlərimizə üz tutub demək istəyirəm ki, komandanı çempionatın sonunadək dəstəkləsinlər. Bu məğlubiyyətin hamımıza təsir etməsinə baxmayaraq, fanatlarımıza üz tutaraq, "Neftçi"ni dəstəkləməyi xahiş edirəm. Biz azarkeşlə eyni adamlarıq.

- "Forza "Neftçi" azarkeş qrupu olan sektor boş idi. Səbəb nədir?

- Onu araşdıracağıq. Ancaq bilirik ki, əvvəlki oyunla, kubok matçı ilə bağlı idi.

- Azarkeşlər oyununuzu boykot etmişdilər?

- Yox, qətiyyən boykot söhbəti deyildi. Ola bilər ki, polislə aralarında olan məsələyə görədir.

- Avropa Liqasına birbaşa vəsiqə verən 3-cü pillə şanslarınızı necə dəyərləndirirsiniz?

- Hazırda 3-cü yerdə gedən "Sumqayıt"la 2 xallıq fərqimiz var. Hər şey ola bilər. Təbii ki, ən yüksək imkanımız 3-cü pilləni tutmaqdır. Komanda da çempionatı məhz bu yerdə başa vurmaq uğrunda mübarizə aparacaq.

- "Neftçi" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb. Bu barədə məlumat verərdiniz...

- Yox, bu, mümkün deyil. Çünki o qədər məlumat var ki, onun hansını verməyin lazım olduğunu bilmirik. Digər tərəfdən, məsləhət də bilmirəm, çünki düz olmaz. Futbolçu var ki, indi onun adını çəkərik, gedər özünə başqa klub tapar.

- Konkret futbolçu adları demirik, ümumi işlərin gedişatı ilə bağlı məlumat verərdiniz...

- İşlərimiz yaxşı gedir.

- Deməli, Avropa turnesinə çıxan idman direktorunuz Ceyhun Sultanov artıq nələrəsə nail olub...

- Ceyhun Sultanov hazırda ölkədə yoxdur. Bunu gizlətmək lazım deyil. Xəbərləri ancaq mayın sonunda verə biləcəyik.

- Baş məşqçi məsələsinə də həmin vaxt aydınlıq gələcək?

- Bizim baş məşqçimiz var.

- Tərlan Əhmədovla yolunuza davam edəcəksiniz?

- Çempionatın sonunda həm futbolçuların çoxu, həm də baş məşqçi ilə müqavilələr bitir. Bu normaldır, hər yerdə belədir. Hazırda baş məşqçimiz var və bundan artıq nəyisə deməyə ehtiyac yoxdur. Özünz də gördünüz ki, komandanı oyuna necə hazırladı.

Son xəbərlər

Orphus sistemi