"Neftçi"nin legioneri: "Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik"

"Neftçi"nin legioneri: "Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik" Pavel Dreksa Azərbaycan Premyer Liqasının tur matçından sonra brifinq keçirib
Futbol
29 Aprel , 2017 21:01
Neftçinin legioneri: Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik
Courtesy İmage

Bakı. 29 aprel. REPORT.AZ/ "Neftçi"nin futbolçusu Pavel Dreksa "Qarabağ"a evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra brifinq keçirib.

"Report"un məlumatına görə, çexiyalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb...

- Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- "Qarabağ" çox yaxşı oynadı. Bizdən üstün idilər. Məğlubiyyətin də səbəbi budur.

- Ruslan Abışovun avtoqolunu həlledici məqam kimi dəyərləndirmirsiniz?

- Bu, futboldur. Futbolda qolların əksəriyyəti kiminsə səhvindən sonra vurulur. Bu da belə qollardan biri idi. Amma deməzdim ki, oyunun taleyi məhz bu epizodla həll olundu. Məğlubiyyəti avtoqolla əlaqələndirmirəm.

- Çempionatın heç bir əhəmiyyət kəsb etməyən oyununda 90 dəqiqə sizə darıxdırıcı gəlmirdi?

- Yox. Əlbəttə, yaxşı oyun sərgiləyə bilmədik. Amma deməzdim ki, final fitini gözləyir, bundan ötrü darıxırdıq. Hamımız peşəkarıq, öz işimizi meydanda görürük. Oyuna sonadək konsentrasiya olmalıyıq.

- Fan-klubların bugünkü oyuna gəlməmələrini necə qarşıladınız?

- Həmişəki fan-klubların yerlərinin boş olduğu nəzərimdən qaçmadı. Azarkeşlərin azlığı mənfi haldır. Çünki futbol azarkeş üçündür.

- Bəlkə komandanızı sondan ikinci pillədə görməyi qəbul etmirlər?

- Ola bilsin ki, onlar haqlıdırlar. Bu barədə heç nə deyə bilmərəm. Çünki son nəticələrimiz doğrudan da ürəkaçan deyildi.

- Ümumiyyətlə, qışdan sonrakı nəticələrinizin analizini aparmısınız?

- Mövsümün ikinci yarısı başladıqdan sonra ilk 5 oyunu yaxşı keçirdik. Nəticələr də nisbətən yaxşı idi. Fikrimcə, həlledici məqam Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzmağımız oldu. Ondan sonra işlərimiz pis getməyə başladı.

- "Neftçi"də özünüzü necə hiss edirsiniz?

- "Neftçi"də hər şey xoşuma gəlir. Sadəcə, mənfi məqam az xal toplamağımızdır. Fikrimcə, bundan çox xal yığa bilərdik.

- Gələn mövsümdən nə gözləyirsiniz?

- Növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik. Legioner və yerli futbolçuların çoxu komandamıza yanvarda qoşulmuşdu. Elə oyunçular var idi ki, bir-birlərini ilk dəfə görürdülər. Heç tanış da olmamışdılar. Futbol elə deyil ki, cümə günü komandaya gəlir, şənbə günü isə oyuna çıxaraq, qollar vurursan və ya müdafiədə gözəl oyun sərgiləməyə başlayırsan. Futbolda vaxt lazımdır. Fikrimcə, mövsümün ikinci yarısında bu qədər xal qazana bildiksə, bir az da oyunumuzu yaxşılaşdırsaq, növbəti mövsüm yüksək yerlər uğrunda mübarizə apara bilərik.

- Növbəti mövsümə yeni baş məşqçinin rəhbərliyi altında başlamaq istərdiniz?

- Bu klubun rəhbəri deyiləm, baş məşqçini mən təyin etmirəm. Hazırkı baş məşqçi Elxan Abdullayevlə çalışmaq mənə rahatdır. Çexiya və Avropada belədir: Kimliyindən asılı olmayaraq, baş məşqçiyə hörmətlə yanaşmaq lazımdır.

- Gələn mövsüm 10 komandalı çempionat "Neftçi"nin işini çətinləşdirəcək, yoxsa...?

- 10 komandanın olması müsbət haldır. Çünki 8 klub çox azdır. Bu, oyun praktikamıza da təsir göstərir. Çempionatda qış fasiləsindən sonra cəmi 14 oyun keçirdik. Ona görə də deməzdim ki, komanda sayının artması işimizi çətinləşdirəcək.

- Avrokuboklarda Azərbaycan komandalarını dəstəkləyəcəksiniz?

- Çexiya klublarına qarşı oynamasalar, dəstəkləyəcəyəm.

Son xəbərlər

Orphus sistemi