Yuxarı

"Neftçi"nin keçmiş hücumçusu: “Tovuzdakı həmin oyunun fasiləsində paltardəyişmə otağında mübahisə edirdik” - MÜSAHİBƏ

Adrian Nyaqa: “Styaua” rəsmilərinə Ruslan Abuşov haqqında məlumat vermişdim

Buxarest. 24 dekabr. REPORT.AZ/ “Neftçi” klubunun sabiq rumıniyalı futbolçusu Adrian Nyaqanın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi:

- Adı Azərbaycan futbolseverlərinə tanış olan Adrian Nyaqa hazırda nə işlə məşğuldur?

- Əvvəla, onu deyim ki, Azərbaycanda 1,5 illik legioner həyatından sonra mən Rumıniyaya qayıdaraq “Unirya Urziçeni” klubunda futbolçu karyeramı davam etdirdim. Klub həmin vaxt ölkə çempionu idi və onlarla birlikdə Çempionlar Liqasında çıxış etdim. Daha sonra Ukraynada “Volin Lutsk” klubunda legioner həyatı yaşadım və orada dizimdən zədə aldım. Rumıniyaya qayıdaraq 8 ay zədəmin sağalmasını gözlədim. Piteşti şəhərinin “Petrolul”unda top qovan zaman isə oyunları yüksək səviyyədə davam etdirməyə motivasiyam qalmadığından, məşqçiliyə başladım. A kateqoriyalı lisenziyam var. Növbəti ilin martında isə Pro lisenziyası almaq üçün kursda iştirak edəcəyəm. Hazırda “Poli Timişoara” klubunun idman direktoruyam.

- “Poli Timişoara” ilk dövrədən sonra Rumıniya çempionatında turnir cədvəlində sonuncu sırada qərarlaşıb. Növbəti ilin fevralında start götürəcək II dövrədə autsayderlər qrupundan ayrılmaq üçün klubun qarşısına hansı məqsədləri qoyub?

- Bəli, bu, doğrudur. Lakin icazə verin, bir məsələni izah edim: Klubumuz ölkə çempionatına 14 cərimə xalı ilə başladı. İndi bizim 22 xalımız olmalı idi. Ötən il “Poli Timişoara” üzərinə düşən öhdəliyi yerinə yetirə bilmədiyindən, Rumıniya Futbol Federasiyası tərəfindən cərimələndi. Lakin biz İdman Arbitraj Məhkəməsinə müraciət edərək 8 xalımızı geri almaq istəyirik. 2017-ci il yanvarın 12-də məhkəməmiz olacaq. Məhkəmədə qalib gəlsək, bizim 16 xalımız olacaq. 2-ci dövrəyə yaxşı hazırlıq məqsədilə Yeni il bayramından sonra klubda bir sıra qərar qəbul olunacaq. Bəzi oyunçularımızı yola salacaq, yeni futbolçular alacağıq. Ümid edirəm ki, klubumuz əsas liqanı tərk etməyəcək. Çünki Timişoara möhtəşəm və gözəl şəhərdir, klubumuzun isə zəngin ənənəsi var.

- Lakin Liqa 1-dən fərqli olaraq klub Liqa Kubokunun finalına çıxmağın bir addımlığındadır. Digər yarımfinal cütlüyünü isə “Dinamo” və “Styaua” klubları təşkil edir. “Poli Timişoara” finala çıxsa, daha çox hansı klubla qarşılaşmaq istərdiniz?

- Dekabrın 21-də səfərdə “Tarqu Mureş” klubunu 4:2 hesabı ilə məğlub etdik və demək olar ki, cavab qarşılaşmasına müəyyən üstünlüklərlə çıxacağıq. Digər yarımfinal cütlüyünün qalibi isə Buxarest “Dinamo”su oldu. Dekabrın 22-də onlar “Styaua”nı darmadağın etdilər - 4:1. Son nəticəyə əsasən, “Dinamo”nun mərhələ şansları daha çoxdur. Qarşıda bizi hələ cavab oyunları gözləyir. Amma mən “Styaua”ya qarşı oynamağımızı istərdim.

- Nyaqa Azərbaycan futbolu ilə maraqlanırmı?

- Azərbaycan Premyer Liqasını izləyirəm. Bildiyim qədərilə çempionatınızın büdcəsi Rumıniyanınkı ilə müqayisədə daha böyükdür, futbola daha çox sərmayə qoymusunuz. Maliyyə potensialınız var, daha yaxşı nəticələriniz olacaq. İndi çox yaxşıdır ki, uşaq və gənclər futboluna investisiya qoyursunuz. Azərbaycanda oynamaq çox xoşuma gəlirdi. Bu müddət ərzində bir çox insanla dostluq etdim. Çox təəssüf ki, Rumıniya çempionatında azərbaycanlı futbolçu oynamır. Ruslan Abışov bura transfer ola bilmədi. Halbuki mən "Styaua" rəsmilərinə Abışov haqda məlumat vermişdim. Hətta o, Azərbaycan milli komandasında da oynayır. Mənim üçün o, Rumıniyada oynaya biləcək çox gözəl futbolçudur.

- Bu il Azərbaycan millisi dünya çempionatının seçmə tsiklində 4 oyuna 7 xal qazandı, son illər isə 2 klubumuz – "Qarabağ" və "Qəbələ" Avropa Liqasında qrup mərhələsinədək irəliləyir. Rumıniyadan baxdıqda Azərbaycan futbolunun inkişafda olduğunu söyləmək olarmı?

- Bəli, mən bunu görürəm. “Qarabağ” yaxşı komandadır. Hətta “Neftçi”də oynadığım vaxt da bu klub yaxşı oyun nümayiş etdirirdi. Azərbaycan millisinə gəlincə, çox şadam ki, seçmə mərhələdə çox gözəl oyun nümayiş etdirir. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycan və Rumıniya komandaları ya klub, ya da yığma səviyyəsində üz-üzə gələcəklər.

- Amma keçmiş klubunuz - Azərbaycan futbolunun flaqmanı “Neftçi” klubu zəif çıxışı ilə hazırda ölkə çempionatında turnir cədvəlinin son sıralarında qərarlaşıb...

- Sizə müsahibədən əvvəl də dedim ki, bu il “Neftçi” elə də yaxşı çıxış etmir. İnanıram ki, klub qısa müddətdə uğurlar əldə edəcək. Çünki bu komanda mənim ürəyimdədir. 1,5 il ərzində özümü Azərbaycanda çox yaxşı hiss edirdim. Amma "Neftçi"də oynadığım zaman bir neçə ay ərzində 3 baş məşqçi dəyişdik. “İnter” klubu çox xoşuma gəlirdi, bu klub “Neftçi”dən fərqli olaraq, çox mütəşəkkil idi. Xatırlayıram ki, onlar süni meydanda oynayırdılar. “Neftçi” isə yenə də çox yaxşı klubdur və bu komandanı mən lider olaraq görürəm. İnanıram ki, tez bir zamanda klub toparlanacaq və onları Avropada bir daha görəcəyik.

- "Neftçi"nin heyətində çıxış etmiş rumıniyalı legioner Katalin Tiranın qovulması ilə bağlı yəqin ki, xəbəriniz var. Ümumiyyətlə, futbolçunun meydana çıxan azarkeşi vurmasına münasibətiniz necədir?

- İcazə verin, bir məsələni deyim: Son illər futbolda bir çox hadisə baş verir. Əlbəttə, bütün bunların qarşısını almaqdan ötrü stadionda təhlükəsizliyi təmin edənlərin daha diqqətli olması lazımdır. Ola bilər ki, bu azarkeş onu yaralaya bilərdi, amma mən hesab edirəm ki, futbolçu azarkeşi vurmamalıdır. Bu, mənim fikrimdir, lakin heç vaxt bilmirsən ki, azarkeş meydana girəndə nə baş verəcək.

- "Neftçi", eləcə də Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?

- "Xəzər Lənkəran"la səfər oyunu zamanı 90-cı dəqiqədə qol buraxdıq. Amma həmin qol hesaba alınmadı. Oyundan sonra avtobusla Bakıya qayıdanda azarkeşlər bizi daşa basdılar. Bəxtim gətirdi ki, zədə almadım. Baxmayaraq ki, daşlardan biri avtobusun şüşəsini sındırdı və şüşə parçası az qaldı ki, gözümü zədələsin. Azarkeşlər hər yerdə azarkeşdirlər. Elə buna görə də futbol gözəldir.

- 5 dekabr 2009-cu ildə Tovuzda "Turan"la oyunda 2:0 hesabı ilə geridə olduğu halda “Neftçi” 3 qol vuraraq qalib gəldi. Həmin oyunda Siz dubl etdiniz. Amma hələ oyunun fasiləsində bu matçın danışılmış olduğu və "Neftçi"nin ikinci hissədə 3 qol vuraraq qələbə qazanacağı yazılmışdı. Yekunda belə də oldu. Maraqlıdır, həmin oyunu necə xatırlayırsınız və bu oyunun “danışılmış” olmasından xəbəriniz var idi?

- Xeyr mən buna inanmıram. Xatırlayıram ki, oyunun fasiləsində biz çox əsəbi idik. Yaxşı oyun göstərmədiyimizə görə paltardəyişmə otağında mübahisə edirdik. Amma oyunun danışılmış olması və ya satılması ilə bağlı heç nə bilmirəm.

- Rumıniya millisi Kristof Daumun rəhbərliyi altında adını dünya çempionatının final mərhələsinə yazdıra biləcəkmi?

- Ümid edirəm ki, Rusiyada keçiriləcək mundialda Rumıniya millisini görəcəyik. Baxmayaraq ki, milli komandamız seçmə mərhələyə yaxşı başlamayıb. Hazırda bizdə nəsildəyişmə mərhələsidir və yeni gənc futbolçular gəlir. Ona görə bir az çətindir, amma yığmamızın dünya çempionatına çıxacağına inanıram.

- 2018-ci ildə Rumıniya Futbol Federasiyasında (RFF) növbəti prezident seçkiləri keçiriləcək. "Qızıl nəslin nümayəndələri”ndən bu vəzifəyə namizəd olaraq kimləri görürsünüz?

- Sabiq futbolçulardan çoxu RFF prezidenti olmaq üçün namizədliyini irəli sürmək istəyirlər. Hesab edirəm ki, George Hacı seçkilərə qatılmayacaq. Hacının Rumıniyada çox gözəl bir layihəsi var. Həmçinin "Viitorul" klubunun sahibidir. Uşaq futboluna sərmayə qoyur və yaxşı gənc oyunçuları yetişdirir, nəticədə Rumıniya futbolu inkişaf edir. Digər namizədlərə gəlincə, yəqin ki, onlar gələn il müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi