"Neftçi"nin baş məşqçisi: "Onlar azarkeş yox, xuliqan dəstəsidir"

"Neftçi"nin baş məşqçisi: "Onlar azarkeş yox, xuliqan dəstəsidir" Elxan Abdullayev: "Futbolçularıma təşəkkür edirəm"
Futbol
5 Aprel , 2017 22:17
Neftçinin baş məşqçisi: Onlar azarkeş yox, xuliqan dəstəsidir
Foto: "Neftçipfk.com"

Bakı. 5 aprel. REPORT.AZ/ "Qarabağ”ı təbrik edirəm. Həm "Qarabağ”a, həm də "Qəbələ”yə finalda uğurlar arzulayıram. Bu gün yaxşı oynadıq. Ancaq kubok iki oyundan ibarətdir. İlk oyunda belə oynasaydıq, bəlkə, başqa cür olardı. Futbolçularıma təşəkkür edirəm. Bu gün əzmkarlıq nümayiş etdirdilər".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Qarabağ"la evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Yeni gələndə "Neftçi"nin sizin komanda olmadığını demişdiniz. Bəs indi necə?

- Komandaya gələndə avrokuboklara vəsiqə sözü verməmişdim. Sadəcə, çətin vəziyyətdən çıxaracağımı demişdim.

- Sizcə, çıxıb?

- Məncə, hə. Bəzi şəxslər, Tahir Süleymanov deyir ki, 15 futbolçu transfer etmişik. Ancaq 15 transfer deyil, gedənləri əvəz etmişik. Bizim ən böyük problemimiz bilirsiniz nədir? "Neftçi”nin 26 xalı var. Əsas rəqibərimizə uduzduğumuzdan, vəziyyətimiz belə alındı. Qarşıda 4 oyunumuz var. İlk dövrədə 26 xal yığsaydıq, indi daha yüksək pillədə idi. Düzdür, məsələyə belə yanaşmaq düzgün deyil. Lakin komanda birdən qurulmur. Komandada sabitlik çatışmır. Bu da, zamanla düzələcək.

- İcarəyə götürülən legionerlərin taleyi necə olacaq?

- Legioner cəlb etmək çətin deyil. Bəzləri ancaq komandanın pulunu sayır. Şıkovun aldığı maaşı bu saat 3-4 oyunçu alır. Flavinyo 800 min manat maaş alırdı. Mən də istərdim ki, onun kimi oyunçularım olsun. Bizdə maliyyə deyildiyi qədər yüksək deyil.

- Ancaq nəzərə alın ki, "Sumqayıt”, "Zirə” kimi komandalarda da maaş yüksək deyil. Bu baxımdan azarkeşləri “istefa” şüarlarını haqlı saymaq olar?

- Mən onları azarkeş saymıram.

- "Forza Neftçi”ni azarkeş saymırsınız?

- Yox. Mən onları fan-klub saymıram. Sumqayıtda komanda məğlub olanda "istefa” deyib qışqırırsansa, mən onları azarkeş saya bilmərəm. Xuliqan dəstəsidir. Gəlib doğma komandalarının oyunçularına qarşı etik olmayan ifadələr işlədirlər.

- Qorxmursunuz ki, bu fikirlərinizdən sonra sizə münasibət daha da pisləşər?

- 15-16 yaşlı uşağın nəyindən qorxum? "Sumqayıt”la oyunda məndən arxada dayanaraq, təhqiramiz ifadələr işlədirdilər.

- Kamran Ağayevin növbəti mövsümdən "Neftçi”də çıxış edəcəyi deyilir. O, hazırda sizin düşərgənizdədir?

- Kamran yaxşı qapıçıdır. Ancaq onun klubu ilə müqaviləsi var. Xeyr, bizimlə məşq etmir.

- Oyundan razı qaldığınızı dediniz. Ancaq nəzərə alın ki, bu, çempionat oyunu deyildi. Komandaya qələbə lazım olsa da, iki hücumçu ilə oynamadınız...

- Oyunun statistikasına baxın. Bilmirəm, siz oyuna hansı gözlə baxırsınız. Bu oyun məni tam razı saldı. Qol olsaydı, deyərdim əladır. Ancaq indiki məqamda deyirəm yaxşıdır. Bizdə ağıllı adam çoxdur. Demək asandır. Sizə qələm verib, desəm ki, heyəti qurun, neçə saat fkirləşəcəksiniz. Limitə görə heyəti qurmaq çətindir. "Qarabağ” da güclü rəqibdir.

- Keçən dəfə "Neftçi”ni sevməyənlərin olduğunu demişdiniz. Bu gün də azarkeşləri günahlandırırsınız. Sizcə, "Neftçi”nin xalqın sevgisini itirməsinə səbəb nədir?

- Azarkeşlərin çoxu 15-16 yaşlı uşaqlardır. Onları da öyrədən var. İstəməzdim ki, onları bu cür öyrətsinlər. 14 yaşlı uşaq nə bilir, istefa nədir. Kimlərin öyrətdiyini bilmirəm.

"Qəbələ”yə qalib gələndə həmin azarkeşlər məni tərifləyirdi. Ancaq məğlub olan kimi başlayırlar təhqir etməyə. Elə adam var ki, mən bura gələndən deyir ki, bu komandaya layiq deyiləm. Onları başa düşmək olar. Ancaq tez-tez fikir dəyişdirmək düzgün deyil.

- Qış fasiləsindən sonra ilk üçlükdən kənarda olan komandalardan maksimum xal alacağınızı, bu olmasa, məşqçilikdən gedəcəyinizi demişdiniz.

- Bilirsiniz, kim nə gəldi deyir. Mətbuatda yazılmışdı ki, guya mən "Qarabağ”ı 3:0 hesabı ilə məğlub edəcəyimizi demişəm. Ancaq mən belə söz deməmişəm. Mən demişəm ki, şansımız bitməyib, davam edir. Çox misal çəkə bilərsiniz.

- Bəs günahkar kimdir?

- Mən özümü günahkar saymıram. Mən komandaya gələndə, AZAL-ın bizi keçəcəyini düşünürdülər. Yerimə başqası bu nəticələri qazansaydı, özünə qızıldan heykəl qoyardı. Qarşıma avrokublara vəsiqə vəzifəsi qoyulsaydı, ümumiyyətlə, komandaya gəlməzdim.

Son xəbərlər

Orphus sistemi