"Neftçi"ni 1 milyon dollar ziyana salan Mpenza keçmiş məşqçisini məhkəməyə verib

"Neftçi"ni 1 milyon dollar ziyana salan Mpenza keçmiş məşqçisini məhkəməyə verib Şotlandiyalı mütəxəssis kitabında futbolçunun məşqi viaqra qəbul etdiyi üçün buraxdığını yazıb
Futbol
20 Sentyabr , 2016 11:25
Neftçini 1 milyon dollar ziyana salan Mpenza keçmiş məşqçisini məhkəməyə verib

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Neftçi" klubunun keçmiş futbolçusu Emil Mpenza vaxtilə rəhbərliyi altında çıxış etdiyi məşqçi Pol Sterroku məhkəməyə verəcək.

"Report"un məlumatına görə, buna 60 yaşlı mütəxəssisin öz bioqrafiyasında sabiq hücumçu barədə yazdıqları səbəb olub.

Sterrok bildirib ki, 2008-2009 mövsümündə İngiltərənin "Plimut Arqayl" klubunda baş məşqçi kimi çalışdığı vaxt belçikalı forvard müxtəlif bəhanələrlə məşqlərdən yayınmağa çalışıb. Bunlardan biri isə daha orijinal olub. "Emil mənə dedi ki, ötən gecə Viagra qəbul edib. Buna görə özünü hələ də yaxşı hiss etmir. Nəticədə o, məşqə qatılmadı. Bu həqiqət şəhərdə lətifəyə çevrilmişdi. Amma and olsun, həqiqətdir" deyə məşqçi kitabında vurğulayıb.

Öz növbəsində Mpenzanın vəkili Loran Denis şotlandiyalı mütəxəssisi qətiyyətlə təkzib edərək, keçmiş futbolçunun yazılanlardan şoka düşdüyünü bildirib: "Bu uydurma olayın KİV-də geniş işıqlandırılması Emil barədə pis reputasiya yaratmağa və onu təcrid etməyə yönəlib. Çünki viaqra həm də istifadəsi qadağan olunan dopinq sayılır".

Qeyd edək ki, Emil Mpenza "Plimut Arqayl"da 9 oyuna 2 qol vurub. Növbəti mövsümü o, İsveçrənin "Syon" klubundan keçirdikdən sonra "Neftçi"yə keçib. Azərbaycan klubunda 2010-cu ilin avqustundan forma geyməyə başlayan Mpenza 2012-ci ilin yanvarında "ağ-qaralar"ı tərk edib. Həmin vaxt "Neftçi" rəhbərliyi onun komandanın düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, müqaviləsinə birtərəfli qaydada xitam verib və FİFA qarşısında müvafiq iddia qaldırıb. Mpenza isə FİFA qarşısında əks iddia qaldıraraq “Neftçi”dən təzminat tələb edib. 3 illik araşdırmaların nəticəsi olaraq, 2015-ci il yanvarın 21-də FİFA futbolçunun xeyrinə qərar çıxarıb. Belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edib. Tərəflər arasında bu məbləğin 5 hissəyə bölünərək, ilin sonunadək müvafiq hesaba köçürməsinə dair razılıq əldə olunub. 

Son xəbərlər

Orphus sistemi