“Neftçi” klubunun veteran futbolçuları 80 illik yubileylə bağlı fikirlərini bölüşüblər

“Neftçi” klubunun veteran futbolçuları 80 illik yubileylə bağlı fikirlərini bölüşüblər Vitali Şevçenko: "Həyatımdakı bütün ilklər Azərbaycanla bağlıdır"
Futbol
29 Mart , 2017 19:39
“Neftçi” klubunun veteran futbolçuları 80 illik yubileylə bağlı fikirlərini bölüşüblər

Bakı. 29 mart. REPORT.AZ/ “Neftçi” klubunun veteran futbolçuları - Nikolay Boqdanov, İqor Ponomaryov və Vitali Şevçenko paytaxt təmsilçisinin 80 illiyi ilə bağlı fikirlərini bölüşüblər.

"Report"un məlumatına görə, martın 30-da Bakıda keçiriləcək yubiley tədbirinə dəvət olunmuş sabiq oyunçular klubun rəsmi saytına açıqlama veriblər.

Ukraynanın paytaxtı Kiyevdən tədbirə təşrif buyuran N.Boqdanov bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarını görmək istədiyini söyləyib. 1966-cı ilin bürünc mükafatçısı olan veteran dəvətə görə klub rəhbərliyinə minnətdarlığını çatdırıb: “Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bu mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu mənim üçün hər şeydir. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu bizim hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.

İ.Ponomaryov "Neftçi” onun üçün xüsusi komanda olduğunu, klubun 100 illik yubileyində də iştirak etmək istədiyini söyləyib.1988-ci il Seul Yay Olimpiya Oyunlarının qalibi olan və bir müddət Azərbaycan milli komandasına rəhbərlik edən 57 yaşlı mütəxəssis gənc yaşlarından bu komandada oynamağı arzuladığını ifadə edib: “Neftçi”nin 80 illik yubileyi ilə bağlı Bakıda olmaq çox xoşdur. Allah eləsin, sevimli klubumuzun 100 illiyini də birlikdə qeyd edək. Paytaxta gəlmək həmişə xoşdur, Bakı mənim doğma şəhərimdir. Belə təntənəli tədbirlər təşkil etdiklərinə görə klub rəhbərliyinə minnətdaram. “Neftçi” mənim yeniyetmə dövrümdür, gəncliyimdir. Hələ gənc yaşlarımda bu komandada oynamaq istəyirdim. Hətta ÇSKA-ya gedəndən sonra da “Neftçi”yə qayıdıb, burada çıxış etdim. “Neftçi” mənim üçün xüsusi komandadır, o, həmişə mənim qəlbimdə olacaq”.

V.Şevçenko isə həyatındakı bütün ilklərin Azərbaycanla bağlı olduğunu vurğulayıb. 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşmüş sabiq hücumçu "Neftçi"nin martın 30-da Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ı məğlub edəcəyinə inandığını deyib: “Azərbaycan mənim vətənimdir. Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol... Xoş hisslər keçirirəm. Hesab edirəm ki, “Neftçi” sabah mütləq qalib gəlməlidir. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”.

"Neftçi" klubu 80 illik yubileyi ilə bağlı silsilə tədbirlərini Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”la görüşdə də həyata keçirəcək. Martın 30-da baş tutacaq matçı “Neftçi”nin formasını geyinmiş ümumilkdə 200-dək veteran futbolçu da izləyəcək. Onlar arasında hazırda ölkədə yaşayanlarla yanaşı, xaricdən dəvət olunmuş 10-a yaxın veteran futbolçu da olacaq.

Veteran futbolçular və dəvətli qonaqlar matçdan əvvəl Bakı Əyləncə Mərkəzindəki "Eliza" zalında təşkil olunacaq ziyafətdə bir araya gələcəklər. Məclis saat 14:00-da başlayacaq.

Qeyd edək ki, saat 19:30-da başlanacaq “Neftçi” – “Qarabağ” matçından öncə reallaşacaq tədbirin bədii hissəsində azarkeşlər "Bakcell Arena"da maraqlı görüntülərə şahidlik edəcəklər. 

Son xəbərlər

Orphus sistemi