​"Neftçi" klubu "Xəzər Lənkəran"la oyunda yaranan bilet probleminə aydınlıq gətirib

​"Neftçi" klubu "Xəzər Lənkəran"la oyunda yaranan bilet probleminə aydınlıq gətirib Oyuna satılan 952 biletdən 1015 manat gəlir əldə olunub
Futbol
23 Sentyabr , 2015 16:34
​Neftçi klubu Xəzər Lənkəranla oyunda yaranan bilet probleminə aydınlıq gətirib

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Neftçt" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Xəzər Lənkəran"la oyunundan öncə bilet satışı ilə bağlı yaranmış problemə aydınlıq gətirib. Klubun Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mehman Rəsulov "Report"a açıqlamasında problemin qurğunun sıradan çıxması nəticəsində yarandığını bildirib.

Onun sözlərinə görə, bu cür hadisələr nadir hallarda baş verir və həmin problem qısa müddətdə həll olunub. Klub rəsmisi deyib ki, "Neftçi" bilet satışını yeni sistemlə həyata keçirir: "Belə problemin yaranması o demək deyil ki, hər oyunda baş verir. Bu, dünya və Avropa səviyyəli beynəlxalq yarışlarda sınaqdan keçirilmiş və uğurla işləyən bir sistemdir. Bu sistem iyulda Monteneqro "Mladost"u ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda tətbiq olunmağa başlayıb".

M.Rəsulov "Xəzər Lənkəran"la matçda 952 bilet satıldığını söyləyib: "Bundan da klubun büdcəsinə 1015 manat gəlir daxil olub. Amma daha önəmlisi odur ki, bileti yerində çap edib satmaqla biz həm biletlərə, həm də xammala qənaət etmiş oluruq. Bundan başqa, bileti təkcə kassada yox, gələcəkdə bir neçə nöqtədə satmaq imkanı əldə edirik".

"Neftçi" rəsmisi onu da qeyd edib ki, stadionun qapıları oyun başlamazdan iki saat əvvəl açılır və bu amil biletlərin üzərində qeyd olunub. Bu hal isə azarkeşlərin daha rahat bilet alıb arenaya daxil olması deməkdir. Bundan əlavə, klub azarkeşlər üçün daha asan yol seçib. M.Rəsulov məsələni belə izah edib: "Xəzər Lənkəran"la oyunda bilet problemi ilə bağlı yayılmış məlumatlar bizi təəssüfləndirir. Ona görə də azarkeşlərdən xahiş edirik ki, matça 5-10 dəqiqə qalmış yox, daha öncədən gəlsinlər. Bu, həm azarkeş, həm də klub üçün rahatdır. Amma "Neftçi" bundan daha rahat yolun tətbiqinə başlayıb. Üzvlük kartlarını əldə edən insanlara fərdi şəkildə müraciət olunur, SMS göndərilir, onlar klub tərəfindən məlumatlandırılır və arenada öz yerlərini tuturlar. Digər azarkeşlərin də stadiona daxil olması üçün heç bir problem yoxdur. Yalnız tövsiyə olunur ki, stadionun qarşısında sıxlıq yaratmamaq, rahat bilet almaq üçün daha tez gəlsinlər. "Neftçi" olaraq azarkeşlərimizin rahatlığı bizim üçün hər şeydən önəmlidir. İnşallah, gələcək layihələrimizlə onları sevindirəcəyik".

Qeyd edək ki, Premyer Liqanın son turunda "Xəzər Lənkəran"la keçirilən qarşılaşmadan öncə "Bakcell Arena"nın kassalarında bilet satışı ilə bağlı problem yaranıb. Nəticədə azarkeşlərin bir hissəsi oyuna gec baxmağa məcbur olub.

Son xəbərlər

Orphus sistemi