Yuxarı
    Bağlamaq

    "Neftçi" klubu 3 futbolçusunu cəzalandırıb

    Baş məşqçi Arif Əsədov yerli futbolçu problemi ilə üzləşib

    Bakı. 28 noyabr. REPORT.AZ/ "Neftçi" klubunun rəhbərliyi 3 futbolçusunu cəzalandırıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Arif Əsədov məlumat verib. 

    44 yaşlı mütəxəssis bildirib ki, Araz Abdullayev, Elvin Yunuszadə və Elnur Allahverdiyevə pul cəriməsi kəsilib.

    Onun sözlərinə görə, səbəb həmin oyunçuların nizam-intizam qaydalarını pozmaları olub: "A.Abdullayev və E.Yunuszadə məşqə gecikib. E.Allahverdiyev isə "Xəzər Lənkəran" komandası ilə noyabrın 24-də keçirdiyimiz matçda lüzumsuz yerə qırmızı vərəqə alıb. Onları klubun daxili nizam-intizam qaydalarına uyğun olaraq cərimələmişik. Amma transferə çıxarılmaları və ya əvəzedici heyətə göndərilmələrindən söhbət gedə bilməz".

    Baş məşqçi "Qəbələ" ilə noyabrın 29-da keçirəcəkləri XV tur matçında yerli futbolçu sarıdan problem yaşayacaqlarını vurğulayıb. O deyib ki, E.Allahverdiyevdən əlavə, Mirhüseyn Seyidov da sarı vərəqə limitini aşdığından meydana çıxa bilməyəcək. Üstəlik, həm ötən tur qırmızı vərəqə alması, həm də hazırda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda baxışda olması səbəbindən qapını serbiyalı Saşa Stamenkoviç qoruyacaq. Bu üzdən meydan oyunçularından 6-sı yerli olmalıdır. Lakin A.Əsədov bu problemi həll etmək üçün əvəzedici heyətdən oyunçu cəlb etməyəcəklərini bildirib: "Əsas komandamızın üzvləri arasında güvənə biləcəyim yerli oyunçular var". 

    Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" matçı saat 17:00-da başlanacaq. 

       

       

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi