Yuxarı

"Neftçi" ilə Emil Mpenza arasındakı razılaşmanın təfərrüatları məlum olub

Futbolçuya borc 5 hissəyə bölünüb

Bakı. 15 fevral. REPORT.AZ/ "Neftçi" rəhbərliyinin komandanın sabiq futbolçu Emil Mpenzaya borc ödənişinə dair əldə etdiyi razılığın təfərrüatları açıqlanıb. Bu barədə "Report"a klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edir. Bu məbləğ 5 hissəyə bölünüb və ilin sonunadək müvafiq hesaba köçürüləcək. Z.Qəhrəmanov bildirib ki, artıq razılaşmaya Mpernzanın vəkili də imza atıb: "Pulu vaxtında ödəsək, klubumuza heç bir sanksiya tətbiq olunmayacaq. Əvvəlki və ya indiki rəhbərlik söhbəti ola bilməz, borcu "Neftçi" klubu ödəyəcək".

Qeyd edək ki, Emil Mpenza 2010-cu ilin yayında İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunub. O, 2012-ci ilin yanvarında flaqmanın düşərgəsindən ayrılıb. Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib. 2012-ci il martın 13-də “Neftçi” FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb edib. 3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 2015-ci il yanvarın 21-də FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar iyulun 15-də “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlayib. CAS Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi