Yuxarı

Slavço Georgievski: "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir"

"Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir"

"Neftçi”nin veteran futbolçusu Slavço Georgievski 40 yaşının tamam olması münasibəti ilə klubun rəsmi saytına müsahibə verib. 

"Report" həmin müsahibəni təqdim edir...

- Slavço, 40 yaşınız mübarək!

- Təşəkkür edirəm! Çox şadam ki, xatırlayırsız, bu məni çox təsirləndirdi.

- Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alsaq, görünür yubileyinizi karantin şərtləri altında qeyd etməli olacaqsız.

- Haqlısınız, ad günümü evdə, karantin şərtləri altında keçirəcəyəm. Tədbirdə yalnız ailə üzvlərim iştirak edəcəklər. Amma qəlbimdə "Neftçi” və onun azarkeşləri ilə olacağam. Çünki onlar heç vaxt ad günümü yaddan çıxarmırlar. Bu mənim üçün çox şey deməkdir. Həmişə hamıya deyirəm ki, "Neftçi” ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir.

- "Neftçi”yə keçidinizi necə xatırlayıb, dəyərləndirirsiniz? Flaqmanın heyətində karyeranızın belə uğurlu alınacağını gözləyirdiniz?

- 2010-cu ildə Azərbaycan və Şimali Makedoniya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan (1:3) sonra "Neftçi” mənimlə maraqlandı. Menecer Azərbaycan və "Neftçi” haqqında çox yaxşı şeylər danışdı. Mən özüm də "Neftçi”nin böyük tarixə malik komanda olduğunu və keçmiş Yuqoslaviyadan orada bir çox futbolçunun çıxış etdiyini eşitmişdim. Mənə Bakının gözəlliyi haqda çox danışmışdılar, amma öz gözlərimlə görəndə heyrətdən ağzım açıq qaldı. Bakı necə də gözəl idi! Paytaxtınıza gələndən sonra klub rəhbərliyi ilə görüşüb, müqaviləyə qol çəkdim. Ən qısa zamanda anladım ki, "Neftçi”nin formasını geyinmək çətin və məsuliyyətlidir. Çünki Azərbaycanın ən məşhur klubu həmişə qələbəyə və çempionluğa oynamalıdır və futbolçu psixoloji olaraq buna hazır olmalıdır. "Neftçi”də bütün mümkün titullara sahib çıxmaq istəyirdim və buna hazır idim. Ardıcıl iki il çempionluq sevincini yaşamağı və şükür Allaha ki, azarkeşlərin sevimlisi olmağı bacardım. Axı azarkeşsiz futbol, havasız və ya susuz həyat kimidir.

- Maraqlıdır, "Neftçi”dəki karyeranızdan ən çox nəyi xatırlayırsınız?

- Yaxşı komandamız var idi. Qapıçıdan tutmuş hücumçuyadək bütün mövqelər yaxşı komplektləşmişdi. Hətta ehtiyat oyunçular skamyamız da güclü idi. Saşa Stamenkoviç, İqor Mitreski, Alessandro Viana Da Silva, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Flavinyo, Bahodir Nasimov, Emil Mpenza və başqaları. Hamısı səviyyəli futbolçular idi. Əbəs yerə demirlər ki, çempionluğu müdafiə, oyunu isə hücum xətti qazanır. Əlbəttə, ən yaxşı oyunçularımız isə azarkeşlərimiz idi. "Xəzər Lənkəran”la Lənkəranda və Bakıda bir neçə oyunu xatırlayıram, azarkeşlərimizdən bizə möhtəşəm dəstək var idi. Belə dəstəyi hər bir futbolçu arzulayır. Azarkeşlərimiz Tovuza və Gəncəyə də gəlirdilər, qarlı, yağışlı havada – həmişə yanımızda olurdular. Futbolda bəzən qalib gəlirsən, bəzən məğlub olursan. Amma əsas odur ki, həmin iki il ərzində qələbəmiz daha çox oldu. Rəqiblərimiz zəif deyildilər, amma bizim komanda daha güclü və səviyyəli idi. Yaxşı oyun üslubumuz vardı. Futbolçular, məşqçilər və rəhbərlik arasında münasibət yaxşı idi. Bütün qələbələrimizi azarkeşlərimizə həsr edirdik. Çempionluğu qazanmaq asan deyil, amma onu qorumaq daha da çətindir. Bunu hər komanda bacarmır. Şükür Allaha ki, mən bunu bacaran komandanın üzvü olmuşam. Təbii ki, neqativ hallar da olub. İkinci çempionluqdan sonra mən də daxil olmaqla, həyatını "Neftçi”yə qurban verməyə hazır olan futbolçulardan bir neçəsi ilə müqavilə uzadılmadı. Bu məsələ hələ də mənə əzab verir. "Neftçi”ni tərk edəndə dedim ki, Allah qoysa, bir gün baş məşqçi kimi bura qayıdıb, futbolçu kimi qazana bilmədiklərimi qazanacağam.

- Karyeranızı başa vurandan sonra nə işlə məşğul olmusunuz?

- Futbolçu karyeramı bitirəndən sonra vətənim Şimali Makedoniyaya qayıtmışam və demək olar, dərhal da məşqçilik kateqoriyasını oxumaq üçün müraciət etdim. B və A kateqoriyalarına sahib çıxmışam. Hazırda PRO kateqoriyası üçün təhsil alıram. Son 5 ildə Şimali Makedoniyanın "Rabotniçki” klubunun 13, 14, 15 və 16 yaşlı futbolçulardan ibarət komandalarında çalışmışam. Üç dəfə əsas komandada baş məşqçinin köməkçisi olmuşam. PRO kateqoriyası üçün təhsil almağa başlayandan sonra qaydalara zidd olduğu üçün bu vəzifədə çalışmaqdan imtina etdim. Hədəfim baş məşqçi olmaqdır.

- "Neftçi” dönəmindəki futbolçulardan kiminləsə əlaqə saxlaya bilirsiniz?

- Təəssüf ki, qrafikim çox sıxdır. Məşqçi işləyəndə bəzən gündə iki dəfə məşq olurdu. Üstəlik, 3 qızım var (gülür). Demək olar ki, bütün boş vaxtlarımı onlara həsr edirəm. Bununla belə, keçmiş komanda yoldaşlarımdan bəziləri ilə ünsiyyət qurmağa cəhd etdim. Onların arasında Rail Məlikov və Ruslan Əmircanov da var idi. Arif Əsədovla da əlaqə saxlamağa çalışıram. Çünki o mənim üçün yaxşı insan və yaxşı məşqçi olaraq qalır.

- Sıx qrafiki nəzərə alsaq, "Neftçi”nin oyunlarına baxmağa vaxt qalırmı? Əgər baxırsınızsa, hazırkı heyətdən kimi fərqləndirərdiniz? "Neftçi”nin çempion olacağına inanırsız?

- "Neftçi”nin oyunlarını maksimum izləməyə çalışıram. Legionerlərdən "İnter”də birlikdə oynadığım Stankoviçi fərqləndirərdim. Dabo ilə Monrozun da oyunu xoşuma gəlir. Yerlilərdən isə son vaxtlar Namik Ələskərov, Emin Mahmudov, Mirabdulla Abbasov və Ömər Buludov özlərini yaxşı göstərirlər. Rəhman Hacıyevi də qeyd edərdim. O, karyerasına mən oynayan vaxtlarda başlamışdı. Perspektiv vəd edən çox yaxşı komandadır. Əlbəttə, "Neftçi”nin çempion olacağına inanır və ümid edirəm. Çempionluq şansı 1 faiz olsa belə, buna həmişə inanıb, ümid edəcəm. Çünki "Neftçi” mənim ürəyimdir. Necə deyərlər, bir dəfə "Neftçi”li oldunsa, həmişə "Neftçi”li olacaqsan. Sonadək mübarizə aparmaq və inanmaq lazımdır. Təki bu onlarda alınsın və çempionluğu birlikdə bayram edək – siz orada Azərbaycanda, mən isə burada Şimali Makedoniyada.

Qeyd edək ki, Slavço Georgievski 2010 - 2012-ci illər ərzində "Neftçi”də çıxış edib və 2 dəfə (2011, 2012) Azərbaycan çempionatının qalibi olub. O, Şimali Makedoniya milli komandasının heyətində 20 oyun keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi