"Neftçi" Futbol Akademiyasının koordinatoru əcnəbi mütəxəssis olacaq

"Neftçi" Futbol Akademiyasının koordinatoru əcnəbi mütəxəssis olacaq Kamran Quliyev: "İsmət Qayıbov adına Təlim-Məşq bazası çox nümunəvi kompleks olacaq"
Futbol
22 İyun , 2018 16:37
Neftçi Futbol Akademiyasının koordinatoru əcnəbi mütəxəssis olacaq

Bakı. 22 iyun. REPORT.AZ/ "Neftçi"nin Futbol Akademiyasına əcnəbi koordinator təyin olunacaq.

Bu barədə "Report"a klubun prezidenti Kamran Quliyev bildirib.

K.Quliyevin sözlərinə görə, bu addım flaqmanın ambisiyasından xəbər verir və yeni səviyyəyə yüksəltmək məqsədilə atılıb: "Söhbət onun əcnəbi və ya yerli olmasından yox, "Neftçi"nin yeni layihə kimi böyüməsindən gedir. Akademiyada çalışanlar yerli və ya əcnəbi yox, təcrübələri ilə fərqləndiriləcəklər".

Klub prezidenti koordinatorun hansı ölkədən olacağını açıqlamayıb: "Həmin şəxs Roberto Bordinə görə italiyalı olmalıdır deyə bir şey yoxdur. İtaliyalı olmaya da bilər. Amma futbol ölkəsindən gəlməsi daha yaxşı olardı".

Klub prezidentinin sözlərinə görə, akademiyanın yerləşəcəyi İsmət Qayıbov adına Təlim-Məşq Bazasının 2019-cu ilin sonlarınadək istifadəyə verilməsi nəzərdə tutulub: "İnşaat işləri SOCAR-ın vəsaiti hesabına aparılır. Tikiləndən sonra baza "Neftçi"nin balansına veriləcək və onun saxlanılması klubumuzun üzərinə düşəcək. Artıq işlərin 80-90 faizi görülüb. 2020-ci il Avropa çempionatı Azərbaycanda keçirildiyinə görə bu iş sürətləndirilə bilər".

K.Quliyev bildirib ki, yeni bazanın tam istifadəyə verilməsi klub üçün bir hədiyyə olacaq: "Orada qapalı meydançanın yenilənməsi və bir süni örtüklü meydançanın quraşdırılması planlaşdırılır. İnanırıq ki, bunu yaxın aylarda həyata keçirəcəyik. Ümumiyyətlə, ora çox nümunəvi kompleks olacaq. Belə idman qurğularının sayı nə qədər çox olsa, futbolumuz da, həqiqətən, o qədər inkişaf edəcək. Təlim-Məşq Bazası o qədər də uzaqda deyil. Şəhərin mərkəzindən ora 15-17 dəqiqəlik məsafədir. "Neftçi"nin inzibati bina, stadion və məşq bazasının ayrı-ayrı yerlərdə olması iş prosesini də əngəlləyir, klubun büdcəsinə təsir göstərir. Elementar bir məsələni qeyd edim: Hər gün buradan təlim-məşq bazasına bir neçə avtobus yollanır. Hazırda akademiyamızın futbolçuları 3 fərqli məkanda məşq edirlər. Onların işinə necə nəzarət edək? Mən "Sumqayıt"da çalışanda hamısı göz önündə idi, bütün incəlikləri görə bilir, aralarındakı söhbətlərədək eşidirdim".   

Qeyd edək ki, təlim-məşq bazası Bakıxanov qəsəbəsində İsmət Qayıbov adına stadionun yerində inşa olunur. Yeni bazada əsas, əvəzedici, eləcə də uşaq və yeniyetmə komandalarının məşqləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi