Yuxarı

​"Neftçala"nın prezidenti: "Klubumuz fəaliyyətini dayandıra bilər"

Mayın 26-dək vaxt istəmişik

Bakı. 18 may. REPORT.AZ/ "Maliyyə məsələləri ilə klubun sponsoru məşğul olur. Bu dəqiqə üçün hər şey qaydasındadır". Bunu "Report"a açıqlamasında futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubunun prezidenti Famil Səfiyev deyib.

F.Səfiyev rəhbərlik etdiyi klubun yeni mövsümdən Premyer Liqada iştirak etməsi üçün lisenziya işlərinin tamamlanmaq üzrə olduğunu bildirib: "Lisenziya ilə bağlı heç bir problem olmayacaq. Sabah heç kim deyə bilməyəcək ki, "Neftçala" lisenziya tələblərinin hansınasa cavab vermir. Artıq işlərin 90 faizi həll olunub. Digər məsələlərin həlli üçün mayın 26-dək vaxt istəmişik. Müəyyən problemlər var ki, bu müddətə qədər həll edəcəyik. Maliyyə məsələləri də həllini tapacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, büdcənin artıb-artmayacağı klubdaxili məsələ olduğundan, bu haqda məlumat verə bilməyəcəyəm".

Klub prezidenti komandasının elitada iştirak etməyəcəyi təqdirdə, maraqlı hadisələrin baş verə biləcəyini söyləyib: "AFFA və PFL komandanın elitada çıxış etməsi üçün yardımlarını əsirgəmir. Üstəlik Premyer Liqada oynayan bir neçə komanda var ki, heç də onlardan əksik deyilik. Liqaya yüksələ bilməsək, maraqlı olaylar ola bilər. Klub fəaliyyətini dayandıra da bilər, divizionda oynamağa davam da edə bilərik. Klubun fəaliyyət göstərib-göstərməyəcəyi qarşıdakı aylarda bilinəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi