Ramin Musayev: "Neftçala" klubu Premyer Liqada iştirak üçün maliyyə sənədini təqdim etməyib"

Ramin Musayev: "Neftçala" klubu Premyer Liqada iştirak üçün maliyyə sənədini təqdim etməyib" "Həmin sənədi mayın 30-dək çatdıra bilməsələr, bizi günahlandırmasınlar"
Futbol
16 May , 2016 15:17
Ramin Musayev: Neftçala klubu Premyer Liqada iştirak üçün maliyyə sənədini təqdim etməyib

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubunun Premyer Liqada iştirakına maneə yaradan səbəb müəyyənləşib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Report"a açıqlamasında klubun maliyyə sənədini hələ də təqdim etmədiyini bildirib. 

Onun sözlərinə görə, əyalət təmsilçisi Premyer Liqada iştirak üçün borcunun olub-olmadığı barədə AFFA-nı rəsmən məlumatlandırmalıdır. R.Musayev problemi aradan qaldırmaq üçün "Neftçala"nın mayın 30-dək vaxtının olduğunu söyləyib: "Çatdıra bilməsələr, bizi günahlandırmasınlar. Bəziləri düşünür ki, əsas maneə Neftçala şəhər stadionunun durumu ilə bağlıdır. Xeyr, bu, əsla belə deyil. Lazım gəlsə, stadionları hazır olanadək başqa arenada oynaya bilərlər. Özlərinə də dedim, sizin vasitənizlə də müraciət edirəm: Ay "Neftçala" klubunun rəhbərləri sənədlərinizi çatdırın. Sənədlərinizi tam çatdırın ki, sabah nə AFFA, nə də PFL-i oyunçular qarşısında utandırmayasınız. Bu gün də AFFA-nın lisenziyalaşma qrupundan soruşdum. Cavab verdilər ki, "Neftçala" lazımi sənədləri verməyib. Versəydi, məndən müvafiq məktub alınardı".

PFL prezidenti bildirib ki, hazırda "Neftçala"nın probleminin həll olunacağını gözləyirlər. Onun sözlərinə görə, bu istiqamətdə müsbət nəticə əldə olunmasa, I Diviziondakı digər klublara elitada iştirak üçün müraciət ediləcək. Hansının sənədləri qaydasında olsa, maddi durumları imkan versə, o da Premyer Liqaya gələcək".

Qeyd edək ki, "Neftçala" ardıcıl ikinci mövsüm I Divizionun qalibi olsa da, Premyer Liqada iştirak üçün lisenziya qazana bilmir. 

Son xəbərlər

Orphus sistemi