Yuxarı

Nazim Süleymanova həsr olunmuş kitabın təqdimatı keçirilib

Çingiz Abdullayev: Elə bilirdim ki, Nazim Süleymanovun da 70 yaşı var

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanova həsr olunmuş “Bitməyən matç” adlı kitabın təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunub.

Tədbirdə AFFA və "Neftçi" rəsmiləri, Məşqçilər Komitəsinin üzvləri və futbol ictimaiyyətinin digər nümayəndələri qatılıblar. Kitabın müəllifi olan Varis müsahibələrinin birində onda "Hansı futbolçudan kitab yazarsan?" sualına düşünmədən Nazim Süleymanov cavabını verdiyini bildirib. Kitabın tərtibatçısı isə Əziz Rəhmanovdur.

"Neftçi"nin Müşahidə Şurasının sədri, xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, "Neftçi"ni Anatoli Banişevski, Kazbek Tuayev kimi futbolçuların çıxış etdiyi dövrdən tanımağa başlayıb: "Elə bilirdim ki, Nazim Süleymanovun da 70 yaşı var. Amma baxıram ki, məndən bir neçə yaş balacadır. Mən ümumiyyətlə, Azərbaycanı bölgələrə ayırmıram. Amma bir var burada tanınasan, bir də var xaricdə. Nazim Süleymanov Rusiyada oynayıb. Bu kitab rusca da yazılmalıdır, ora göndərməliyik ki, şimal qonşularımız da oxusunlar. Belə əsər yaratdıqları üçün kitabın müəlliflərinə təşəkkür edirəm. Eyni zamanda Süleymanova yeni işində uğurlar arzulayıram".

Daha sonra çıxış edən veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov N.Süleymanovla bağlı xatirələrini danışıb: "Həmişə Nazimlə birgə məşq edirdik. O, "Neftçi"də oynamağa layiq futbolçu olduğunu sübut etmişdi. Təkcə Azərbaycanda deyil, Rusiyada da gözəl karyera qurdu. Karyerasını başa vurduqdan sonra klublarımız, AFFA ona məşqçi kimi sözünü deməyə şərait yaratdı".

Digər veteran futbolçu Səməd Qurbanov N.Süleymanovda tərbiyə, bacarıq və məsuliyyət kimi vacib keyfiyyətlərin cəmləşdiyini bildirib. S.Qurbanov deyib ki, bunlardan biri olmasaydı, karyerası alınmazdı.

Qeyd edək ki, Nazim Süleymanovun 50 illik yubileyi münasibəti ilə işıq üzü görən kitabda futbol ictimaiyyətinin müxtəlif nümayəndələri, xaricdə yaşayan futbol adamları və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi