Yubileyini qeyd edən Nazim Süleymanov: "Həyatın görünməyən tərəflərini də görmüşəm"

Yubileyini qeyd edən Nazim Süleymanov: "Həyatın görünməyən tərəflərini də görmüşəm" "Ermənilərə dedim ki, daha siz gəlmisiniz, mənim gəlməyimə nə ehtiyac var?"
Futbol
17 Fevral , 2015 14:40
Yubileyini qeyd edən Nazim Süleymanov: Həyatın görünməyən tərəflərini də görmüşəm

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün 50 yaşı tamam olan Azərbaycanın əfsanəvi futbolçusu Nazim Süleymanovun "Report"a müsahibəsi.

- Bəlkə də çoxlarının yaddaşına ilk dəfə "Neftçi"nin heyətində Litva "Jalgiris"inin qapısına vurduğunuz 2 qolla həkk olunmusunuz...   

- O qolun maraqlı tarixçəsi var. Həmin vaxt Sumqayıta gedib-gəlirdim. Baxmayaraq ki, Bakıda evim vardı. Amma ailəmiz böyük olduğundan, öz evimi qardaşıma vermişdim. Oyundan iki gün əvvəl bazada qalırdıq. Mən də evdən bazaya gedəndə təzə buts götürdüm. Bakıya gələndə Sumqayıt avtobusunun sürücüsü məni görüb "ooo, "Neftçi"nin oyunçusu" dedi. Həmişə məni əlllə göstərirdilər, hörmət edirdilər. Avtobusda sürücünün yanında bir yerdə əyləşdim. Mənə dedi ki, qarşıda "Jalgiris"lə oyun var, nə düşünürsən? Mən də dedim ki, narahat olma, təzə butsi götürmüşəm.

- Və təzə butsla 2 qol...

- Bəli, onu ayağıma geyindim və 2 qol vurdum. 

- O vaxt butsları haradan alırdınız?

- Düzü, Moskvadan alırdıq. Bir də "Neftçi"nin bazasında Vanya adında usta vardı. O da "Adidas" kimi tikirdi. Sonra Vanya tikdiyinə görə, biz onun adını "Vadidas" qoyduq. Bir çox futbolçu onun tikdiyi butsları geyinirdi. O vaxtlar "Adidas" çox çətinliklə gəlib çıxırdı.

- Sizin kimi yerimək bir tərəfə, Sizin butslarınızı geyinən olub?

- Xeyr, elə bir şey olmayıb.

- Adətən 50 yaşı tamamlanan üçün "Əsri yarıladı" deyirlər. Amma Çingiz Aytmatov "Gün var əsrə bərabər" deyir. Sizin üçün əsri yarılamaq daha önəmlidir, yoxsa əsrə bərabər, unudulmayan bir gün?

- Əsri yarılamaq deyəndə, burada sevincli və kədərli günlər, anlar olur. Bunlar bir-birinə yaxındır və insan hər zaman buna hazır olmalıdır. Gözləmədiyin anda elə hadisələr baş verir ki, səni kədərləndirir.

- Ən unudulmaz gününüz hansı olub?

- Bir gün olub ki, o, mənim heç vaxt yadımdan çıxmayacaq. Sovet dövrü idi, "Neftçi"yə azarkeşlik edərdik, ona baxardıq. Ağ-qara televizorda oyunlarını izləyərdik. Bir gəncin, uşağın futbol arzusu nə ola bilərdi? Təbii ki, "Neftçi"də oynamaq. 1983-cü ildə məni Mingəçevir "Avtomobilçi"sindən elə bu ağ-qara komandaya - "Neftçi"yə dəvət etdilər.

- Amma "Neftçi" karyerası da acılı-şirinli xatirələrlə yadda qaldı. Bir də gördük ki, artıq Rusiya çempionatındasınız...

- "Neftçi"də mütəmadi oynayırdım. 1988-ci ildə biz SSRİ çempionatının I dəstəsinə düşdük. Halbuki, bu olmamalı idi. 1986-cı ildə çox gözəl komandamız vardı və yaxşı nəticə verə bilərdik. Tarixdə həmişə faktlar qalır. Həmin ildə biz bu faktı həyata keçirə bilərdik, amma əfsuslar olsun ki, alınmadı. 1990-cı il birinci dövrəni başa vurduqdan sonra komanda daxilində bəzi hadisələr baş verdi. O illərdə Vəli Qasımov 12, mən isə 6 top vurmuşdum. Onun vurduğu 4-5 qolun ötürməsini mən vermişəm. "Neftçi"də 8 il oynadım, amma bu müddətdə maşın almamışdım. Maşını sıra ilə verirdilər və mənim sıram gəlmişdi. Yəqin ki, maşın verilməməsinin səbəbi idi ki, "Komandaya lazım deyilsən, futbolçu deyilsən. Bizə futbolçu lazımdır" deyərək, məni komandadan xaric etdilər. 

- Kimlər idi onlar?

- İstəməzdim ki, adlarını çəkim. Bilirsiniz, həyat özü bir mübarizədir. Əgər SSRİ I liqasına Nazim Süleymanov lazım deyilsə, necə olur ki, yüksək liqa klubu onu istəyir? Bu, düz gəlmir axı. Bu, hansı məntiqə sığır? Mən I liqaya layiq deyiləmsə, gedib daha aşağı liqada oynamalıyam.

- Sizi I liqada görüb bəyənmişdilər, ya güclülər dəstəsində?

- Güclülər dəstəsində oynayanda da əlaqələr vardı. 1986-cı ildə biz Valeri Lobanovskinin rəhbərlik etdiyi Kiyev "Dinamo"sunu Bakıda məğlub etmişdik. Hər bir baş məşqçi rəqib futbolçuları təhlil edir və onları yadında saxlayır. Moskvaya getməmişdən öncə Lobanovski ilə də danışmışdım. Ona telefon zəngi açmışdım. Oleq Romantsevlə də danışmışdım. Mən özüm onlara zəng vurmuşdum və dedim ki, istəyirəm ki, mənə baxıb, yoxlayasınız.

- Yəni, "Neftçi"nin heyətində I dəstədə oynamağı özünüz üçün geriyə addım sayırdınız...

- Xeyr, I dəstədə "Neftçi"də oynamaq mənim üçün şərəf idi. Baxmayaraq ki, I dəstəyə düşmüşdük, mən komandada qalmaq istəyirdim və müqavilə də bağlamışdım. Mənə "Neftçi" lazım idi, amma mən onlara lazım olmadım. Burada maşın söhbəti vardı. O vaxtlar böyük məbləğdə pul almırdıq. Ya ev verirdilər, ya da maşın... Mənə ev verilmişdi. Subay olmağıma baxmayaraq, klub rəhbərliyi mənə ev vermişdi. O evi alanda baş məşqçi Aleksandr Sevidov idi. O mənə dedi ki, sənin ailəndə problemlər var, axşamlar rahat yat, istirahət et. Amma maşın gələndə belə hadisələr baş verdi. Elə yaxşı ki, baş verdi. 

- Deyəsən sizə elə əcnəbilər kömək edib. yerlilərdən dəstək verən olmayıb. Həm futbolçu, həm də məşqçilik karyeranızda...

- Mən belə deməzdim. Bizim işimiz ondan ibarətdir ki, millətimizə, xalqımıza uğur bəxş edək. Məni "Neftçi"dən çıxarmaqla, bəlkə də yaxşılıq etdilər. Buna görə də mən bu gün Rusiya futbolunda tanınıram. "Neftçi"dən xaric ediləndə mənə dedilər ki, get, Gəncədə oyna. O vaxtla Aydın İbrahimov klub prezidenti, Ruslan Abdullayev baş məşqçi, Çingiz İsmayılov komanda rəisi, Şamil Heydərov isə köməkçi-məşqçi idi. Gərək belə olmaya, amma bunlar komanda daxilində baş verən şeylərdir. Mən Moskva "Spartak"ında bir məşqə çıxdım. Sonra Oleq Romantsev mənə dedi ki, Nazim get evə, sənədlərini götür gəl, səni komandaya götürürəm. Amma nə baş verdi? "Neftçi"dən məni buraxmadılar. Dedilər, müqavilən var, hara gedirsən? Təsəvvür edin, bir tərəfdən komandada qalmağımı istəmirlər, xaric edirlər. Digər yandan badalaq vururlar ki, gedib oynamayım. Mənim oynamağım azərbaycanlılar üçün yaxşıdır. Mən azərbaycanlı olaraq böyük bir klubda oynayacağam. Bu, pisdir?

- Amma siz buna yaxşılıq deyirsiniz...

- Yaxşılıq deyəndə, dərindən fikirləşəndə demək olar ki, yaxşılıq etdilər mən getdim. Bunlar hamısı keçmişdə qaldı. Bilirsiniz, hər gün ayağa durub üzümüzü yuyanda güzgüyə baxırıq. Bunlar hamısı o vaxtlar olub. Xalqın gözü tərəzidir.

- Böyük bir ailədə böyümüsünüz. Ailədə futbolla məşğul olan başqa biri vardı?

- 1995-ci ildə çempion olanda mən qardaşımı itirdim. O, məndən də yaxşı futbol oynayırdı. Demək olar ki, uşaqlıq illərim onların yanında keçərdi. Məndən 10 yaş böyük idi. Onlar məhlə-məhləyə futbol oynayanda məni də çağırardılar və gedib oynayardım. Onların 23-25 yaşı olanda məndə 13-15 idi və onlarla oynayırdım. Ola bilər ki, qardaşım axıra qədər getmədi, futbola yazılmadı deyə futbolçu olmadı. Deyərdim ki, o, məndən daha yaxşı futbol oynayırdı.

- Demək olar ki, bu da bir təkan oldu futbola gəlməyinizə...

- Elə deməzdim. Futbola olan həvəsim 10-11 yaşlarımda yarandı. Bu yaşlardan top qovmağa başladım. Məktəb vaxtı idman dərslərində həvəsli olduğumu göstərirdim. Əvvəllər belə deyildi. İşdən, məktəbdən gələndə görəndə ki, kimsə həyətdə futbol oynayır, mütləq paltarımızı dəyişib onlara qoşulardıq. Yaxud da çağırardılar ki, düş aşağı, gedək, futbol oynayaq. Təəssüflər olsun ki, indi texnika dövrü olduğundan, uşaqlar bundan məhrum olub. Həm də həyət var ki, uşaqlar gedib futbol da oynaya? Biz 9 uşaq olmuşuq - 5 qardaş və 4 bacı. Qardaşların ən kiçiyi mən idim. Məndən kiçik bir bacım var və böyük bacılarımdan və qardaşlarımdan ikisi rəhmətə gedib. İndi 3 qardaş və 2 bacıyıq.

- Qardaşlarınızdan birinin vəfatından 5-10 gün sonra "Neftçi"dən istefa verdiniz...

- O, ən böyük qardaşım idi. "İstefa verdim" deyəndə, bu haqda danışmışdım. Sadəcə, bir daha bildirim ki, məşqçinin dedikləri yerinə yetirilmirsə, işləməyə dəyər? Biz çoxdan böyük addımlarla irəli gedə bilərdik və gedə də bilərik. Biz peşəkarlıqdan danışırıq, ilk növbədə onu etmək, iş görmək lazımdır. Birinci ön plana futbolu çəkmək lazımdır.

- Rusiyada olduğunuz vaxtlarda bu kimi hallarla rastlaşmısınız?

- Mən heç vaxt görməmişəm ki, rəhbər işçi gəlib məşqçinin işinə qarışsın.

- Qarışmaq deyəndə, sizə tapşırıq verirdilər ki, filan futbolçunun əvəzinə o birisi oynasın?

- Xeyr, mən elə şey görməmişəm. Oynadığım dövrlərdə belə halların şahidi olmamışam.

- Amma baş məşqçi olduğunuz dönəmdə buna cəhd olub...

- Belə fikirləşirəm ki, hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar, inkişaf daha sürətlə gedərdi. Nəyə görə mən sizin işinizə qarışmalıyam? Komanda bir ailə deməkdir. Ailədə olan söz-söhbətlər kənara çıxmamalıdır. O, ailənin bir nöqtəsi var və hamı eyni nöqtəyə vurmalıdır. Prezidentin bir, vitse-prezident və məşqçinin başqa nəzər nöqtəsi varsa, necə işləmək olar?

- "Alaniya"da çıxış etdiyiniz dönəmlərdə hətta Osetiyanın fəxri vətəndaşlığını almışdınız. Artıq 50 yaşı tamamladınız. Burada göstərilən münasibətlə oradakı adekvatdır?

- Mən Azərbaycanda anadan olmuşam. 17 yaşımda 10-cu sinifdə oxuyarkən Mingəçevirin "Avtomobilçi" komandasında oynamışam. Sonra "Neftçi"də 8 il çıxış etmişəm. Həyatın görünməyən tərəflərini də görmüşəm. Buna baxmayaraq mən ölkəmi, xalqımı atıb getməmişəm. Futbolçuyam, bunu da sübut etməli, oynamalıyam. Moskvanın "Spartak" klubuna keçəndə ilk məşqimdən sonra baş məşqçi ilə gözəl münasibətim vardı. Bunu onunla danışanda da hiss edirdim. O mənə deyəndə ki, sənədlərini gətir, mən Bakıya gəldim. Burada mənə problem yaradan insanlar onunla da danışmışdı. Moskvaya qayıdanda soyuq münasibət hiss edirdim. Niyə axı belə olmalıdır? Romantsevə demişdim ki, mən futbol oynamağa gəlmişəm. Sizdən nə istəyə bilərəm? Tək problemim yatmağa yer və qidalanmadır. Başqa nə problemim ola bilər? Mən nəyəsə qadir olduğumu sübut edərəmsə, o zaman nəsə verərsiniz. Amma Bakıdan sənədlərimi verməmişdilər.

- "Spartak"dan "Alaniya"ya getməyiniz geriyə addım deyildi?

- Xeyr, niyə ki? Mən 6 il o klubun şərəfini qorudum. 2 dəfə gümüş medal qazandıq və bir dəfə çempion olduq. Bu müddət ərzində Respublika rəhbərliyi mənə Şimali Osetiyanın şöhrət ordenini, vətəndaşlığını verdi. Orada Nazim Süleymanovun gözünə aşiq olmamışdılar. 

- Sizə Rusiya millisindən dəvət gəlmişdi?

- SSRİ dağıldıqdan sonra Rusiya Futbol İttifaqının rəhbərləri istəyirdi ki, onların millisində oynayım. Onda Azərbaycan millisi təzə formalaşmağa başlayırdı. Azərbaycan qala-qala necə Rusiya millisində oynaya bilərdim? Bu, qeyri-mümkün olan bir şeydi.

- Axı sizi "Neftçi"dən qovmuşdular. Niyə qayıtdınız?

- 1-2 nəfərlə nə olacaq? Məni "Neftçi"dən qovmuşdular, Azərbaycandan qovmamışdılar ki... Fəxrlə öz millimin təklifini qəbul etdim. Mən 1980-ci illərin axırında orada olanda Azərbaycan qəzetlərini alardım. Hərəsindən 10-15 dənə alıb otelə aparıb uşaqlara paylayırdım ki, Azərbaycan haqqında oxusunlar. Həmişə istəmişəm ki, oralarda məni görüb Azərbaycana qiymət versinlər. 

- O vaxtlar milli komanda "Neftçi"nin yetirmələrindən qurulmuşdu. Elə isə milli niyə gözlənilərdən aşağı nəticə göstərdi?

- Respublika müharibə şəraitində yaşadığından, biz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdik. Orda da bizə dəstək verən azarkeş çox az idi. Bu səbəbdən, hegemon millilərlə oynamaq çox çətin idi. 1996-cı ildə evdə ilk oyunu İsveçrəyə qarşı keçirəndə Tofiq Bəhramov adına Respublika stadionu dolmuşdu. Ulu öndər Heydər Əliyev də stadiona gəlmişdi. Bu, ilk rəsmi oyun idi. Həmin oyunda futbolçunun daxilində olan güc ortaya çıxırdı. Azarkeşlər arxanda olandan sonra nə etməlisən? Əgər biz əvvəlki mərhələləri Azərbaycanda keçirsəydik, indi reytinqdə də yüksəkdə idik və futbolçularımız da xaricdə oynayırdı.

- Amma İsveçrə üzərində qələbədən sonra uğurların davamı gəlmədi...

- Mənə elə gəlir ki, burada səbəblər var. Kollektiv oyunda hər şey başqa cür olur. Sonra başqa fikirlər yarandı. Biz futbolçuların amalı meydançada bir-birimizə dəstək olub rəqibi udmaqdır. Meydançadan çıxdıqdan sonra futbolçuda güc qalmamalıdır. Təəssüflər olsun ki, o vaxt da bunun əksi olurdu, indi də var.

- Maraqlıdır, həmin futbolçular millidə niyə oynamasınlar?

- Bəzi şeylər var ki, həmişə içimizdə olur. Futbolçunun əsas məqsədi millidə çıxış etməkdir və bunu hiss etmək lazımdır. Problemlər həmişə olur və bunlar daxildə qalmalıdır. Bu problemləri çözmək üçün çalışmaq, düzgün qərar vermək və düzgün icra etmək lazımdır.

- Oynadığınız vaxtlarda erməni futbolçularla çox üz-üzə gəlmisiniz...

- SSRİ çempionatında 1987-ci ilədək bir oyunu İrəvanda, birini isə Bakıda keçirirdik. Məlum hadisələr baş verdikdən sonra neytral meydanlarda qarşılaşırdıq. 1991-ci ildə "Alaniya"nın heyətində olarkən çempionatda "Ararat" da vardı. Elə oldu ki, ilk dövrədə rəhbərlik məni İrəvana aparmadı. Dedilər, ola bilsin bəzi problemlər yaransın, sən azərbaycanlısan. İkinci dövrədə biz evdə oynadıq və 2:0 udduq. İlk qolu mən penaltidən vurdum. İkinci qolun isə ötürməsini verdim. Oyundan sonra "Ararat"ın oyunçuları mənə yaxınlaşıb söz atmağa başladılar. Deyirdilər sən Yerevana gəlməmisən, amma burda qol da vurursan. Deyəsən, mən qol vuranda nəsə hərəkət göstərmişdim və xoşlarına gəlməmişdi (gülür). Dedilər gəlsəydin, İrəvanda sənə göstərədik. Mən də dedim ki, daha siz gəlmisiniz, mənim gəlməyimə nə ehtiyac var? Üstümə şığıdılar, komanda yoldaşlarım gəlib dedilər ki, burada azarkeşlər var, lazım deyil. Təsəvvür edin, 35 min tamaşaçının ayağa qalxmağı nə deməkdir... Onların qarşısını almaq olar? Sonra ara sakitləşdi və getdik. İstəmirdilər ki, mən onlara qol vurum.

- Milli hisslər xaricdə özünü daha çox biruzə verir, yoxsa ölkə daxilində? Misal üçün, adamlar var ki, xarici ölkəyə gedəndə qayıtmaq istəmir və hər şeyi unudur...

- Mənə elə gəlir ki, o hiss insanın içində olmalıdır. Ailədə, məktəbdə olan tərbiyə, savad insanı formalaşdırır. Futbolçu da bir insandır. Hamı milli hissin nə demək olduğunu bilməlidir. Bu gün Robert Prosineçki millimizin baş məşqçisidir. O, azərbaycanlı deyilsə, millini sevməyək, Prosineçkiyə kömək etməyək, ona dəstək olmayaq? Milli bizimdir axı, olsun Foqts, ya başqası. Bu, bizim Azərbaycanın millisidir, bizim qürurumuzdur.

- Heç olubmu ki, klubdan buraxmasınlar, amma milli komanda olduğuna görə çıxıb gəlmisiniz?

- Bəzi oyunlar olub ki, gəlmişəm. Bəzi hallarda nələrinsə baş verdiyinin şahidi olursan. Amma fikirləşirsən ki, yox, getmək lazımdır. Təlim-məşq toplanışları olur. Bu da komandanın birgə hazırlıq, fiziki durumunu artırır. Bizim futbolçular Rusiya Premyer Liqası, İspaniya La Liqası və yaxud digər ölkələrin çempionatında oynasaydılar, onlar buraxardılar? Xeyr. Çünki FİFA və UEFA-nın qaydaları var. 

- Telefonunuzda "Barselona"nın loqosu var. Bu təsadüfidir, yoxsa arzuladığını komanda olub?

- Son dövrlər "Barselona" böyük uğurlar qazanır. Öz praktiki futbol fəlsəfəsi var.

- Arzuladığınız komanda olub? Uşaqlıq kumiri...

-Əlbəttə. 2004-cü ildə Azərbaycana gələndə fikirlərim tam başqa idi. 2-3 il bir klubda işləyib, reytinq qazanıb xaricdə Azərbaycanı məşqçilik sahəsində təmsil edib, zirvələrə qaldırmaq istəyirdim.

- "Neftçi"də də qısa alındı...

- Məşqçini dəvət edirlərsə, onun düşüncəsini, ideyasını, futbol fəlsəfəsini həyata keçirmək üçün vaxt vermək lazımdır. Ağac bir günə bar vermir. Mütəmadi işləməlisən ki, bir neçə ildən sonra bəhərini görəsən. Amma bir gün səhv etdinsə, o ağac bar verməyəcək. Bəzi rəhbərlər hər şeyi bu günə istəyir. Yəni, bu gün belə olsun, sabaha sonra baxarıq. Bu, düzgün deyil. 

- Futbolçu olduğunuz dönəmdə rastlaşdığınız hansı mütəxəssisi Azərbaycanda görmək istərdiniz?

- Uzağa getməyim, elə Yuri Syomin gəlmişdi. "Qəbələ"də işlədi və həmin il komanda Avropa Liqasına çıxdı. "Neftçi"də olanda daha çox məşqçi dəyişiklikləri görmüşdüm. "Alaniya"da oynayanda 3 məşqçi dəyişmişdi. Qazzayev "Alaniya"da tarix yazdı, çempion oldu. Rəhbərlik baş məşqçiyə vaxt verməlidir. Deyərdim ki, indi bizim yerli mütəxəssilərimiz heç də geri qalmır.

- Azərbaycan futbolunda məşqçilərə daha çox ehtiyac var, yoxsa idarəçilərə?

- Mənə elə gəlir ki, mütəxəssislər yetərincədir. Sadəcə, funksionerlərə ehtiyac var. Tərəfdarı deyiləm ki, xarici gəlsin. Öz yerlilərimiz var. İstərdim bu fikrim başqa cür yozulmasın. Hər bir şəxs öz işində mükəmməl olarsa, bu, böyük bir qüvvəyə çevrilər. Hamı işini düzgün qurmalıdır. Klublarda hərə bir iş görür ki, təki prezidentin xoşuna gəlim. Sən öz işini layiqincə gör, hamı da bunu görəcək. Klub rəhbəri bizimlə müqavilə imzalayıbsa, deməli, onun qarşılığında öhdəçiliyimiz var. Məşqçi heyətinin hamısı məsuliyyət daşıdığı üçün çalışmalıdır. Başqa yollarla klub prezidenti üçün yaxşı olmaq lazım deyil, ancaq çalışmaq lazımdır.

- Bu, Azərbaycan futbolunun reallıqlarından biridir...

- Bunu siz də yaxşı bilirsiniz.

- Son illər Azərbaycanda belə bir ifadə daha çox işlənməyə başlayıb. "Torba tikmək" sizin vaxtınızda da vardı?

- Oynadığım dövrlərdə bəlkə də olub. Belə halları məşqçilik dövründə hiss etdim. Amma bunlar mənə aid deyil. "Torba tikmək nədən irəli gəlir? Tərbiyəsizlikdən, savadsızlıqdan! Bunu hamı bilir. Guya siz bilmirsiniz kim kimdir? Cəmiyyətdə normal, sağlam adam heç vaxt belə iş görməz. Çünki bu gün sən etsən, sabah sənə qarşı edəcəklər. Mən belə şeyləri başa düşə bilmirəm. Bu, anormallıqıdır. Yalan yeriyir, amma axır əvvəl yıxılacaq və üstü açılacaq. İndi texnologiya dövrüdür, yalanın ömrü heç 40 gün də çəkmir, daha tez ölür (gülür).

- Azərbaycan futboluna məşqçi kimi xeyir vermək istərdiniz, yoxsa idarəçi kimi?

- Mənim peşəm məşqçilikdir. Ona görə başqa sahədə yox, məhz məşqçi kimi daha çox xeyir verə bilərəm. Rusiyada olduğum vaxt mənə futboldan kənar təkliflər də gəldi. Bu gün mütəxəssisəmsə, baş məşqçi kimi daha çox uğur qazandıra bilərəm.

- Amma bəziləri deyir ki, baş məşqçi kimi futbolçuları özünüzə daha yaxın məsafəyə buraxırsınız...

- Bunu ilk dəfədir ki, sizdən eşidirəm. Mən baş məşqçiyəm və hər gün məşq edirik. Toplanışda, fərdi söhbətlərdə bir yerdə oluruq. Düzdür, pərdə var, amma lap yaxın olmaq məsələsi düz deyil.

- Siz "Neftçi"dən getdikdən komandanın sonra bəzi futbolçuları əleyhinizə danışırdılar...

- İnsanlar danışır, amma cəmiyyət də görür ki, bu, düzgün deyil. İnsanlar müxtəlifdir və mən belə adamlara başqa cür baxıram. İnsanın mənliyi, bir sifəti olar. Mən öz haqqımda fikirləşməliyəm. Çalışmalıyam ki, iş tapım.

- Siz iş tapmağa çalışmalısınız, yoxsa iş Sizi tapmalıdır? 

- Mən bu suala cavab verməyə çətinlik çəkirəm. 

- Millidə, Məşqçilər Komitəsində, klublarda Sizə ehtiyac duyulmur. Bunun səbəbi nədir? Klubda da qısa müddət işlədiniz...

- Qısa müddət "Neftçi"də olub. Təsəvvür edin, siz klub prezidentisiniz, məni dəvət edirsiniz və inanıb gəlirəm. Deyirsiniz ki, filan şeylər lazımdır. Bu, tək mənim yox, komandanın da xeyrinədir. Amma sonradan deyirsiniz ki, fikrimiz dəyişdi, məşqçilər dəyişilməyəcək, futbolçu almayacağıq. Bununla belə, hədəf dəyişmir, yenə çempion olmaq istəyirlər. Axı danışıq başqa cür olmuşdu?! Çempionluq üçün çalışmalıyıq. "Qarabağ" da həmin il çox güclü oynadı və Avropa Liqasının qrupuna düşməklə bunu sübut etdi. Bir nəfərin səhvinə görə, bütün Azərbaycan 1/16 finaldan kənarda qaldı. Elə bir kluba qarşı güclü heyət olmalıdır ki, mübarizə apara bilsin. Belə olmursa, necə çempion ola bilərsən? Məgər dediklərim həyata keçmədi? Biz bunu 4-5 ay əvvəldən deyirik ki, belə olacaq. Kimə inanmaq lazımdır? Başını aşağı salıb işləmək lazımdır?

- Sizə yaxınlaşan olubmu ki, formanızı istəsin?

- O qədər.. Rusiyada oynadığım dövrdə bunun şahidi oldum. Elə olurdu ki, azarkeş özündən hədiyyə gətirib verərdi, amma qarşılığında buts, corab və ya mayka istəyərdi, biz də verərdik. O vaxtlar Osetiyada yeni doğulan uşaqlara Nazim adı qoyanlar da olurdu.

- Müsahibənin əvvəlində butslarınızdan söhbət açdıq. Sonda bir sual vermək istərdik: Karyeraısnı bitirənlərə "butsların mıxdan asdı" deyirlər. Butslarınızdan saxladığınız var?

- Bu, söz gəlişi deyilən sözdür. Butslarımı mıxdan asmamışam, amma hazırda evdədir. 1995-ci ildə "Alaniya"nın heyətində Rusiya çempionu olarkən geyindiyim butsları yadigar saxlamışam.

Son xəbərlər

Orphus sistemi