Nataliya Məmmədova: "Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm"

Nataliya Məmmədova: "Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm" Bakı. 28 sentyabr. REPORT.AZ/ 2016-cı ildə İtaliyada keçirilən dünya çempionatına mən də milli komandanın tərkibində getmişdim. Sadəcə olaraq, o vaxt yalnız tribunadan oyunları azarkeşlərlə birgə izləyirdim. Amma bu gün 4 il sonra mən milli komandanın heyətində ölkəmizi dünya çempionatında təmsil edirəm.
Futbol
28 Sentyabr , 2018 20:46
Nataliya Məmmədova: Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm

Bakı. 28 sentyabr. REPORT.AZ/ "2016-cı ildə İtaliyada keçirilən dünya çempionatına mən də milli komandanın tərkibində getmişdim. Sadəcə olaraq, o vaxt yalnız tribunadan oyunları azarkeşlərlə birgə izləyirdim. Amma bu gün 4 il sonra mən milli komandanın heyətində ölkəmizi dünya çempionatında təmsil edirəm".

"Report" Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Yaponiyada keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib. 

23 yaşlı idmançı seçmə mərhələdə rəqiblərə böyük inamla qalib gələrək mundiala vəsiqə qazandıqlarını vurğulayıb: "Artıq sabah böyük yarış başlayır. Bu yarışa gedən yolda deyərdim ki, biz komanda olaraq xeyli təlim-məşq toplanışları keçirdik, yoldaşlıq görüşləri oynadıq və sabah sonuncu dünya çempionu olan ABŞ millisi ilə qarşılaşacağıq. İndi hamı düşünür ki, həyəcanlıyıqmı?! Qalıb gələcəyikmi?! Mənim fikrimcə, hər bir oyunçu meydana qələbə üçün çıxır. Biz də əlimizdən gəldiyi qədər yaxşı oynamağa çalışacağıq. Amma ən əsası bizə azarkeşlərin dəstəyi və inanması lazımdır".

Azərbaycan yığmasının digər üzvü Nataliya Məmmədova bu mundialın milli komandanın tarixində 4-cü, özünün isə 2-ci dünya çempionatı olacağını bildirib: "Düzü, Avropa çempionatından sonra karyeramı bitirmək haqqında düşünürdüm. Çünki mövsümdən sonra çox yorğun idim. Amma mən sonradan oynamaq və millimizə əlimdən gələn köməyi etmək qərarına gəldim. Bu gün millimizin heyətində elə oyuçular var ki, onlar ilk dəfədir belə böyük yarışda iştirak edirlər. Voleybol komanda oyunudur. Ona görə də biz birlikdə sona kimi mübarizə aparmalı və gənc oyunçulara kömək etməliyik".

N.Məmmədova Azərbaycan millisinin C qrupundakı rəqibləri barədə də danışıb: "Rəqiblərimiz haqqında deyə bilərəm ki, asiyalı voleybolçular müdafiədə hər zaman yaxşı oynayırlar. ABŞ sonuncu dünya çempionudur. Rusiya millisi isə yeni məşqçi və yeni oyunçularla iştirak edir. Trinidad və Tobaqo millisinin tam olaraq oyununu görməmişəm bu komandanın orta oyunçusu Sinead Jacki tanıyıram və onun oyununu Rusiya çempionatında görmüşəm. Düşünürəm ki, digər oyunçular da yaxşıdır. Hər birimiz psixoloji baxımdan hazır olsaq və həyəcanımız az olarsa, bizim üçün oynamaq daha rahat olacaq. Mənim fikrimcə, ikinci mərhələyə yüksəlmək şansımız var və bu bizim öz əlimizdədir".

Son xəbərlər

Orphus sistemi