Namiq Ələsgərov: "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaq üçün oynayırdıq"

Namiq Ələsgərov: "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaq üçün oynayırdıq" "Çempionatdan əlimizi üzməmişik"
Futbol
14 Mart , 2017 23:56
Namiq Ələsgərov: Qəbələyə böyükhesablı məğlubiyyəti unutdurmaq üçün oynayırdıq

Bakı. 14 mart. REPORT.AZ/ "Bu gün "Neftçi”nin adı üçün, "Qəbələ"yə böyükhesablı məğlubiyyəti unutdurmaqdan ötrü oynayırdıq. Görüşə çox yaxşı hazırlaşmışdıq, çətin olacağını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Yaxşı mübarizə aparıb, bəhrəsini gördük".

"Report" xəbər verir ki, bunu "Neftçi” komandasının futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ” üzərində 1:0 hesablı qələbədən sonra deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

"Neftçi” "Qəbələ”dən istəkli görünürdü. Burada ilk dövrədəki 0:8 hesablı məğlubiyyətin təsiri var idi? Yəni, bunun əvəzini çıxmaqla bağlı nəsə deyilmişdi?

- Bəli, belə bir şey vardı. Bu gün "Neftçi”nin adı üçün oynayırdıq ki, həmin məğlubiyyəti unutduraq.

Qələbə qolunu vurdunuz, düşünülmüş hücum idi...

- Elədir, qoldan öncə də bir neçə dəfə top həmin istiqamətə gəldi. Oyundan əvvəl tapşırılmışdı ki, oranı bağlayım. Epizodun birində vurdum, qol oldu.

Cari mövsümdə ölkə çempionatında motivasiyanız nə olacaq? Hər halda, 4-cü pillədən çox uzaqsınız...

- Çox uzaq deməzdim, 6 xallıq fərq var. Şansımız var. Həmçinin ölkə kubokunda da mübarizəni davam etdiririk.

Əsas diqqət kubokadır?

- Xeyr, çempionatdan əlimizi üzməmişik. Bu gün uduzsaydıq, demək olar şansımız qalmayacaqdı. Ona görə də bu matç bizim üçün həlledici görüşlərdən biri idi.

Bu nəticə sizin sabiq komandanız "Qarabağ”ın çempionluq şansını artırır?

- Mənə aid sual deyil. Əlbəttə, "Qarabağ” 1-ci pilləyə keçdi. Yəqin ki, "Qarabağ” bu şansı əldən qaçırmaz.

Qış fasiləsindən sonra "Neftçi”nin ən yaxşı oyunu olduğunu söyləmək olar?

- "İnter” və "Sumqayıt”a qarşı da yaxşı çıxış etmişdik. Bu da yaxşı oyunlarımızdan biridir.

Yaxşı çıxış etsəniz də stabillik çatışmır...

- Bu, heyətdəki əksər futbolçuların yeni olması ilə əlaqədardır. Qış fasiləsində demək olar komanda təzədən yığılıb. Ona görə stabillik yoxdur.

"Neftçi” növbəti tur "İnter”lə oynayır. Bu qələbənin ardı gələ bilər?

- Əlbəttə, 4-cü yer şansımızı qorumaq üçün qalib gəlməyə çalışacağıq.

Baş məşqçi Elxan Abdullayev "Neftçi”də yerli futbolçularla bağlı problemin olduğunu söyləyib. Bu fikirlə razısınız?

- Məncə, bu sözü başqa mənada deyib. O, zədəli futbolçuların çoxluğunu nəzərdə tutub.

Son xəbərlər

Orphus sistemi