"Borussiya" rəsmisi: "Mxitaryan özünü narahat hiss edir"

"Borussiya" rəsmisi: "Mxitaryan özünü narahat hiss edir" Yulian Vayql Bakıya ikinci dəfə gəlir
Futbol
21 Oktyabr , 2015 15:09
Borussiya rəsmisi: Mxitaryan özünü narahat hiss edir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Borussiya" (Dortmund) komandası bu gün Bakıya gələcək. "Report"un məlumatına görə, Dortmund təmsilçisini gətirən Türkiyə şirkətinə məxsus TK 3303 təyyarəsi saat 17:00-da Heydər Əliyev adına Hava Limanına enəcək.

"Borussiya"nın erməni əsilli futbolçusu Henrix Mxitaryan paytaxta gələnlər arasında yoxdur. Bu barədə klubun baş direktoru Hans-Yoaxim Vatske açıqlama verib: "Biz Mxitaryanla danışdıq. O, məlum vəziyyətlə əlaqədar özünü bir az narahat hiss edir. Bu səbəbdən ən yaxşısı onun Almaniyada qalmasıdır".

"Borussiya"nın futbolçularından Yulian Vayql Bakıya son 1,5 ay ərzində ikinci dəfə gəlir. O, sentyabrın 8-də Almaniya yığmasının heyətində 21 yaşadək futbolçular arasında AVRO-2017-nin seçmə qrup matçında Azərbaycan millisinə qarşı forma geyinib. 20 yaşlı yarımmüdafiəçi "Qəbələ" ilə oyun barədə bunları deyib: "Günə komanda ilə birgə başlamaq xoşdur. Biz səyahətə hazırıq. Ümid edirəm ki, oyun bizim üçün uğurlu keçəcək. Matça düzgün yanaşma ilə çıxmaq lazımdır. Əlbəttə, 3 xal qazanmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 22-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi