Yuxarı

Mustafa Aztopal: "Azərbaycanın futbolla bağlı öz reallığı var"

Qəbələnin yeni kommersiya direktoru: Son illərdəki inkişafdan sonra ciddi addım atacaq şəxslər tapacağıq

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Bugündən "Qəbələ" klubunda rəsmi fəaliyyətə başlayıram. Əslində tanışlığımız 1 il öncəyə dayanır. Toni Adams vasitəsilə tanış olduq. Dekabrda Bakıya səfər etdim və klub rəsmiləri ilə tanış oldum". "Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun yeni kommersiya direktoru Mustafa Aztopal deyib.

M.Aztopal klub prezidenti 2 həftə öncə klub prezidenti Tale Heydərovla da görüşdüyünü, "Qəbələ"nin Toni Adams və digər dostlarla başlatdığı layihəyə daxil olmağa qərar verdiyini bildirib: "Bundan çox xoşbəxtəm. Xüsusilə Azərbaycanda işləməyim başqa bir həyəcan verir. Klubla, mənimlə əlaqəli hər bir məlumatı əlaqə saxlayıb öyrənə bilərsiniz".

Daha sonra yeni kommersiya direktoru jurnalistlərin suallarını cavablandırıb...

- Siz Azərbaycanda elə iş qura biləcəksiniz ki, klub heç olmasa büdcənin 50-60 faizini doldursun?

- Azərbaycanın futbolla bağlı öz reallığı var. Böyük futbol ölkələrində klubların büdcəsi yayım və azarkeşlər vasitəsilə tənzimlənir. Söhbət gəlirli futbolu olan ölkələrdən gedir. Ancaq "Qəbələ" və Azərbaycan üçün futbolun son 1-2 ildəki inkişafından sonra ciddi addım atacaq şəxslər tapacağıq. Məqsədimiz ilk mərhələdə azarkeşlərlə bağlıdır. İlk növbədə vacib olanı azarkeşin bizə yaxınlaşmasıdır. Bu səbəbdən, əvvəlcə biz onlara yaxınlaşmalıyıq. Qismən də olsa, bunu düzəldəcək addımlar atmalıyıq.

- Klubun marketinq üzrə meneceri Səməd Nəsibovla eyni işi görəcəksiniz...

- Burada işbirliyi üçün varıq. Bunu da ən yüksək səviyyədə saxlayacağıq. Əsas olan klubun mənfəətidir.

- Türkiyədə klub işi daha ağırdır. "Qəbələ"nin əyalət təmsilçisi olması işinizi çətinləşdirmir?

- Mən İngiltərədə olanda bu suala oxşar mövzu ilə bağlı araşdırma aparmışdım. Soruşurlar ki, niyə bu komandaya azarkeşlik edirsən? Minlərlə cavab var. Ancaq bir nömrəli cavab odur ki, bu, məhəllə, bögə komandasıdır. Bu bağlılıq həm azarkeşin daha çox olmasına, həm də klubun güclənməsinə gətirib çıxarır.

- Qarşınızda duran ilk məsələ hansıdır?

- Əməkdaşlarla görüşdükdən sonra bir çox məsələ ortaya çıxdı. Ancaq birinci məsələnin nə olduğunu desəm, bu, ilk növbədə, azarkeş kütləsinin kluba sahib çıxması ilə bağlıdır. Bunun üçün də klub azarkeşlə birləşmək üçün ilk addımı atmalıdır.

- Əvvəl hakim işləmisiniz. Hər hansı bir oyundan sonra komandaya qarşı hakimliklə bağlı haqsızlıq olarsa, bunun şərh olunmasında kluba köməyiniz dəyəcək?

- Bu, mənim mövzumdan kənardır. Mən hakimliyi sevərək etmişəm, ancaq indi bu haqda danışa bilmərəm. "Qəbələ"nin dünənki oyununu izlədim və hakim çox gözəl oyun idarə etdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi