Yuxarı

​Mübariz Zeynalov: "Neftçi"də hər kəs istədiyini edə bilməz" - MÜSAHİBƏ

Böyükağa Hacıyev mövzusu gündəmimizdə yoxdur

Bakı. 13 may. REPORT.AZ/ "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun "Report"a müsahibəsi

- Hazırda "Neftçi" turnir cədvəlində "Qəbələ"dən 3 xal geri qalır. Sizcə, qalan turlar ərzində 3-cü pilləni qaytarmaq mümkün olacaqmı?

- Hələ ki, medal qazanmaq imkanımız var. "Qəbələ" və "İnter" komandalarının qarşılaşmasından çox şey asılıdır. Qarşıda Qarabağ"ın da oyunu var. Ola bilər ki, "İnter" birinci pilləyə də çıxsın. Bütün bunlara qarşıdakı oyunlarda aydınlıq gələcək. Komandada hər şey qaydasındadır. Narahatlıq üçün heç bir əsas yoxdur.

- "İnter"ə 0:4 hesablı məğlubiyyətdən sonra Rauf Əliyev, Mirhüseyn Seyidov və Elvin Yunuszadə əvəzedici heyətə göndərilməklə transferə çıxarılıb. Nəyə görə bu üç futbolçuya qarşı belə addım atılıb? Halbuki Seyidov oyuna daxil olanda artıq "Neftçi" 0:3 hesabı ilə geridə idi...

- Mirhüseyn meydana 79-cu dəqiqədə daxil oldu. Rəqib futbolçuya arxadan necə təpik vurduğunu siz də gördünüz.

- Yəni, Mirhüseyn Seyidov intizamsızlığının qurbanı olub?

- Futbolçuya layiq olmayan hərəkət etdi. Ona görə də qırmızı vərəqə alaraq meydançadan qovuldu. Biz də onu əvəzedici heyətə göndərdik ki, hələlik oynasın. Ancaq öz səhvini düzəltsin. Qərarımızda Mirhüseynin zəif çıxışı da rol oynadı. 10 dəqiqə, 20 dəqiqə belə meydanda olursansa, gərək futbol oynayasan. Amma o, çıxdı meydana, heç bir faydası da olmadı, üstəlik də "qırmızı" aldı. Bu amillərin hamısı qərarın qəbul olunmasında rol oynadı.

- "Qarabağ" hazırda Azərbaycanın ən formada olan komandalarından biri, bəlkə də birincisidir. "Neftçi" isə öz oyununu nümayiş etdirə bilmir, zəif çıxış edir. İndiki halda "Qarabağ"ı yenmək mümkün olacaq?

- "Neftçi" "Qarabağ"la, "İnter"lə keçirilmiş kubok oyunlarında yaxşı çıxış edib. İndi də finaldayıq. "Qarabağ"la da Premyer Liqadakı son oyunumuzda 2:3 hesabı ilə uduzduq. İndi isə kubokun finalına hazırlaşırıq. Biz kuboku almaq istəyirik.

- Müşahidə Şurasının son iclasında transfer siyasəti və seleksiya işləri barədə də müzakirələr aparılıb. Məsələ ilə bağlı hansı qərarlar qəbul olunub?

- Futbolçuları komandaya cəlb edəcəyik və bizə lazım olanları seçəcəyik. Doğurdan da lazımlı olsalar, götürəcəyik. Müəyyən futbolçular var ki, onları dəvət edəcəyik. Artıq həmin oyunçularla danışıqlar gedir. Qarşıda Avropa Liqası var və ona hazırlaşmalıyıq. Qərara gəlmişik ki, müdafiə, yarımmüdafiə və hücuma lazım olan futbolçuları dəvət edib, yoxlayaq. Biz "Neftçi"yə yığışmışıq ki, keçmiş uğurları qaytaraq.

- Mövsüm bitdikdən sonra komandadan göndərilən legionerlər olacaq?

- Avstriya toplanışı zamanı 3 yoxlama oyunu keçirəcəyik. Bu müddət ərzində heyəti yavaş-yavaş düzəldəcəyik. Hələ vaxta var. 

- Yoxlama görüşündəki rəqiblər məlumdur?

- Hələ ki, məlum deyil. Yəqin ki, bir həftəyə aydın olar.

- Futbolda qələbə olduğu kimi məğlubiyyət də var. Kubokun finalında qalib gəlmək mümkün olmasa, Arif Əsədovun istefasından söhbət gedə bilər?

- Bu barədə bir fikrimiz yoxdur. Arif müəllim işləyir. Kubok oyunundan sonra bilinəcək.

- Müşahidə Şurasının son iclasında Bəhram Bağırzadə və Sadıq Sadıqov iştirak etməyib. Səbəbi məlumdur?

- Bəhram Bağırzadə xarici ölkəyə müalicə üçün gedib. Sadıq müəllim isə boğazından əməliyyat olunub.

- Bir müddətdir ki, Böyükağa Hacıyev mətbuata açıqlamalarında "Neftçi"nin ünvanına sərt fikirlər səsləndirir...

- Böyükağa Hacıyev "Neftçi"də işləyib, 2 dəfə gəlib və gedib. Ona nə deyə bilərəm ki? Hacıyev barədə heç bir söhbət olmayıb. Bizim Arif müəllimi yola salmaq fikrimiz yoxdur. Hələ 2 illik müqaviləsi var. Klubda hər kəs öz istədiyini edə bilməz. Pis oynayanları komandada kim saxlayar? Əgər Rauf Əliyev yığmanın oyunçusu ola-ola bu cür oyun göstərirsə, nə etmək olar? "İnter"lə oyunda 2 penalti zərbəsindən heç biri yerinə yetirilmədi. Penaltini vurmamaq olar, amma belə yox! Rauf da vura bilmədi, Ernest Nfor da. Belə əlverişli imkanlardan istifadə etməyəndə hesab 0:4 də olar, 0:5 də, hətta 0:6 da...

- Ümumiyyətlə Böyükağa Hacıyevin kənardan futbolçulara təsiri ola bilər?

- Belə şeyə inanmıram. O da azərbaycanlıdır, klub da Azərbaycanındır. Kim istəyər ki, öz komandası pis oyun göstərsin? 

- Böyükağa Hacıyevin "Neftçi"nin ünvanına səsləndirdiyi "evin bir kişisi olar" fikrinə münasibətiniz bilmək olar?

- Mən elə şeyləri bilmirəm. Nə deyim? Hacıyevi hamımız tanıyırıq, yaxşı insandır. Onun söhbəti bizim aramızda muzakirə olunmadığından, heç nə deyə bilmərəm.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi