​Muarem Muarem: "Qol imkanlarımızı dəyərləndirməli idik"

​Muarem Muarem: "Qol imkanlarımızı dəyərləndirməli idik" "Bu matçı necə unudacağımızı bilmirəm"
Futbol
3 Avqust , 2016 03:16
​Muarem Muarem: Qol imkanlarımızı dəyərləndirməli idik

Bakı. 3 avqust. REPORT.AZ/ "Qol buraxıb mübarizəni dayandırdıqda yadıma İtaliya "İnter"i ilə elə bu stadiondakı oyun düşdü. Ancaq bu, bir az fərqli idi. Çünki qalib gəlsəydik, "Qarabağ" ilk Azərbaycan klubu kimi Çempionlar Liqasının "play-off"una çıxacaqdı və ən azı Avroliqanın qrupuna vəsiqəni təmin edəcəkdi".

"Report" xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda "Viktoriya" (Çexiya) ilə keçirilən cavab qarşılaşmasında vurulan "Qarabağ"ın yeganə qolunun müəllifi Muarem Muarem bildirib.

O, matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Görüş barədə təəssüratların necədir?

- Yaxşı oynadığımızı hesab edirəm. Rəqib son dəqiqələrdə əlinə düşən bir qol imkanını dəyərləndirdi, biz çoxlu qol inkanlarını qaçırdıq.

- Bu anda düşündünmü ki, futbolun yazılmayan qanunu, "vurmayana vurarlar" işə düşəcək?

- Mən qol buraxacağımızı yox, ikinci qolu vuracağımızı düşündüm. Bu futbolun qanunudur və hər yerdə görürük ki, sən vurmasan sənə qol vurarlar. Rəqib də bunu etdi. Buna qol imkanı da demək olmaz. Sadəcə, asma oldu və mərkəzdən başla qol vurdular. Qismət belə imiş.

- Uğursuzluğa əsas səbəb nə oldu: bəxtsizlik, təcrübəsizlik, yoxsa...

- Sadəcə, qol imkanlarımızı dəyərləndirməli idik. Bunu etməyəndə özün qol buraxa bilərsən. Çox üzüldük. Bu matçı necə unudacağımızı bilmirəm.

- Komandanız Avroliqanın da qrupuna düşə bilməsə, bunu faciə saymaq olar?

- Təbii ki, qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bundan da yaxşı oynamağa çalışacağıq. Biz meydanda bütün gücümüzü qoyacağıq. Sonda Allah deyən olacaq.

- Qurban Qurbanov paltardəyişmə otağında nə dedi?

- Bizi təbrik etdi, hər birimizin xarakterinin olduğunu söylədi.

- Zamanı geri çevirə bilsəydiniz, mərhələ keçmək üçün nə edərdiniz?

- Həminki kimi oynayardıq və hər birimiz qol vurmaq istəyərdik. Sadəcə, qol imkanlarımızı dəyərləndirmək lazım idi. Rəqibi də təbrik etmək lazımdır. Ümidvaram ki, istədiklərinə çatacaqlar.

Son xəbərlər

Orphus sistemi