​Mövlan Paşayev: "Tərəfdaşlığımız "Neftçi"nin Avropada da tam fərqli müstəviyə yüksəlməsinə kömək edəcək" - MÜSAHİBƏ

​Mövlan Paşayev: "Tərəfdaşlığımız "Neftçi"nin Avropada da tam fərqli müstəviyə yüksəlməsinə kömək edəcək" - MÜSAHİBƏ PwC rəsmisi: "Həmin rəqəmlərin ictimaiyyətə açıqlanması da klub tərəfdən ola bilər"
Futbol
21 Yanvar , 2016 09:49
​Mövlan Paşayev: Tərəfdaşlığımız Neftçinin Avropada da tam fərqli müstəviyə yüksəlməsinə kömək edəcək - MÜSAHİBƏ

Bakı. 19 yanvar. REPORT.AZ/ PricewaterhouseCoopers (PwC) Azərbaycan şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayevin "Report"a müsahibəsi

- "Neftçi" klubu ilə əməkdaşlıq necə baş tutdu?

- Artıq neçə ildir ki, biz UEFA-nın rəsmi tərəfdaşıyıq. PwC dünya futbol klublarında maliyyə və transfer fəaliyyətlərinin UEFA-nın müfaviq tələblərinə uyğun aparılmasına dair yoxlamalar təşkil edir. 1 il əvvəl Azərbaycanda da müvafiq audit yoxlamasını apardıq. Yoxlama top klublarda aparılmışdı. "Neftçi" də həmin klublar sırasında idi. Audit zamanı klubun icraçı direktoru Elnur Məmmədovla və digər rəhbər şəxslərlə bir sıra müzakirələr aparılırdı. Bir müddətdən sonra qərar verildi ki, yalnız UEFA üçün yox, klubun özü üçün də bu cür yoxlamalar çox vacibdir.

- Ümumiyyətlə, bu işlə məşğul olan iki tanınmış şirkətdən biri PwC-dir. Nəyə görə, klub məhz sizi seçdi? Yəni, hansı üstünlüklər təklif olundu?

- Mən yalnız bizim nə edəcəyimizi deyə bilərəm. Bizim “Neftçi” ilə tərəfdaşlığımız uzunmüddətli olacaq. Bu işdə ilkin addım auditin aparılması, yəni, beynəlxalq standartlara uyğun olaraq maliyyə hesabatlarının yoxlanmasıdır. Bu da kluba kömək edəcək ki, tək Azərbaycanda deyil, Avropada da tamamilə başqa bir müstəviyə yüksəlsin. Audit klub fəaliyyətininin gəlirlərini və səmərəliliyini artıracaq. Bundan başqa, maliyyə hesabatları da UEFA tələblərinə tam uyğun olacaq. Klubun Azərbaycanda böyük məqsədləri var və biz onlara bu məqsədlərə nail olmaqda kömək edəcəyik.

- Klubda auditin aparılmasına nə vaxtdan start veriləcək?

- Auditi başlamazdan əvvəl hazırlıq prosesi gedir. Komandamız klubun maliyyə departamenti və idarəetmə heyəti ilə görüşür. İşin çətin yönləri araşdırılır. Bu mərhələ bitdikdən sonra audit yoxlamaları başlayacaq.

- Hesabat necə veriləcək: bir il və ya bir neçə aydan sonra açıqlanacaq?

- Ümumiyyətlə hesabat illik olur. 2015-ci ilin maliyyə hesabatları yoxlanılacaq. Ümid edirik ki, ən geci 6 ay ərzində hesabatlara dair auditor rəyinin verilməsi mümkün olacaq.

- İllik dedikdə, yəni bir futbol mövsümü olacaq?

- Azərbaycanda ümumiyyətlə maliyyə ili - təqvim ilidir. O da yanvardan dekabradək hesablanır. Bu il üçün təqvim ili olacağı gözlənilir. Gələn ildən isə bəlkə klubla bu məsələni müzakirə edib futbol mövsümü üçün hesablamaq olar. Proses hazırda başlanğıc mərhələsindədir, ona gorə də bu barədə nə isə demək çətindir.

- Yekun hesabatı ictimaiyyətə kim açıqlayacaq: Audit aparan şirkət, yoxsa "Neftçi"?

- Bizim məsuliyyətimiz kluba qarşıdır. Yəni, biz yekun rəyi kluba təqdim edəcəyik. Ondan sonra klub audit olunmuş hesabatı və müvafiq rəyi öz sponsor və digər tərəfdaşları ilə paylaşa bilər. Həmçinin, həmin rəqəmlərin ictimaiyyətə açıqlanması da klub tərəfindən həyata keçirilə bilər.

- Xarici klublar səhmlərinin dəyərini artırmaq, eləcə də sponsorların diqqətini cəlb etmək məqsədilə transfer etdikləri futbolçuların birjaya təqdim etdikləri qiymətlərini də açıqlayırlar. Əməkdaşlıq çərçivəsində belə bir addım atılacaqmı?

- İşə hələ tam başlamadığımızdan, bu mərhələdə nə isə demək çətindir. İstənilən halda, belə bir addımın atılması audit rəyinin verilməsi, klubun dünya bazarına çıxması, sponsor cəlb etməsi və sair digər fəaliyyətlər üçün çox əlverişli olacaq.

- FİFA-nın qərarına əsasən "Neftçi" klubun sabiq futbolçusu Emil Mpenzaya 800 min dollar ödəyəcək. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Bu barədə məlumatım yoxdur.

Son xəbərlər

Orphus sistemi