Roman Qriqorçuk: "Möcüzə yaratmağa çalışacağıq"

Roman Qriqorçuk: "Möcüzə yaratmağa çalışacağıq" "Əlbəttə, əllərimizi yuxarı qaldırmırıq"
Futbol
2 Noyabr , 2016 19:09
Roman Qriqorçuk: Möcüzə yaratmağa çalışacağıq

Bakı. 2 noyabr. REPORT.AZ/ "Baqali Dabo oyuna tam hazır olmayacaq. Elvin Camalov, Rəşad Sadiqov, Nika Kvekveskiri isə məşq edir. Amma "Sent Etyen"ə qarşı tam hazırlıqlı futbolçular çıxmalıdırlar. Bunu isə sabah dəqiqləşdirəcəyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə mətbuat konfransında deyib.

O daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Bu oyunu ölüm-dirim matçı adlandırmaq olarmı?

- Bu qrupdan çıxmaq istərdik. Amma hər şeyə real yanaşmaq lazımdır. Bu, nəinki möcüzədir. Hətta bilmirəm necə etməliyik ki, "Anderlext", "Sent Etyen" kimi komandaların olduğu qrupdan mərhələ adlayaq. Biz fərqli çempionatların komandalarıyıq. Ötən mövsüm PAOK-la hər iki oyunda heç-heçə etmiş, "Krasnodar"la səfərdə bərabər oyun sərgiləmişdik. Bu il isə anlayırıq ki, bizdən üstün komandalarla oynayırıq. Biz hər şeyi tam aydın başa düşməliyik. Əlbəttə, əllərimizi yuxarı qaldırmırıq. Biz möcüzə yaratmağa çalışacağıq.

- Çempionatdakı uğurunuza Avropa Liqasındakı uğursuzluq necə təsir edir?

- Biz ötən oyunlardakı nəticələri uğursuzluq adlandırmırıq. Çünki nə isə öyrənmişik. Bu, təcrübə toplamaq, mükəmməlləşmək yolunda addımlar deməkdir. Futbolçularım layiqincə mübarizə aparır. Xallar qazansaq, fenomenal nəticə olacaq. Siz başa düşməlisiniz ki, böyük futbol nə deməkdir. Bizim üçün illər lazımdır ki, belə güclü komandalardan üstün oyun sərgiləyə bilək.

- Fransadakı ilk oyunda "Sent Etyen" sürətli oyun nümayiş etdirdi. Bəs bu dəfə necə?

- Bu dəfə də müdafiədə oynamağı fikirləşmirik. Bu dəfə də oyun üslubunu dəyişməyəcəyəm. Çünki bunu edə bilmərik. Rəqibin bizə imkan verə biləcəyi qədər oynayacağıq. Yalnız bu halda nəticəyə nail ola bilərik. Nə qədər ki, "Qəbələ"dəyəm, hücum futbolu oynayacağıq. Düşünmürəm ki, mövqe müdafiəsində çox oynayıb əks-hücumlara atılmaq lazımdır.

- Hər 3 rəqibinizi müqayisə edə bilərsinizmi?

- Hərəsi hücum və müdafiə futboluna fərqli yanaşır. Onları sürət və keyfiyyətdən istifadə etməklə neytrallaşdırmaq olar.

- Ehtiyat oyunçular skamyasında matçın taleyini həll edə biləcək futbolçular var?

- Oyuna yanaşma və prinsipimiz dəyişməyib. Sabah meydana hazır olan oyunçular çıxacaq. Heç bir limit və məhdudiyyətimiz olmayacaq. Bugünkü məşqdə və oyun ərəfəsində heyəti müəyyənləşdirəcəyik. Sabah Elvin Camalov, Roman Hüseynov kimi gənclər də meydana çıxa bilər.

- "Qəbələ"nin istəyi daha güclüdür, yoxsa "Sent-Etyen"in?

- Müasir futbolda daha istedadlı, daha ustalığa malik, saat kimi işlək mexanizmi olan komandalar qalib gəlir. Nəticə üçün bunlar lazımdır.

Son xəbərlər

Orphus sistemi