Yuxarı

Mişel Platini FİFA prezidenti olmaq üçün AFFA-dan dəstək istəyib

UEFA prezidenti namizədliyini irəli sürmək niyyətində olduğunu rəsmən açıqlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ UEFA prezidenti Mişel Platini FİFA prezidenti postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı funksioner müvafiq məktubu ali futbol qurumuna üzv olan 209 milli assosiasiyanın prezidentləri və baş katiblərinə göndərib.

Məktubda deyilir: "Mən futbolun və şəxsən özümün gələcəyimi ölçüb-biçərək, dərindən və çox düşünülmüş qərar qəbul etdim. Əlbəttə, bu zaman sizin dəstəyinizi, çoxlarınızın mənə göstərdiyiniz hörmət və etimadı əlimdə rəhbər tutdum. Öz taleyini öz əlinə almağın lazım gəldiyi anlar da olur. Mən belə dövrlərdən birini keçirirəm. Bu, həyatımda və FİFA-nın taleyini müəyyənləşdirən hadisələrin davamındakı sınaq mərhələsidir".

M.Platini bildirib ki, ötən yarım əsrlik dövrdə FİFA-nın cəmi 2 prezidenti olub: "Bu isə futbolda da radikal dəyişikliklərin, iqtisadi irəliləyişlərin baş verdiyi müasir dünya üçün təəccüblü, paradoksaldır. Lakin bu yaxınlarda baş vermiş hadisələr bizi ali futbol idarəetmə orqanında yeni səhifəyə başlamağa və onun rəhbərlik prinsiplərini yenidən dərk etməyə vadar edir. Sizin dəstəyinizə və on milyonlarla azarkeşə görmək istədikləri nümunəvi, vahid, həmrəylik nümayiş etdirən, hörmət və sevgiyə layiq olan, insanlar naminə çalışan FİFA-nı hədiyyə edə biləcəyimizə ümid edirəm".

Qeyd edək ki, FİFA prezidentliyinə namizədlər 2015-ci il oktyabrın 26-dək ərizələrini verməlidirlər. Seçkilər isə 26 fevral 2016-cı ildə keçiriləcək. Hazırkı FİFA prezidenti Yozef Blatter seçkiyədək postunda qalacaq. Y.Blatter 1998-ci ildən rəhbərlik etdiyi ali futbol qurumuna mayın sonlarında yenidən seçilib. Lakin o, cəmi 4 gün sonra istefa verib. Bundan başqa, korrupsiya qalmaqalları ilə əlaqədar FİFA-nın bir neçə yüksək vəzifəli məmuru vəzifəsindən azad edilib və həbs olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi