Mirhüseyn Seyidov: "Oyunun çətin olacağını bilsək də, bu qədərini gözləmirdik" - MÜSAHİBƏ

Mirhüseyn Seyidov: "Oyunun çətin olacağını bilsək də, bu qədərini gözləmirdik" - MÜSAHİBƏ "Fola Eş" 90 dəqiqə ərzində bütün hücumlarımızın qarşısını aldı"
Futbol
12 İyul , 2017 23:19
Mirhüseyn Seyidov: Oyunun çətin olacağını bilsək də, bu qədərini gözləmirdik - MÜSAHİBƏ

Bakı. 12 iyul. REPORT.AZ/ "İlk mərhələdəki qələbələrdən sonra açığı, "Növbəti rəqib Lüksemburq komandasıdır da" deyə fikirləşirdik. Amma oyun zamanı gördük ki, "Fola Eş" 90 dəqiqə ərzində dəqiq, diqqətli çıxış etdi, demək olar ki, bütün hücumlarımızın qarşısını aldı. Çətin olacağını bilsək də, bu qədərini gözləmirdik. Sonda Allah özü bizə kömək oldu və qol vura bildik. Mənə elə gəlir ki, uşaqların çəkdiyi əziyyət sonda öz bəhrəsini verdi".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Lüksemburqun "Fola Eş" komandası ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakı "İnter"inin qələbə topuna imza atan Mirhüseyn Seyidov deyib.

25 yaşlı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...

Zərbə anını necə xatırlayırsan?

- Sanki o epizodda mənə "Ora get" deyən oldu. Topun həmin nöqtəyə gələcəyini hiss etdim. Nəticədə üzərimə düşən vəzifəni yerinə yetirərək, qüvvətli zərbə ilə qol vurdum.

Bu, Avrokuboklarda ikinci qolun idi. Sloveniyada "Koper"ə vurduğunla bunu necə müqayisə edərdin?

- Həmin vaxt evdə 1:2 hesabı ilə uduzmuşduq. Səfər matçında da ilk qolu vurdum və yekunda 2:0 hesablı qələbə qazanaraq, mərhələ adladıq. Bu dəfə isə doğma azarkeşlər önündə çalışıb qol vurmalı idik. Hər iki qol mənim üçün önəmlidir. Amma təki komandam üçün vacib olsun. Məncə, 1:0 hesablı qələbə səfər matçında bizə daha diqqətli olmağa kömək edəcək.

Bu qol qarşıdakı oyunda əsas heyətdə yer almağına kömək olacaqmı?

- Bir qola görə belə deməzdim. İlk növbədə, özümü tam formaya salmalıyam. Baş məşqçimiz Zaur Svanadze də çox istəyir ki, mən oynayım. Hər şeyi onun üzərinə atmaq olmaz. Mən də çalışıb formamı bərpa edəcəyəm. Açığı, "Neftçi"dən sonra "İnter"də bir az çətin idi, sanki unudulmuşdum. Amma artıq yavaş-yavaş özümə gəlirəm. Buradayamsa, daha yaxşı oynamalıyam.

Səfər oyunundan nə gözləyirsən?

- Bu görüş bizə dərs oldu ki, rəqib Lüksemburq təmsilçisi olsa belə, yuxarıdan-aşağı baxmaq olmaz. "Fola Eş" Avropanın ortasında yer alan ölkəni təmsil edir. İstənilən futbolçu gəlib orada oynaya bilər. Cavab görüşündə daha diqqətli olacağıq. Səfər matçı, yəqin ki, evdəki qədər çətin keçəcək.

Svanadze oyundan qabaq komandanın arxayınlaşacağından ehtiyat etdiyini bildirmişdi. Bu gün belə bir hal baş verdi?

- Açığı, Serbiya futbolunun Lüksemburqdan güclü olduğunu nəzərə alaraq, düşünürdük ki, "Mladost"a iki oyuna 5 dənə vurmuşuqsa, "Fola Eş"i də asanlıqla yenəcəyik. Qınamayın, futbolda belə şeylər olur. Ola bilsin, iki oyunun yekununda 5:0 hesablı üstünlük bizi bir az arxayınlaşdırmışdı. Bu gün 1 qol vursaq da, yaxşı haldır ki, evdə top buraxmadıq. Cavab görüşündə bundan daha yaxşı çıxış edəcəyik.

Sanki fiziki cəhətdən tam hazır deyilsən. 5-10 dəqiqə qaçandan sonra yorğunluq hiss olunur...

- Özüm də bunu yaxşı bilirəm. Nəyə gücüm çatırsa, ortaya qoyuram. Bu gün sanki komandamızın ruzisi var idi ki, qol da vurduq. Səhvlərimi bilirəm və çalışacağam ki, öz üzərimdə işləyim.

"Neftçi"dən ayrıldıqdan sonra üzləşdiyin psixoloji gərginlikdən bu qolla çıxa biləcəksən?

- Düşünürəm ki, bu qol hardasa kömək edəcək. Qarşımızda cavab görüşü var. Gələn ay Premyer Liqa start götürür. Çalışıb özümü o vaxtadək tam formaya salacağam.

Hər dəfə nə iləsə gündəmə gəlirsən. Ötən ev oyununda topla qadın aparıcını vurdun, bu dəfə isə qol...

- Dedilər ki, futbolçular o epizoddan qapıya dəqiq zərbə vura bilmir. Məncə, qapını da dəqiq nişan ala bildik. Sağ olsun Səmra, ayağımı açdı və bu oyun mənim üçün ikiqat uğurlu alındı.

Son xəbərlər

Orphus sistemi