Mirabdulla Abbasov: "Komandamız artıq yaxşı oyun sərgiləyir"

Mirabdulla Abbasov: "Komandamız artıq yaxşı oyun sərgiləyir" "Neftçi"nin futbolçusu komandanın oyununu qiymətləndirib
Futbol
29 Oktyabr , 2017 21:26
Mirabdulla Abbasov: Komandamız artıq yaxşı oyun sərgiləyir

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Çox sevindirici haldır ki, qələbə qazandıq. Komandamız artıq yaxşı oyun sərgiləyir. Bu, ardıcıl 4-cü qələbəmizdir. Turnir cədvəlində də irəlilədik. Ümid edirəm ki, bu, belə də davam edəcək".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Sumqayıt"ı 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

İlk qolun müəllifi olan 22 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxmasını gözlənilməz qarşılamadığını bildirib: "Bu, məşqlərdən də bilinirdi. Ona görə ilk "11-lik"də yer almağım mənim üçün sürpriz olmadı. Mən də çıxdım və qolumu vurdum. Buna çox sevindim. Amma "Sumqayıt" da mənə yad komanda deyil. Böyük futbolda ilk addımlarımı orada atmışam. Ötən mövsümü bu komandada icarə əsasında keçirmişdim. Ancaq bu gün "Neftçi"də oynayıramsa, flaqman üçün əlimdən gələni etməliyəm və edirəm də..."

İkinci hissədə əvəzlənməsini baş məşqçi Tərlan Əhmədovun qərarı ilə əlaqələndirən Abbasov oyun ərzində bir neçə epizoddan yararlana bilmədiklərini söyləyib: "Qol imkanlarından istifadə edə bilmədikcə, fikirləşirdik ki, görüş heç-heçə ilə nəticələnəcək. Amma sevindiricidir ki, son dəqiqələrdə qələbə topunu vurduq. Əvəzləndiyim vaxt istədim ki, ən yaxın tərəfdən çıxım. Ona görə də elə göründü ki, baş məşqçiyə etiraz edirəm. Lakin bu, əsla belə deyildi".

Gənc futbolçunun fikrincə, hazırda "Neftçi" hər bir komanda ilə oynaya biləcək gücdədir. O, növbəti turda "Zirə" ilə görüşdə də qələbə üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Qələbə seriyalarını davam etdirdikcə, çempionluq mübarizəsinə qoşulmağımız real görünür. Lider "Qarabağ"la xal fərqi elə də böyük deyil. Çempionatda gözlənilməz hesablar olur. Hər şey mümkündür".

Qeyd edək ki, Mirabdulla Abbasov ötən mövsümü icarə əsasında "Sumqayıt"da keçirib.     

Son xəbərlər

Orphus sistemi