Yuxarı

​Milli komandanın futbolçusu: "Avropa çempionatı böyük təcrübə qazandırdı"

Belçika ilə oyuna köklənmək həqiqətən çətin idi

Bakı. 13 may. REPORT.AZ/ "Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. Hamılıqla bu mötəbər turnirdə oynamağı çox istəyirdik. Uşaqların hamısında həyəcan pik nöqtəsində idi". "Report"un məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və "Sumqayıt" klubunun üzvü Ricat Qarayev klubun rəsmi saytına açıqlamasında deyib.

Milli komandanın Bakıda keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirən R.Qarayev Portuqaliya, Belçika və Şotlandiya yığmaları ilə görüşdən danışıb: "Açılış oyununda 33 min azarkeş qarşısında oynamaq başqa hiss idi. Çox təəssüf ki, ilk oyunumuz Portuqaliya millisinə qarşı oldu. Olduqca güclü futbolçulardan qurulmuş heyətləri var. Düşünürəm ki, bu oyundakı məğlubiyyətin əsas səbəbi erkən qol buraxmağımız oldu. Digər məsələ isə bu görüşdə oyunumuzun alınmaması idi. Belçika və Şotlandiyaya qarşı nümayiş etdirdiyimiz futbolu Portuqaliyaya qarşı göstərə bilsəydik, hesab belə olmayacaqdı. Böyükhesablı məğlubiyyətdən sonra Belçika ilə oyuna köklənmək biz futbolçular üçün həqiqətən çətin idi. Lakin sağ olsun məşqçi heyətimiz, bizi bu qarşılaşmaya hazırlaya bildi. Belçikalılar heç də asan rəqib deyildi. Oyunun olduqca ağır keçəcəyini hamılıqla bilirdik. Bu görüşdə hər iki komandanın qol vurmaq üçün bir neçə şansı oldu. Belçika ilə görüşün son dəqiqəsində həmin epizodu qola çevirə bilsəydik, indi Almaniya ilə oyuna hazırlaşırdıq. Şotlandiya ilə oyunda yalnız qələbə haqqında düşünürdük. Əlbəttə, ilk növbədə hər iki qarşılaşmada sərfəli nəticənin olmasına az da olsun ümidimiz var idi. Amma tək istəyimiz bu qarşılaşmada qələbə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirmək idi ki, bunun da öhdəsindən gəldik. Qələbədən sonrakı hissləri isə sözlə ifadə edə bilmərəm".

Gənc futbolçu bu turnirdən böyük təcrübə qazandıqlarını söyləyib: "İlk növbədə qeyd edim ki, olduqca güclü komandamız var. Çox gözəl və mehriban kollektivimizin olması bizi sevindirməyə bilməz. Artıq 3 ildir bir yerdəyik. Avropa çempionatı biz gənc futbolçulara çox şey verdi. Ən əsası, böyük təcrübə qazandıq. Əlbəttə, belə mötəbər turnirin ölkəmizdə keçirilməsi bütün Azərbaycanın xalqının uğurudur".

Qeyd edək ki, A qrupunda çıxış edən Azərbaycan millisi 4 xalla 3-cü yeri tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi