Azərbaycan yığması AVRO-2016-nın son ev oyununda İtaliyaya məğlub olub - FOTO

Azərbaycan yığması AVRO-2016-nın son ev oyununda İtaliyaya məğlub olub - FOTO 9 oyundan sonra Azərbaycan 6 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb
Futbol
10 Oktyabr , 2015 22:52
Azərbaycan yığması AVRO-2016-nın son ev oyununda İtaliyaya məğlub olub - FOTO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində futbol üzrə Azərbaycan mili komandası İtaliya yığmasını qəbul edib. "Report"un məlumatın görə, oyundan öncə millinin kapitanı Rəşad Sadıqova komandanın heyətində 100-cü oyuna çıxması münasibətilə xatirə hədiyyəsi təqdim olunub.

Hədiyyəni AFFA prezidenti Rövnəq Abdullayev və UEFA-nın baş katibinin müavini Teodor Teodoridis təqdim edib.

Bundan sonra matçın start fiti çalınıb. Topa ilk toxunan tərəf qonaqlar olub. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda ilk dəqiqələrdən rəqib qapısına yaxınlaşsalar da, çərçivəyə düşə bilməyiblər. Oyunun 11-ci dəqiqəsində qonaq komandanın heyətində Eder Kamran Ağayevlə üz-üzə qalıb və hesabı açıb. Sonrakı dəqiqələrdə komandaların qapılara yol tapmaq cəhdləri boşa çıxıb. Hücumların sayını artıran milli komanda maçtın 31-ci dəqiqəsində istəyinə nail olub. Yığmanın 13 nömrəli futbolçusu Dmitri Nazarov Buffonu məyus edərək tablodakı rəqəmləri bərabərləşdirib - 1:1. Rəqib komanda bir neçə dəfə hücum etsə də, nəticə olmayıb. Marko Verratti, ardınca Əl Şəravinin zərbəsi qapıdan yan keçib. Hücumların sayını artıran İtaliya millisi 43-cü dəqiqədə istəyinə nail olub. Əl Şəravi Ağayevin qoruduğu qapıya yol tapıb və komandasını hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissəyə daha aktiv başlayan milli komandanın hücumlarının nəticəsi olmayıb. Tərəflər ikinci yarının ilk dəqiqələrində qapılara yol tapmaq istəsələr də, cəhdlər boşa çıxıb. 62-ci dəqiqədə Eder qapıya zərbə endirsə də, Rəşad Sadıqov topu qapı xəttindən çıxarmağı bacarıb. Lakin Kontenin komandası bir neçə dəqiqə sonra istəyinə nail olub. 65-ci dəqiqədə Matteo Darmian cərimə meydançasının kənarından vurduğu zərbə ilə hesab arasındakı fərqi artırıb - 3:1. Hücumlara fasilə verməyən İtaliya millisinin sevinməsinə 71-ci dəqiqədə Ağayev mane olub. Təcrübəli əlcək sahibi Ederin zərbəsini zərərsizləşdirib. 3 dəqiqə sonra isə təcrübəli mütəxəssis Prosineçki Ruslan Qurbanovu əvəzləyib. O, meydana 11 nömrəli oyunçu Tuğrul Eratı buraxıb. Hesabda geri olan milli komanda matçın 88-ci dəqiqəsində 1 nəfər azlıqda qalıb. Bədavi Hüseynovun Sebastian Giovinçonun qarşısını almaq cəhdi qarşı hərəkəti hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Zərərçəkənin cərimə zəribəsindən vurduğu top isə qapı tirindən dönüb. Qarşılaşma bu hesabla da başa çatıb.

Bununla da milli komanda AVRO-2016-nın seçmə qrup mərhələsində sonuncu ev oyununu başa vurub. 9 oyundan sonra Azərbaycan 6 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi