Yuxarı

Məşhur sovet şərhçisi "Neftçi" klubunu danışılmış oyunda ittiham edib

Gennadi Orlov: Ələkbər Məmmədov Zenitin baş məşqçisinə dedi ki, futbolçularınızdan bir neçəsi pul almışdı

Bakı. 9 aprel. REPORT.AZ/ "Neftçi" futbol klubuna qarşı danışılmış oyun ittihamı irəli sürülüb. "Report"un məlumatına görə, bu barədə ötənlərin məşhur sovet şərhçisi Gennadi Orlov "Sport-Ekspress"ə müsahibəsində bildirib.

O deyib ki, 1977-ci il SSRİ çempionatında "Neftçi" və "Zenit" komandaları arasında Bakıda keçirilmiş qarşılaşmada qonaqlar bilərəkdən 2:3 hesabı ilə uduzublar. G.Orlov sonradan bu fikirlərini mərhum futbolçu Ələkbər Məmmədovun da təsdiqlədiyini açıqlayıb: "Zenit"in müdafiəçisi Loxov gözlənilmədən yerə yıxılır. "Neftçi"nin futbolçularından biri topu ələ keçirir və qol vurur. Mən deyirəm: "Qəribədir! Nəyə görə Loxov yıxıldı? Sürüşdü?" Epizodun təkrarını göstərirlər. Yenə eyni sualı verirəm. Matçdan sonra Loxov mənə irad bildirir: "Nəyə görə o sözü dedin?" Mən isə "Bəs sən niyə yıxıldın?" deyə soruşuram. Yəni, oyun danışılmış idi. Matçdan sonra baş məşqçi German Zoninlə restoranda şam edirdik. Ələkbər Məmmədov bizə yaxınlaşdı və dedi: "Gera, siz udmalı deyildiniz. Futbolçularınızdan bir neçəsi pul almışdı". Zonin az qala ağlını itirəcəkdi. Amma konkret kimin aldığını həmin vaxt aydınlaşdırmadı. Amma sonradan onları qovdu. Özü də aparıcı futbolçuları".

G.Zonin isə məsələyə belə münasibət bildirib: "Həmin vaxt heç kimi ittiham etməmişdim. Oyunçunun qəsdən yıxılıb-yıxılmadığını, bilərəkdən qol buraxıb-buraxmadığını hardan bilim? Necə deyərlər: "Tutulmayan - oğru deyil". Orlov reportaj aparırdı, ona yuxarıdan hər şey görünürdü. 1:0, 2:1 hesabı ilə önə çıxsaq da, "Neftçi" bərabərlik və yekunda qələbə topunu vurdu. Futbolçularıma heç nə demədim. Ələkbər Məmmədov sonradan yaxınlaşdı və pul söhbətini açıqladı. Mən də sol cinah müdafiəçisini dərhal qovdum".

Qeyd edək ki, həmin oyun 1977-ci il aprelin 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. 28 min tamaşaçının izlədiyi görüşdə "Zenit" iki dəfə hesabda irəli keçib. Amma 77-ci dəqiqədə İsgəndər Cavadov hesabı bərabərləşdirib, 88-ci dəqiqədə isə Tofiq Abbasov qələbə topunu vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi