"Kəpəz"in prezidenti: "Yaxşı ki, yeməkdən fil çıxdığını deməyiblər"

"Kəpəz"in prezidenti: "Yaxşı ki, yeməkdən fil çıxdığını deməyiblər" "Komandanı belə vəziyyətdə atıb getmək nə deməkdir?"
Futbol
30 Mart , 2015 14:21
Kəpəzin prezidenti: Yaxşı ki, yeməkdən fil çıxdığını deməyiblər

Bakı. 30 mart. REPORT.AZ/ "Siçan hər yerdə var. Buna qarşı mübarizə aparırıq, dərmanlayırıq. Hətta şadlıq evləri və restoranlarda da siçan olur. Yaxşı ki, yeməkdən fil çıxdığını deməyiblər". "Bu sözləri "Report"a açıqlamasında futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev deyib.

Klubun bazasının yeməkxanasında futbolçuların yeməyindən siçan çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən M.Allahverdiyev bunun yalan olduğunu bildirib. Klub prezidenti bu xəbərlərin yayılmasında komandanı tərk edən 3 futbolçu -Vasif Məhərrəmov, Cavid Heydərov və Ramil Həşimzadənin rolunun olduğunu söyləyib: "Onlar mənə dedilər ki, yeməkxanada yemək yemirik. Bazanın yanında başqa bir yeməkxana var, dedim "gedin, orada yeyin". Sonra bildirdilər ki, həmin yeməkxanada bizə pis davranırlar. Təxminən 300 metr uzaqlıqda bir restoranı məsləhət gördüm və həmin futbolçular da yolun uzaq olduğunu bəhanə etdilər. Futbolçularımızdan ən çox maaş alanları onlar idilər. Komandanı belə vəziyyətdə atıb getmək nə deməkdir? Gəlib "Oynamıram, maaşımı artırın" desinlər, bu başqa məsələ. Amma bunlar yalan danışırlar. Yalan isə ayaq tutar, yeriməz".

"Kəpəz"in prezidenti bildirib ki, klub rəhbərliyi və məşqçilər də həmin yeməkxanada yemək yeyir: "Baş məşqçi Vidadi Rzayev də, məşqçilər də, mən də eyni yerdə yemək yeyirik. Bu cür məlumatı yaymaq ayıbdır. Belə bir şey olsaydı, aşpaz kordur ki, yeməyin içərisində olan siçanı görməsin?"

Son xəbərlər

Orphus sistemi