Yuxarı
    Bağlamaq

    "Maynts" klubunun baş məşqçisi: "Qəbələ" ilk hissədəki imkanları dəyərləndirə bilmədi" - MÜSAHİBƏ

    Dekabrda Qəbələni Almaniyada gözləyirik

    Bakı. 29 sentyabr. REPORT.AZ/ "Çətin oyun idi. Rəqib əks-hücumda yaxşı çıxış edirdi. İlk hissədə imkan oldu, amma "Qəbələ" bunu dəyərləndirə bilmədi. İkinci hissədə isə lazım olan qolu vura bildik".

    "Report"un məlumatına görə, bunu Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının "C" qrupunda "Qəbələ" ilə Bakıda keçirilmiş oyundan sonra baş tutmuş mətbuat konfransında deyib.

    Baş məşqçi oyun haqda bunları bildirib:

    "Fasilədə komandama "Qəbələ"nin ikinci hissədə artıracağını bildirdim. Yunus Mallının imkanı vardı, dəyərləndirə bilmədi. Penalti epizodu və müdafiədə səhv hesabı bizim əleyhimizə çevirdi. Bundan sonra əvəzetmə etdim və hər iki futbolçu qol vurdu. Fikrimcə layiqli qələbə idi. Oyun hər iki tərəfə gedib-gəldi. "Maynts"ın oyunları bu rejimdə gedir. Gərək daha sakit oyun oynayaq. Bu Avropa Liqasında rəqib meydanında ilk qələbəmiz idi. İki oyundan 4 xalımız var. Bu şəkildə davam etməliyik. Dekabrda "Qəbələ"ni Almaniyada gözləyirik. Hava bir az soyuq olacaq, amma düşünürəm ki, oyun maraqlı keçəcək".

    Daha sonra Şmidt jurnalistlərin suallarını cavablandırıb:

    Yağışdan sonra meydanın və hesabda geri düşəndə komandanın vəziyyəti necədir?

    - Qollar iki fərdi səhvdən vuruldu. Müdafiənin kobud səhvi qolla nəticələndi. Yağış amili vardı, amma komanda fiziki və psixoloji baxımdan çox yaxşı vəziyyətdədir.

    Bu gün meydanda təhlil etdiyiniz "Qəbələ" vardı, yoxsa fərqli idi?

    Rəqibi yaxşı təhlil etmişdik. Sürətli əks-hücumdan, xüsusilə Dabodan çox istifadə edirdilər. Sürprizlə qarşılaşdığım məqam ilk dəqiqələrdən hücuma çıxmaları, təzyiq etmələri oldu. Bizə ilk dəqiqələrdə çətinlik yaratdılar.

    Keçmiş oyunlarla müqayisədə fərqli futbolçulara şans verdiniz...

    - Qollara imza atan iki futbolçuya oyunun əvvəlində istirahət verdim. Düşündüm ki, oyuna əvəzetmədən daxil olsalar, komandanın performansını artıracaqlar. Rəqibin uzun və fiziki güclü müdafiəçilərinə baxmayaraq qol vurmağı bacardılar.

    Baş məşqçi kimi Dabonun transferi üçün nə qədər ödəyərsiniz?

    - Təhlil zamanı Dabonu yaxşı izləmişik. Mərkəz hücumçu olaraq birəbir yaxşı top saxlayır və müdafiəyə çətin anlar yaradır. Transfer qiymətinə gəlincə, bunu idman direktorumuzdan soruşsanız daha yaxşı olar. Onu topla təmin edən komanda yoldaşlarından asılı olaraq hücumçu daha yaxşı nəticə göstərəcək.

    Komandanın bugünkü oyununda geri dönüşlər və geri düşmələr gələcək oyunlarda necə təsir göstərəcək?

    - Biz hələ öz optimal oyunumuzu tapmamışıq. 18 gündə 6 oyun oynadığımızı nəzərə alsaq, bu, təsir edir. Növbəti iki həftəni maksimum dəyərləndirməyə çalışacağıq ki, oyunçular bərpa olunsun.

    Sonda baş məşqçi Azərbaycandakı qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi