Marko Deviç: "Karyeramı Ukraynada başa vurmaq istərdim"

Marko Deviç: "Karyeramı Ukraynada başa vurmaq istərdim" Hazırda 90 faiz oyunçu, 10 faiz məşqçiyəm"
Futbol
26 Noyabr , 2018 10:10
Marko Deviç: Karyeramı Ukraynada başa vurmaq istərdim

Bakı. 26 noyabr. REPORT.AZ/ "Mən gələcəyin məşqçisiyəm. Çünki hələ futbolçuyam, oynayıram. Hazırda 90 faiz oyunçu, 10 faiz məşqçiyəm".

"Report"un məlumatına görə, bunu vətəni Ukraynada "Moya qra" verilişinin qonağı olan "Sabah" klubunun futbolçusu Marko Deviç deyib. 35 yaşlı hücumçu məşqçi kursuna öz işi ilə əlaqədar yazıldığını və bu peşəni həyatda hər şeydən çox sevdiyini vurğulayıb: "Düz deyirsiniz, hər böyük futbolçudan yaxşı məşqçi alınmaz. Deməli, mənim şansım var. Çünki özüm ortabab futbolçu olmuşam. Əlbəttə, bu, bir zarafatdır. Məşqçilik xüsusiyyətləri fərdi məsələdir. Bu, oyunçudan və insandan asılıdır. Yaxşı məşqçi olmaq istəyim var. Hər bir təhsil sessiyası mənə deyir ki, ora getmək lazımdır".

Deviç məşqçilikdə pillə-pillə irəliləmək istədiyini söyləyib. Onun fikrincə, bu, ən düzgünüdür: "Bəli, mən yaxşı oynamışam. Amma məşqçilik üçün təcrübə lazımdır. Ola bilsin, bir-iki il köməkçi-məşqçi kimi çalışmaq lazımdır. Harada məni görmək istəsələr, orada da çalışaram".

Təcrübəli forvard hələ də oynamasını futbola sevgisi və bunu bacarması ilə əlaqələndirib. Özü üçün ilk pillədə futbolun durduğunu deyən ukraynalı qolçu "Sabah"a pul qazanmaq məqsədilə keçmədiyini diqqətə çatdırıb: "İndi Azərbaycanda elə situasiya deyil. Açığı, bu ölkəyə yollananda maliyyə məsələsi prioritet deyildi. Karyeram ərzində kifayət qədər oynayıb kifayət qədər qazanmışam".

Deviç karyerasını Ukraynada başa vurmaq istədiyini də vurğulayıb: "Mənimlə bağlı "Metallist 1925" söhbətləri var idi. Amma bu klub hələlik Ukrayna I Liqasında çıxış edir. Özüm isə yüksək liqada oynamaq niyyətindəyəm. Karyeramı başa vurmağı qərara alsam, son ilimdə Ukraynada oynamaq istərdim. Ukrayna Premyer Liqasına uyğun gəlib-gəlməməyim funksional vəziyyətimdən asılıdır. Qalan məsələlərə görə narahat deyiləm. Sağlamlığım imkan versə, fikrimcə, uyğun gələrəm".

"Sabah"ın hücumçusu futbolçu karyerasını başa vuracağı vaxtı açıqlamasa da, hər bir məşq və oyuna sonuncu kimi çıxdığını söyləyib: "Başa düşürəm ki, böyük səhvlər, pauza və zədələr karyerama təsir edə bilər. Qol vurub qələbə qazanmaqla özümü və azarkeşləri yenə sevindirmək istərdim. Bununla yanaşı, özüm barədə son təəssüratların o qədər də yaxşı olmamasını istərdim. Hələ karyeramı başa vurmağın zamanı gəldiyini hiss etməmişəm".

Qeyd edək ki, Marko Deviç "Sabah"a bu mövsümün əvvəlində keçib. O, hazırda 5 qolla Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov və "Qarabağ"ın forvardı İnnosent Emeqara ilə birgə 3 - 5-ci yerləri bölüşür.   

Son xəbərlər

Orphus sistemi