"Mançester Yunayted Yay Futbol Məktəbi"nə növbəti seçim başlayır

"Mançester Yunayted Yay Futbol Məktəbi"nə növbəti seçim başlayır Seçim turları avqustun 29-31-də Bakının "Bayıl Arena" stadionunda keçiriləcək
Futbol
25 Avqust , 2016 18:12
Mançester Yunayted Yay Futbol Məktəbinə növbəti seçim başlayır

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Mançester Yunayted IV Yay Futbol Məktəbi"nə seçimlərin başlandığını elan edib. "Bakcell"dən "Report"a daxil olan məlumata görə, seçim turları 29-31 avqust tarixlərində Bakının “Bayıl Arena” stadionunda keçiriləcək.

AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad sentyabrın 5-9-da "Bayıl Arena" stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplantılarında iştirak edəcəklər. Təlim-məşq toplantıları zamanı uşaqlar öz texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər. Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.

“Mançester Yunayted Yay Futbol Məktəbi”nin seçim turlarının tarixləri aşağıdakı kimidir:

- 29 avqust. Saat 09:00-15:00 – 9-10 (2007-2008-ci il təvəllüdlü) yaş qrupu üçün seçim;

- 30 avqust. Saat 09:00-15:00 – 11-12 (2005-2006-cı il təvəllüdlü) yaş qrupu üçün seçim;

- 31 avqust. 09:00-15:00 – Hər iki yaş qrupundan seçilmiş 32 nəfərdən 16 nəfər seçiləcək və “Mançester Yundayted Yay Məktəbi”nə dəvət alacaqlar;

- 5-9 sentyabr. “Mançester Yunayted Yay Futbol Məktəbi”.

“Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən uşaqlar "Bakcell" şirkəti tərəfindən idman paltarı ilə təmin ediləcəklər. Təlim-məşq toplantısının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunacaq. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək, “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləmək imkanı əldə edəcək. Səfərlə əlaqəli xərclərdə həmçinin "Bakcell" şirkəti tərəfindən qarşılanacaq.

Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə: (+994 55) 511 45 55 – Çinarə Kazımi.

Son xəbərlər

Orphus sistemi