Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted"in futbolçusu qol vursa, klubu 10 milyon avro xərcə düşəcək

    Bu, 22 yaşlı hücumçunun müqaviləsindəki bəndlə əlaqədardır

    Bakı. 14 fevral. REPORT.AZ/ Fransa milli komandasının futbolçusu Antoni Marsyalın İngiltərənin "Mançester Yunayted" klubunun heyətində vuracağı növbəti qol "Monako"ya 10 milyon avro bonus qazandıracaq.

    "Report"un məlumatına görə, bu, 2015-ci ilin yay transfer dövründə 50 milyon avro qarşılığında knyazlıq təmsilçisindən "qırmızı şeytanlar"a keçən 22 yaşlı hücumçunun müqaviləsindəki bəndlə əlaqədardır.

    Həmin sövdələşmədə bir sıra bonuslar nəzərdə tutulub ki, onlardan biri də Marsyalın "Mançester Yunayted"in heyətində 25 qol vuracağı halda, İngiltərə klubunun "Monako"ya 10 milyon avro bonus ödəməsidir.

    Digər bonuslara gəlincə, gənc forvard Fransa milli komandasının heyətində 25 oyun səddini aşacağı, həmçinin, "Qızıl top" mükafatına namizədlərin "Top-10"una düşəcəyi halda da "Mançester Yunayted" əlavə 10 milyon avro xərcə düşəcək.

    Qeyd edək ki, Antoni Marsyal fevralın 11-də İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində "Uotford"la görüşün 60-cı dəqiqəsində fərqlənməklə, "Mançester Yunayted"in heyətində 24-cü qolunu vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi