"Mançester Siti" "Kəpəz"in rekorduna yaxınlaşıb

"Mançester Siti" "Kəpəz"in rekorduna yaxınlaşıb Gəncə təmsilçisi 22 oyunluq qələbə seriyası ilə "10-luq"da yer alır
Futbol
29 Dekabr , 2017 10:14
Mançester Siti Kəpəzin rekorduna yaxınlaşıb

Bakı. 28 dekabr. REPORT.AZ/ "Mançester Siti" klubu İngiltərə Premyer Liqasında ardıcıl 19-cu qələbə sayəsində rekordçular "10-luğ"una yaxınlaşıb. "Report"un məlumatına görə, Xosep Qvardiolanın baş məşqçi olduğu komanda XX turda səfərdə "Nyukasl" üzərində 1:0 hesablı qələbə nəticəsində təkcə liderliyini möhkəmləndirməyib.

"Şəhərlilər" həm də ardıcıl qələbə qazananlar siyahısında 11-ci pilləyə yüksəlib. Digər tərəfdən, Qvardiola hələ Almaniya "Bavariya"sında ikən 2013-2014 mövsümündə özünün əldə etdiyi ardıcıl 19 qələbə nailiyyətini təkrarlayıb.

"Mançester Siti" "10-luğ"a daxil olmaq üçün növbəti 3 turda "Kristal Pelas" (31 dekabr), "Uotford" (2 yanvar) və "Liverpul" (14 yanvar) komandalarını da yenməlidir.

Qeyd edək ki, "10-luq"da Azərbaycanın "Kəpəz" komandası da yer alıb. Gəncə təmsilçisi 1997 - 1998-ci illərdə nail olduğu 22 oyunluq qələbə seriyası ilə Hollandiyanın PSV və Uelsin "Nyu-Seynts" kollektivləri ilə 8 - 10-cu yerləri bölüşür. Üst sıralarda isə ardıcıl olaraq Portuqaliyanın "Benfika" (29 oyun), Macarıstanın "Ferentsvaroş", Xorvatiyanın Zaqreb "Dinamo"su (hər ikisi 28), Şotlandiyanın "Seltik", Albaniyanın Tirana "Dinamo"su (hər ikisi 25), Serbiyanın "Srvena Zvezda" (24) və İsveçin "Malmö" (23) komandaları qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi