Yuxarı

Malta yığmasının baş məşqçisi: "Bakıdan qalib ayrılmaq istəyirik"

Pietro Gedin: Ümid edirik ki, ən azı məğlub olmayacağıq

Bakı. 27 mart. REPORT.AZ/ Martın 28-də futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Malta yığmasının baş məşqçisi Pietro Gedin oyun öncəsi mətbuat konfransı keçirib. 

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında baş tutan tədbirdə italiyalı mütəxəssis sabahkı matçla bağlı fikirlərini bölüşüb.

O, Bakıya böyük ümidlərlə gəldiklərini bildirib: "Hazırlığımız yaxşı keçdi və bura böyük ümidlərlə gəlmişik. Nəticə qazanacağımıza inanırıq. Daha öncə Gürcüstanla yoldaşlıq oyunu keçirdik. Bu bizim üçün ağır məğlubiyyət oldu. Deməzdim ki, yoldaşlıq görüşləri bizim üçün az əhəmiyyət kəsb edir. Hamısının öz əhəmiyyəti var. Ümid edirik ki, Bakıda ən azı məğlub olmayacağıq. Hər bir komanda qələbə qazanmaq istəyir. Bizim də məqsədimiz qalib gəlməkdir".

Problemlərinin yalnız zədəli oyunçularla bağlı olduğunu deyən P.Gedin bugünkü məşqdən sonra komandasının durumunu dəyərləndirməyin tez olduğunu bildirib: "Gürcüstanla oyun öncəsi 4 futbolçumuz zədəli idi. Problemlərimizi həll etməyə çalışırıq. İnanırıq ki, sabaha qədər hər şey yaxşı olacaq".

Baş məşqçinin fikrincə, əsas məsələ bugünkü məşq yox, sabahkı oyundur: "Oyun zamanı futbolçularda məsuliyyət hiss olunur və bu səbəbdən sabahı gözləmək lazımdır. Yorğun olsaq da, bu o demək deyil ki, biz məğlubiyyətlə barışaraq oynamayacağıq. Düzdür, Gürcüstanla yoldaşlıq görüşündən 3 gün sonra rəsmi matça çıxacağıq. Amma bir komanda bu qrafikə tab gətirə bilməyəcəksə, oyuna çıxmasın. ".

Azərbaycan millisini güclü komanda kimi dəyərləndirən P.Gedin 2 il öncə "Bakcell Arena"da 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün nəticəsini önəmli saymadıqlarını açıqlayıb. 

"Həmin vaxt məğlub olmuşduq, indi isə qalib gəlmək istəyirik" deyən 63 yaşlı mütəxəssis sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Bizim üçün Azərbaycan millisinin Robert Prosineçkinin rəhbərliyi altında ilk rəsmi oyuna çıxacağı maraqlı deyil. Yerli azarkeşlərin həyəcanlı olduqları hiss edilir. Bunu başa düşmürəm".

Qeyd edək ki, Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi