Maksim Medvedev: "Rəşad Sadıqov təklif etdi ki, dəstək olaq"

Maksim Medvedev: "Rəşad Sadıqov təklif etdi ki, dəstək olaq" Karantin günləri mənim üçün bir az darıxdırıcı keçir. Çünki bu həyat tərzinə öyrəşməmişəm. Həmişə hərəkətdə olmağa üstünlük vermişəm.
Futbol
10 Aprel , 2020 16:30
Maksim Medvedev: Rəşad Sadıqov təklif etdi ki, dəstək olaq
Maksim Medvedev: / Report

"Karantin günləri mənim üçün bir az darıxdırıcı keçir. Çünki bu həyat tərzinə öyrəşməmişəm. Həmişə hərəkətdə olmağa üstünlük vermişəm". 

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib. 

31 yaşlı müdafiəçi bütün bunlara baxmayaraq, hazırkı duruma öyrəşdiyini bildirib: "Evdə bəzi təmir işlərini edir və övladlarımla çoxlu vaxt keçirirəm. Birlikdə idman edirik, uşaqlar onlayn dərsdə iştirak edirlər, playstation və kart oynayırıq. Axşamlar isə ailəmlə birlikdə cizgi filmlərinə baxırıq, sonra da yatırıq".

Təcrübəli oyunçu koronavirusdan qorunma yollarını açıqlayıb: "Virusdan qorunmaq üçün çox şey lazım deyil. Gigiyenaya üstünlük verir və kənar adamlarla az ünsiyyətdə oluram. Sağlam qida qəbul edirəm ki, immunitetim güclü olsun".

Medvedev "Qarabağ" klubunun futbolçularının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etmələri ilə bağlı isə bunları bildirib: "Həmişə imkan olduqca insanlara yardım edirik. Kapitanımız Rəşad Sadıqov zəng vurdu və təklif etdi ki, koronavirusa qarşı mübarizədə dəstək olaq, mən də razılıq verdim. Digər yoldaşlarımız da razılaşdılar, pulu yığdıq və fonda köçürdük".

Təcrübəli oyunçu Azərbaycan Premyer Liqasında hazırkı mövsümün ləğv olunma variantına da münasibət bildirib. Müdafiəçi "Mövsüm ləğv olunsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə ədalətli nəticə olarmı" sualına belə cavab verib: "İstərdim ki, çempionat gec olsa belə, axıra kimi oynanılsın. Bütün klublar eyni fikirdə olsalar, avrokuboklara vəsiqələri hazırkı mövqelərə görə bölüşdürmək olar. Kimsə narazı olsa, bu cür bölgü aparmaq mümkün deyil. Düzgün qayadada daha yaxşı olar". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. Maksim Medvedev 2006-cı ildən Ağdam təmsilçisinin formasını geyinir.           

Son xəbərlər

Orphus sistemi