Riçard Almeyda: "Bu qələbəni sırf bəxt amili ilə əlaqələndirməzdim" - YENİLƏNİB

Riçard Almeyda: "Bu qələbəni sırf bəxt amili ilə əlaqələndirməzdim" - YENİLƏNİB Bakı. 17 fevral. REPORT.AZ/ Çiynimdə ağrı var. Ona görə bura gələndə ah çəkdim. Amma vacib oyunda qələbə istənilən halda şirindir.
Futbol
17 Fevral , 2019 22:05

Bakı. 17 fevral. REPORT.AZ/ "Çiynimdə ağrı var. Ona görə bura gələndə ah çəkdim. Amma vacib oyunda qələbə istənilən halda şirindir".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda evdə "Qəbələ"2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, ilk yarıda komandası rəqibdən daha yaxşı çıxış edib: "Qəbul etməliyik ki, ikinci hissədə "Qəbələ" bizdən daha üstün oynadı. Amma bu, futboldur. Əsas odur ki, 3 xalı biz qazandıq".

Bu qələbə sayəsində "Qarabağ" lider "Neftçi" ilə xal fərqini minimuma endirib. Almeyda tezliklə flaqmanı liderlikdən siləcəkləri fikri ilə razılaşmadığını açıqlayıb: "Bu mövsüm "Neftçi" çox yaxşı komandaya malikdir. Həqiqətən də xeyli baxımlı oyun nümayiş etdirirlər. Ona görə də biz bu rəqibə hörmətlə yanaşırıq. Üstəlik, "ağ-qaralar" turnir cədvəlində liderliklərini davam etdirirlər. Futbol belədir: Hər zaman qələbə qazanmaq olmur. "Neftçi" ötən gün "Zirə"yə qarşı çox yaxşı oyun sərgilədi. Baş məşqçimiz Qurban Qurbanov ötən gün bizə "Qəbələ"nin uzun müddətdir uduzmadığına dair statistika göstərdi. Bunu da nəzərə almaq lazımdır. Siz də rəqibə qarşı oyunda necə çətinlik çəkdiyimizi gördünüz".

Təcrübəli futbolçunun fikrincə, qələbəni sırf bəxt amili ilə əlaqələndirmək düzgün olmazdı: "Düzdür, futbolda bəzən bəxt amili də rol oynayır. Amma hər şeyi sırf bəxtə də bağlamazdım. Xüsusən, ilk yarıda epizodlarımız oldu. İkinci hissədə bir qədər səbirsiz çıxış etdik. Bu gün özümüz də çalışdıq".

"Sambaçı" sonda "Qəbələ"nin heyətində Cavid Hüseynov, Stiven Jozef-Monroz, Ceyms Adeniyi və Elvin Camalov kimi futbolçuların oyununu vurğulayıb.

Azərbaycan millisinin əslən braziliyalı oyunçusu qulağındakı sırğanın ona hədiyyə olduğunu diqqətə çatdırıb. O, oyun vaxtı sırğanı çıxardığını əlavə edib.


***21:18

"Rəqibin yaxşı komanda olduğunu bilirdik. Məlumdur ki, yaxşı hücum xəttinə malikdirlər. Biz də bunun fərqində idik. Ona uyğun hazırlaşmışdıq. Meydanda da mümkün qədər ehtiyatlı oynayırdıq. Çünki elə bir vəziyyət yaranıb ki, heç bir komanda xal itirmək istəmir. Əsas odur ki, yekunda arzumuza çata bildik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Qəbələ" 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi digər sualları da cavablandırıb:

- İkinci hissədə çox çətinlik çəkdiniz. “Qəbələ” təzyiqi artırmışdı və bu, sizə oynamağa mane olurdu...

- Hesabda öndə idik və bunu saxlamaq üçün risk etməməyə qərar verdik. Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq. Ona görə də bu gün ikinci hissədə “Qəbələ”yə futbol nümayiş etdirməyə imkan verdik.

- Mahir Mədətovun tez-tez top itirməsi sizi komanda yoldaşı kimi əsəbiləşdirir? Sanki o, əziyyətinizi yerə vururdu. Ümumiyyətlə, Mədətovda niyə belə geriləmə var?

- Həm gənc oyunçudur, yetərincə təcrübəsi yoxdur, həm də oyuna sonradan qoşulmaq çox çətindir. Topu, rəqibi hiss eləmək üçün bir az zamana ehtiyac olur. Bir-iki epizodda topu saxlaya bilmədi. Düzdür, biz də əsəbiləşirik, amma çalışırıq ki, ona dəstək olaq. Oyunun alınmırsa, öz şablonunu meydanda saxlamalısan. Biz ondan çox şey istəmirik.

- Birinci pillənin sahibi “Neftçi” ilə aranızdakı xal fərqi minimuma endi. Bu, sizdə əlavə ümidlər yaradırmı?

- Hələ “Neftçi” birinci pillədədir, qabaqda isə oyunlar var. Bilmək olmaz bundan sonra hansı komanda nə qədər xal itirəcək. Mövsümün son oyunu “Neftçi” ilə olacaq. Biz də hər şeyə hazırıq. Bu gün aramızda bir xallıq fərq varsa, bu, bizə sərf etmir.

- Beş ildir ki, “Qarabağ” ardıcıl çempion olur. Amma bu il “Neftçi” sizinlə rəqabət aparır. Demək olarmı ki, hazırkı mövsüm daha maraqlıdır?

- Əvvəllər “Qəbələ” ilə daha çox rəqabət halında idik, amma yekunda çempion ola bilirdik. Bu il Avroliqada çox güc sərf etdik, ona görə gözlənilməz xal itkiləri yaşadıq. İndi çalışmalıyıq ki, bütün diqqətimizi bura yönəldib aradakı fərqi qapadaq.

Son xəbərlər

Orphus sistemi