Yuxarı

Elxan Məmmədov: "Lüksemburq Futbol Federasiyası, "Düdelanj" və stadion məsuliyyət daşıyır"

Lüksemburq Futbol Federasiyası, "Düdelanj" və stadion cəzalandırılacaq

"Dünənki oyunda futbolçularımız doğrudan da əzmkarlıq, böyük peşəkarlıq göstərdilər. Səfərdə oynamaq hər zaman çətindir. Buna baxmayaraq, komandamız 4 qol vura bildi. Bu, böyük qələbədir. Çünki adi oyun deyildi. "Qarabağ" klubu artıq Avropa Liqasının qrup mərhələsində oynayır. Bu, artıq ənənəyə çevrilib ki, "Qarabağ" və ümumiyyətlə, klublarımız avrokubokların qrup mərhələsində təmsil olunurlar. Bu da çox vacib amildir və xalqa da böyük ruh verir".

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov AzTV-də yayımlanan "Hədəf" verilişində "Qarabağ"ın Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandığı Avropa Liqasının II tur matçı barədə danışarkən deyib. Milli Assosiasiya rəsmisi bildirib ki, oyun zamanı stadion üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının dronla gətirilməsi çox ciddi məsələdir. O, AFFA olaraq, bəyanat yaydıqlarını və digər beynəlxalq qurumlara, o cümlədən, UEFA-ya üzv olan digər 54 milli assosiasiyaya göndərdiklərini vurğulayıb: "Onlar özləri də yəqin ki, klublarına göndərəcəklər. Əlavə olaraq, UEFA rəhbərliyinə və İntizam Komitəsinə rəsmi etiraz məktubu gedib. Həmin məktubda tələb etmişik ki, məsələyə müvafiq qaydada baxılsın və "Jozi Bartel" stadionuna, "Düdelanj"a qarşı sanksiyalar tətbiq olunsun. Amma araşdırmalar mütləq aparılmalıdır".

E.Məmmədov baş vermiş hadisədə təhlükəsizliyə cavabdeh şəxslərin məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb: "30-cu dəqiqədə stadiona idarə edilən dron daxil olub. Əvvəllər - 2014-cü ildə keçirilmiş Serbiya - Albaniya matçında belə hal baş vermişdi. O zaman da böyük qalmaqal yaranmışdı. Doğrudan da çox kritik vəziyyət idi. Həmin vaxt matçı dayandırdılar və qərar qəbul etdilər ki, oyun davam etdirilməsin. Daha sonra ciddi sanksiyalar tətbiq olundu. Bu hadisənin ardından UEFA belə məsələlərə çox ciddi yanaşdı və qadağa qoydu ki, artıq heç bir çəkiliş də etmək olmaz. Müraciət gələcəyi təqdirdə də matçdakı UEFA nümayəndəsinin icazə verməyə səlahiyyəti yoxdur. Buna birbaşa UEFA-nın ofisindən icazə verilə bilər. Təbii ki, dünən baş verən hadisə qanunsuzluq və təhlükəsizlik baxımından böyük səhv idi. Dron bir neçə dəqiqə futbolçuların üzərində uçuşa davam etdi. Bizdə yazı və sübutlar var ki, həmin dron 10 dəqiqəyədək stadion üzərində olub. Təbii ki, bu çox böyük təhlükə yaradır. Bunu etiraz məktubunda da bildirmişik. Çünki bu dron idarə olunduğundan, istiqaməti dəyişə və birbaşa futbolçuların üzərinə uça bilərdi".

Baş katib törədilmiş hadisəni böyük və ciddi siyasi təxribat adlandırıb: "Biz etirazımızı bildirəndə hamısını qeyd edirik. UEFA-nın kitabça formasında xüsusi buraxılışı hər oyundan bir həftə əvvəl qurumun nümayəndəsinə təqdim olunur. Orada qondarma qurumların, digər təxribatçı qrupların "bayraq"larının şəkilləri, təxribatçı sözlər və mesajlar da yer alıb. Onların arasında məhz həmin parçanın da şəkli əksini tapıb. Yəni, bunu təhlükəsizlik xidmətləri də bilir. Çünki onlara öncədən də təlimat keçirlər".

AFFA rəsmisi hadisə ilə əlaqədar "Düdelanj" klubu, Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionunun cəzalandırılacağını əlavə edib: "Dron havada uçsa da, daxildən pultla idarə olunur. Təbii ki, təhlükəsizlik xidmətinin böyük səhvi var. Üstəlik, "Düdelanj" klubu rəhbərliyi də əməkdaşlığa ciddi həvəs göstərməyib. Bununla əlaqədar, təbii ki, rəqib klub cəzalandırılacaq. Çünki UEFA-nın birmənalı intizam qaydaları var. Klub birbaşa 16-cı maddəni pozub. Eyni zamanda Lüksemburq Futbol Federasiyası və "Jozi Bartel" stadionu da məsuliyyət daşıyır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi