Yuxarı

"Liverpul", yoxsa "Bavariya"? - AFİŞA

Bakı. 19 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, günün əsas oyunu İngiltərədə baş tutacaq.

"Liverpul" doğma meydanda Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Ötən mövsümün finalçısı olan İngiltərə təmsilçisi bu göstəricinin əbəs yerə olmadığını sübut etməyə çalışacaq. Münhenlilər isə səfərdən sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.

Hər iki komanda bu görüşə itkilərlə çıxacaq. "Mersisaydlılar"ın baş məşqçisi Yurgen Klopp cəza səbəbindən komandanın əsas müdafiəçi Vircil van Deykin xidmətindən yararlana bilməyəcək. İngiltərə klubunun heyətində zədəli olan müdafiəçi Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd Çemberlen də bu oyunu buraxacaq. İngilislərin digər müdafiəçisi Deyan Lovren və hücumçu Cerdan Şakirinin isə qarşılaşmada iştirakı sual altındadır.

Rəqiblə eyni aqibəti yaşayan Almaniya təmsilçisi də bəzi oyunçuların yoxluğundan əziyyət çəkir. Komandanın baş məşqçisi Niko Kovaç da aparıcı oyunçularından istifadə edə bilməyəcək. Müdafiəçi Jerom Batenq, yarımmüdafiəçi Korenten Tolisso zədə, hücumçu Tomas Müllerin isə cəzaya görə bu qarşılaşmada iştirak etməyəcəyi dəqiqdir. Münhenlilərin digər oyunçu Frank Riberi isə övladının dünyaya gəldiyini əsas gətirərək İngiltərəyə yollanmayıb. Aryen Robben və Kinqsli Komanın isə görüşdə iştirakı hələ ki, bəlli deyil.

Günün digər oyunu isə Fransa olacaq. "Lion" turnirin favoritlərindən hesab olunan İspaniya "Barselona"sının müqavimətini qırmağa cəhd göstərəcək. Meydan sahiblərinin əsas forvardı Nabil Fekir cəzalı olduğu üçün bu oyunu buraxacaq. Fransızların heyətində müdafiəçi Ceyson Denayer və yarımmüdafiəçi Tanqi Ndombelenin durumu isə oyun vaxtı bəlli olacaq. Kataloniya təmsilçisində isə qapıçı Yasper Sillessen, müdafiəçi Tomas Vermalen və yarımmüdafiəçi Artur Melo zədəlidir.

Bu gün keçiriləcək matçların cavab görüşləri martın 13-də olacaq.

Qeyd edək ki, sabah "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) və "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) qarşılaşmaları ilə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.


Çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

24:00. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu

24:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Lion. "Olimpik Lion" stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi