Kosovonun baş məqşçisi: "Millətlər Liqasında qrupdan çıxa bilməmək bizim üçün dünyanın sonu olmayacaq"

Kosovonun baş məqşçisi: "Millətlər Liqasında qrupdan çıxa bilməmək bizim üçün dünyanın sonu olmayacaq" Bakı. 13 noyabr. REPORT.AZ/ “Qarşıda iki vacib oyunumuz var. İnsanlar hər zaman bizdən qələbə gözləyir. Amma baş məşqçi kimi mənim üçün ən başlıcası bu deyil. Yalnız qələbə və nəticə barədə düşünə bilmərəm”.
Futbol
13 Noyabr , 2018 10:34
Kosovonun baş məqşçisi: Millətlər Liqasında qrupdan çıxa bilməmək bizim üçün dünyanın sonu olmayacaq
0 : 00
0 : 00

Bakı. 13 noyabr. REPORT.AZ/ “Qarşıda iki vacib oyunumuz var. İnsanlar hər zaman bizdən qələbə gözləyir. Amma baş məşqçi kimi mənim üçün ən başlıcası bu deyil. Yalnız qələbə və nəticə barədə düşünə bilmərəm”.

“Report” xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland UEFA Millətlər Liqasında Malta və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfansında deyib. 67 yaşlı mütəxəssis onun üçün yaxşı oynamağın daha əhəmiyyətli olduğunu söyləyib: “Xüsusən də Farer adaları ilə görüşdən sonra daha yaxşı oynamaq barədə düşünürəm. Bu, o deməkdir ki, komandaya qələbədən ötrü deyil, yaxşı oyun və əla mentalitet üçün təzyiq olmalıdır. Belə olduğu halda nəticənin gələcəyi qənaətindəyəm. Farer adaları ilə səfərdə 1:1 oyunadığımız qarşılaşmadakı çıxışımızdan narazıyam. Düzdür, pis oynamadıq, amma yaxşı da deyil. Ona görə də futbolçulara heç vaxt unutmayacaqları bəzi şeyləri çatdırmağın zamanının yetişdiyini düşünürəm. Bəzən uğur təhlükəlidir. Bəzi epizodlarda, xüsusən də müdafiədə komanda şəklində və sadə oynamalıyıq. Bütün futbolçularımızı izləmişəm və hər biri haqda dəqiq fikrim var. Hər oyundan sonra onlar barədə qərarlar qəbul etməli oluruq. Bu, bəzi hallarda subyektiv ola bilər. Fikir ayrılığı, fərqi ideyaların da olması mümkündür. Amma mənim üçün yığmada bütün mövqelərə cəlb olunmuş oyunçuların balansı önəmlidir”.

İsveçrəli baş məşqçi bildirib ki, Farer adaları ilə görüşdən sonra ehtiyatda qalan futbolçularla söhbəti olub. O, komanda üzvlərinə bir neçə matç üçün iki mövqedə 7 oyunçudan yararlanmağın mümkünsüz olduğunu söyləyib: “Futbolçular başa düşməlidirlər ki, bu, onların yaxşı oyunçu olmadıqları demək deyil. Komandada balansı qorumalıyıq. Ancaq 2 mövqe üçün 7 oyunçu həddindən artıq çoxdur. Bəzi hallarda iki mövqedə oynaya biləcək futbolçularımız var. Amma ən doğrusu, hər mövqe üçün 2 futbolçunun olmasıdır”.

Şallandın sözlərinə görə, Millətlər Liqasında yer aldıqları D liqasının 3-cü qrupunda birinci yeri tutmasalar, bu, onlar üçün dünyanın sonu olmayacaq: “Əlbəttə, pley-offa vəsiqə qazanmaq istəyirik. Amma başlıca məqsəd gələcəyin komandasını qurmaqdır. Baş məşqçi kimi indiki durumda mənim qısamüddətli məqsədlərim olmalıdır. Qrupdan çıxmaq bizim üçün vacibdir. Amma bu, baş verməsə, Kosovo üçün dünyanın sonu olmayacaq. İnkişafda olan komandanı qurmaq üçün buradayam. Kosovo ev tikir. Albert Bunyaki (Kosovo millisinin sabiq baş məşqçisi) bu evin təməlini qoyub. Mənin vəzifəm isə birinci mərtəbəni tikməkdir. Əslində Millətlər Liqasının yarımfinalına iddia etməməyimiz pis olardı. Amma biz gələcək haqda düşünməli, komandanı formalaşdırma prosesini davam etdirməliyik”.

Baş məşqçi deyib ki, Kosovo millisində oynamağa namizəd futbolçuların bir çoxunun 3 pasporta malik olması onlar üçün təzyiq və problemdir. İsveçrəli mütəxəssis Albaniya pasportu da daşıyan Adrian İsmailinin Kosovo yığmasının formasını geyinmək istəməməsinə də toxunub: “Bu cür hallarda ailə və agentlərin məsləhətləri önəmli olur. İsmailinin ailəsi və agenti ilə danışmamışam. Bunu Kosovo Futbol Federasiyasının mərhum prezidenti Fadil Vokkri etmişdi. O, demişdi ki, danışıb və futbolçu razılıq verib. Bir çoxlarının 3 pasportunun olması bizim üçün problemdir. Onlar Kosovo yığması ilə yanaşı, Albaniya, Monteneqro və ya Xorvatiya millilərinə də can atırlar. Mənim fəlsəfəm belədir ki, bizimlə olmaq istəyənlər komandada yer almalıdırlar. Kimdəsə belə hiss yoxdursa... Bizim üçün problem deyil. Bütün futbolçuların qərarına hörmətlə yanaşmalıyıq”.

Şalland zədəli futbolçuların son durumu barədə də danışıb: "Qarşıda hazırlıq üçün 5 günümüz var. Hamının hansı formada olmasına baxmaq imkanına malikik. Cümə günü real mənzərənin olması mümkündür. Həmin vaxt təkcə Ariyanet Muriç barədə deyil, bütün oyunçular haqda qərar verəcəyik. Ancaq onun kimi keyfiyyətli qapıçı variantımızın olmasından məmnunam. Milli komandanın baş məşqçisinin işi ən yaxşı olanı seçməkdir. Bersant Tselina şənbə günü keçirdiyi oyunda zədə alıb və oynaya bilməyəcək. Mergim Voyvoda da zədə alıb. Lakin onun problemi həllini tapıb. Başqa oyunçulara gəlincə, zədəli yoxdur. Benjamin Kololli bir az yorulub, çünki onun üçün həftə ağır keçib. O, “Sürix”in heyətində Avropa Liqasında “Bayer”ə qarşı oynayıb, çempionat matçında isə əvəzlənib. Herolind Şala kiçik zədə almışdı. Ancaq ciddi heç nə yoxdur, bizimlə olacaq. Edon Jeqrova isə “Genk”də oynamağa başlayıb və bu, bizim üçün xoşdur”.

Qeyd edək ki, 8 xalla 3-cü qrupun lideri olan Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra isə Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 6 xalla 2-ci sıradadır. Farer adalarının 4, Maltanın isə 2 xalı var. 

Son xəbərlər

Orphus sistemi