Yuxarı

"Kopenhagen" klubu "Qarabağ"la oyundan əvvəl cəzalanıb

"Kopenhagen" klubu "Qarabağ"la oyundan əvvəl cəzalanıb
Klub 2 oyununu azarkeşsiz keçirəcək

Bakı. 22 avqust. REPORT.AZ/ Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşündən əvvəl cəzalanıb.

"Report"un Danimarka Futbol İttifaqının (DBU) rəsmi saytına istinadən verdiyi məlumata görə, buna paytaxt təmsilçisi azarkeşlərinin Super Liqanın V turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdikləri iğtişaşlar səbəb olub.

Avqustun 6-da keçirilmiş matçın sonlarında onlar əvvəlcə stadion mühafizəçiləri, ardından polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə baş hakim Anders Poulsen görüşü 18 dəqiqə dayandırıb.

DBU-nun İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hallar təkrarlansa, daha bir ev oyununa paytaxt təmsilçisi azarkeşlərinin girişinə qadağa qoyulacaq. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.

Qeyd edək ki, "Kopenhagen" "Qarabağ"la cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi