Yuxarı

Konte: "Pirlo məşqdə aldığı zədə ilə əlaqədar sabahkı oyunda iştirak etməyəcək"

Rəqibi qiymətləndiririk və çətin oyun olacaq

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Son bir həftə olduqca yaxşı məşqlər keçdi. Sadəcə Pirlo məşqdə aldığı zədədən dolayı oyunda iştirak etməyəcək. Lakin əsas olan sabahkı oyundur".

"Report"un məlumatına görə, bunu İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

Avro-2016-nın seçmə qrup mərhələsində Azərbaycanla keçiriləcək oyun haqda danışan mütəxəssis bildirib ki, oyunla bağlı heç bir şübhə yoxdur:

"Hər şey əladır. Ümid edirik ki, hər şey bizim xeyrimizə olacaq".

Daha sonra A.Konte jurnalistlərin suallarını cavablandırıb:

- 1 il əvvəl demişdiniz ki, federasiya baxımından tək qalmısınız və heç kim sizə kömək olmur. İndi necə?

- Bu müddət ərzində fikirlər dəyişib. İndi qarşımızda daha böyük işlər var və fikrimizi oyunlara yönəltmişik. Hədəfimiz Avropa çempionatına vəsiqə qazanmaqdır.

- Azərbaycana qarşı aqressiv, yoxsa səbrli İtaliya görəcəyik?

- Rəqib olduqca çətindir. Son oyunlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycanda yeni baş məşqçi nəyəsə nail olub. Ümid edirik ki, bu oyunda qələbə qazanaraq istəyimizə nail olacağıq.

- Pirlonun yoxluğu necə təsir edəcək və hansı taktikadan istifadə edəcəksiniz?

- Pirlo bizim üçün önəmli futbolçudur. Ancaq sabahkı oyunda bu yoxluğu hiss etdirməməyə çalışacağıq. Taktikaya gəlincə, futbolçularımız istedadlıdır və bir neçə taktika ilə çıxış edə bilərik.

- 3-5-2, 4-3-3 və 4-4-2 taktikası ilə oynayırsınız. Demək olarmı ki, bir futbolçu bir neçə yerdə oynayır?

- Bizim futbolçular hər mövqedə oynamağa hazırdır. Çalışacağam ki, oyun ərzində yeniliklər edərək komandanın yaxşı cəhətini göstərək.

- Futbol Federasiyasının prezidenti bildirib ki, sizin qalmağınızdan razı olardılar. Bu getməyinizdən xəbər verir?

- Bizim 2 məqsədimiz var. Birinci qrup mərhələsinə vəsiqə qazanmaq, ikincisi qrupda yüksək nəticə qazanmaq. Federasiya prezidentinə təşəkkür edirəm ki, işimizi dəyərləndirir.

- İtaliya millisi 48 oyundur məğlub olmur. Sabahkı oyunda bu tilsim qırıla bilər?

- Çalışacağıq ki, bu seriyanı davam etdirək. Amma qeyd etməliyəm ki, yeni stadionda çoxlu azarkeş qarşısında ilk oyun keçiriləcək. Çalışacağıq ki, sürprizə imkan verməyək. Təbii ki, hər iki komandanın futbolçuları eyni səviyyədə deyil. Amma rəqibi qiymətləndiririk və çətin oyun olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi