Konsul: "İndi Yunanıstanda PAOK-un "Qəbələ"yə ehtiyatlı və diqqətli yanaşmasının vacibliyi vurğulanır"

Konsul: "İndi Yunanıstanda PAOK-un "Qəbələ"yə ehtiyatlı və diqqətli yanaşmasının vacibliyi vurğulanır" "Oyuna 50-dək azərbaycanlı icmanın nümayəndələrini dəvət etmişik"
Futbol
26 Noyabr , 2015 18:56
Konsul: İndi Yunanıstanda PAOK-un Qəbələyə ehtiyatlı və diqqətli yanaşmasının vacibliyi vurğulanır

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycanın Yunanıstandakı səfirliyinin konsulu Samir Məmmədov bu gün yerli PAOK komandası ilə "Qəbələ" arasında keçiriləcək Avropa Liqasının V tur matçı barədə fikirlərini bildirib. S.Məmmədov "Report"a açıqlamasında səfirlik adından "Qəbələ"ni salamlayaraq, komandaya bir futbol azarkeşi kimi bugünkü qarşılaşmada uğurlar arzulayıb.

O bildirib ki, Avroliqada Azərbaycanın 2 klubunun dünya səviyyəli komandalarla mübarizə aparması ölkə futbolunun gələcək inkişafına öz müsbət töhfəsini verəcək: "Yalnız bir faktı qeyd etmək kifayət edər ki, "Qəbələ"nin avqustda Yunanıstanın köklü və ən güclü klublarından hesab edilən "Panatinaikos"u turnirdən kənarlaşdırması yerli KİV-də uzun müddət vurğulanaraq müzakirə mövzusu olub. Bu da öz növbəsində yerli əhali arasında ölkəmizin malik olduğu müsbət imicin bir az daha işıqlandırılmasına əlavə stimul verib. Bir sözlə, son illər beynəlxalq aləmdə idman diplomatiyası termininə tez-tez rast gəlirik və müvafiq olaraq "Qəbələ"nin bu il Yunanıstan komandaları ilə uğurlu mübarizəsi, zənnimcə, respublikamızda həyata keçirilən hərtərəfli inkişafın müsbət yöndə tanıdılması prizmasından çox təqdirəlayiq hal hesab edilə bilər".

S.Məmmədovun sözlərinə görə, bu gün baş tutacaq oyuna Yunanıstan KİV-də kifayət qədər maraq var: "Sadəcə, avqustda yerli KİV-də olan abu-hava və klubumuza olan münasibəti bu günlə müqayisə edərkən bir amili nəzərdən qaçırmaq qeyri-mümkündür. O vaxtlar yerli KİV "Qəbələ"yə o qədər də ciddi yanaşmırdı, komandamız isə zəif bir rəqib kimi qələmə verilirdi. İndi isə tam fərqli olaraq klubumuzun gücü və qısa zaman kəsiyində yiyələndiyi təcrübə qeyd olunur və PAOK-un son dərəcə ehtiyatlı və diqqətli olmasının vacibliyi bilavasitə vurğulanır".

Konsul azarkeş amilinə də toxunub. O bildirib ki, yunan azarkeşlər öz çılğınlıqları ilə digərlərindən xeyli dərəcədə fərqlənirlər, PAOK tərəfdarları isə Yunanıstanın ən dəlisov və ultra azarkeş kütləsinə aid edilir: "Zənnimcə, bu gün hava yağmurlu olmasa, "Tumba" stadionunda çılğın yunan azarkeşlərinin dəstəyinin şahidi olacağıq. Ümid edirəm ki, futbolçularımız bu atmosferdən mənfi yöndə təsirlənməyəcəklər. Biz isə səfirlik olaraq stadiona Yunanıstanın Saloniki şəhərində məskunlaşan 50 nəfərə yaxın azərbaycanlı icmasının nümayəndələrini dəvət etmişik. İnanırıq ki, say baxımından az olsaq da, doğma komandamıza mənəvi dəstək hər bir azərbaycanlının borcudur. Fürsətdən istifadə edərək "Qəbələ" və "Qarabağ"a bugünkü çətin qarşılaşmalarda sonsuz uğur və müəyyən qədər də futbol şansı arzulayıram".

Qeyd edək ki, PAOK - "Qəbələ" matçı bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi