Tuyqun Nadirov: "Gənc futbolçuların əmək haqlarına limitin qoyulması barədə qərar bizim qələbəmizdir"

Tuyqun Nadirov: "Gənc futbolçuların əmək haqlarına limitin qoyulması barədə qərar bizim qələbəmizdir" Klublar Komitəsinin sədri İcraiyyə Komitəsinin qərarını şərh edib
Futbol
7 Mart , 2015 02:46
Tuyqun Nadirov: Gənc futbolçuların əmək haqlarına limitin qoyulması barədə qərar bizim qələbəmizdir

Bakı. 6 mart. REPORT.AZ/ AFFA Klublar Komitəsinin (KK) sədri Tuyqun Nadirov İcraiyyə Komitəsinin (İK) iclasında gənc futbolçuların əmək haqlarına limit qoyulması barədə qərarı şərh edib. 

T.Nadirov "Report"a açıqlamasında bu qərarı KK-nın 3 ay ərzində gördüyü işlərin nəticəsi və rəhbərlik etdiyi komitənin qələbəsi adlandırıb.

Onun sözlərinə görə, Klublar Komitəsinin fəaliyyəti artıq öz bəhrəsini verməkdədir:

"Bütün klubların sözü bir yerə qoyaraq, qəbul etdikləri qərar AFFA İcraiyyə Komitəsində qüvvəyə minib. Təklifimiz federasiya rəhbərliyi və İcraiyyə Komitəsi tərəfindən dəstəklənib. KK adından başda Rövnəq Abdullayev olmaqla, İK üzvlərinin hamısına təşəkkürümü bildirirəm. Onlar klubların bir araya gələrək, qəbul etdikləri qərarı qüvvəyə mindiriblər. Bu da o deməkdir ki, Klublar Komitəsinin fəaliyyəti artıq öz bəhrəsini verməkdədir və bu, bizim qələbəmizdir".

T.Nadirov bildirib ki, KK legioner limiti məsələsini İK-də ümumiyyətlə qaldırmayıb: "Bizim belə təşəbbüsümüz olmayıb. İK-nın iclasına rəsmən, yazılı şəkildə göndərdiyimiz məsələ gənc futbolçuların məvacibləri ilə bağlı olub".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasında 2015/2016-cı il mövsümündən 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min manat, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manat müəyyənləşdirilib. Azərbaycan milli komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər. Maaş limitinə riayət etməyən klublara aktivindən xalların silinməsi, maliyyə sanksiyası və futbolçunun diskvalifikasiyası kimi cəzalar tətbiq olunacaq. 

Son xəbərlər

Orphus sistemi