Havası saf, insanları narahat, yolları bərbad Kişineudan REPORTAJ

Havası saf, insanları narahat, yolları bərbad Kişineudan REPORTAJ Neftçinin UEFA Avropa Liqasındakı oyunu üçün Moldovanın paytaxtı Kişineudayıq. Bu mənim həm idman jurnalist kimi, həm çalışdığım Report İnformasiya Agentliyinin əməkdaşı olaraq ilk xarici səfərimdir.
Futbol
11 İyul , 2019 11:58
Havası saf, insanları narahat, yolları bərbad Kişineudan REPORTAJ

"Neftçi"nin UEFA Avropa Liqasındakı oyunu üçün Moldovanın paytaxtı Kişineudayıq. Bu mənim həm idman jurnalist kimi, həm çalışdığım "Report" İnformasiya Agentliyinin əməkdaşı olaraq ilk xarici səfərimdir.

İlk səfər sözün həqiqi mənasında yorucu başladı. Ayın 9-u saat 12:55 də yola düşən kollektiv Bakı - İstanbul - Kişineu reysi ilə saat 21:55 də (Bakı vaxtı ilə) təyinat nöqtəsinə çatdı. "Neftçi"nin əsas üzvlərindən hesab olunan Soni Mustivar və Baqali Dabo da Moldovaya səyahət edənlər sırasında yer almışdı. Lakin hər iki oyunçunun bugünkü qarşılaşmanı buraxacağı əvvəlcədən bilinirdi.

Yol uzun olsa da, futbolçuların əhval-ruhiyyəsi səfər ərəfəsində normal görünürdü. Baş məşqçi Roberto Bordin komanda üzvlərinə media nümayəndələrinə danışmağı qadağan etmişdi. Amma bu da başa düşüləndir. İtaliyalı mütəxəssis Avropa Liqasında ötənilki "Uypeşt" uğursuzluğunun təkrarlanmasını istəmir və rəqib barədə ehtiyatlı davranır.

Gözləntilərin altında qalan Kişinyov

Hər hansı ölkəyə səfər etməzdən öncə onun haqqında məlumat toplamağa çalışırıq. Nədənsə, mən buna çox da cəhd etmədim. Amma hər halda şəhərin bu qədər zəif inkişaf vəziyyətində olduğunu gözləmirdim. Nə də olsa, fikirləşirdim ki, Moldova Avropa, Kişineu isə buranın paytaxtıdır. Amma yerli hava limanından çıxan kimi elə bir təəssürat yaranır ki, sanki ölkəmizin hansısa bölgəsindəyik.

Şəhərin əksər binaları köhnə və baxımsızdır. Ümumi götürsək, buranı Bakı ilə müqayisə belə etmək olmaz, Azərbaycanın əksər bölgələri də Kişineudan daha çox inkişaf edib. Mərkəzi küçələrini nəzərə almasaq, bəzi yollar belə yaxşı vəziyyətdə deyil. Moldovadakı insanların çoxu isə sanki nədənsə narahatdır, şəhərin mərkəzində və başqa yerlərdə gülərüz insanlara az rast gəlmək olar. Axşam saat 10-dan sonra isə demək olar ki, Kişineuda həyat dayanır. Şəhərin mərkəzindəki obyektlərin çoxu fəaliyyət göstərmir. Hər hansı Avropa və digər ölkə vətəndaşının Kişineuya səfər etməsi üçün, yəqin ki, bir səbəbi olmaz.

Əlbəttə, Kişineu haqqında fikirlərimin hamısı mənfi deyil. Şəhərdə gecə saatlarına kimi trolleybuslar işləyir. Buranın bir nömrəli sərnişin nəqliyyatı demək olar ki, budur. Trolleybus ekoloji təmizlik üçün kifayət qədər önəmlidir. Təmizlikdən söz düşmüşkən, Kişineuda hər yerdə yaşıllığa rast gəlmək mümkündür. Ona görə də buranın havası çox safdır. Şəhərdə sürücülük mədəniyyətinin olması da müsbət amillərdən biridir.

"Neftçi"nin "Sperantsa" səddini keçməməsi böyük günahdır

Kişineuda futbola aid nəyəsə rast gəlmək müşkül məsələdir. Moldovanın son illər beynəlxalq arenada tanınmış bir klubu varsa, o da paytaxt yox, separatçılara məxsus Dnestryanı bölgədə fəaliyyət göstərən "Şerif"dir. Tiraspol təmsilçisinin son uğurları hazırda "Neftçi"də baş məşqçi kimi çalışan Roberto Bordinin adı ilə bağlıdır. O Bordin ki, vaxtilə çalışdığı ölkənin komandasını məyus etmək üçün yenidən Moldovaya gəlib.

Oyunun keçiriləcəyi "Zimbru" stadionundakı şərait isə ilk gündə heç də ürəkaçan olmadı. Söhbət klub və stadion əməkdaşlarının öz işlərinə məsuliyyətsiz yanaşmalarından gedir. Təsəvvür edin: Mətbuat konfransının başlamasına 10 dəqiqə qalıb və otaqda heç nə hazır deyil. Hətta işçilərdən biri azərbaycanlı həmkarımıza "Konfrans otağını necə düzəldim?" kimi mənasız sual da verdi. Bu, azmış kimi jurnalistin xəbər ötürməsi üçün vacib olan "wi-fi" problemi də yaşandı.

Moldova KİV-in matça marağı demək olar ki, yoxdur. Azərbaycanlı jurnalistlər mətbuat konfranslarında moldovalı həmkarlarından çox idilər. Amma tribunaları dolduracaq azarkeşlər olmasa belə, şəhər sakinləri yaxınlıqdakı yaşayış binalarının son mərtəbələrindən oyunu rahatlıqla izləyə bilərlər. Hərçənd, "Sperantsa" Kişineunu yox, paytaxtdan 80 km aralıdakı Nisporen şəhərini təmsil edir. 

"Neftçi" üçün ən önəmli motivasiya isə fanatlarının komandanı Kişineuda da yalqız buraxmamalarıdır. "Forza Neftçi" azarkeş qrupu sırf flaqmana dəstək üçün Bakıdan Kişineuya avtobusla yola düşüb. Baş məşqçi Roberto Bordin də mətbuat konfransında azarkeşlərin hər zaman onların yanlarında olduqlarını və bunun kollektivə əla motivasiya mənbəyi saydığını bildirib.

"Sperantsa" ilə qarşılaşma "Neftçi" üçün uğurlu yolun başlanğıcı olmalıdır. Dueldən məğlub ayrılmaq isə faciə sayılacaq. Ümid edək ki, qeyri-müasir Kişineuda müasir faciəni yaşamayacağıq. Əksinə, bu axşam inamlı qələbə belə səfərin ən maraqlı hadisəsi olacaq. 

Son xəbərlər

Orphus sistemi