Yuxarı

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb
Onlar 7 ölkəni təmsil edirlər

Bakı. 19 avqust. REPORT.AZ/ Oktyabrın 6-da Hindistanda 17 yaşadək kişi futbolçular arasında start götürəcək dünya çempionatının oyunları zamanı 7 qadın hakimin də xidmətindən istifadə olunacaq.

"Report"un FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar çempionata ehtiyat hakim qismində təyinat alıblar. Həmin referilər KXDR, Zambiya, Kanada, Uruqvay, Yeni Zelandiya, Ukrayna və İsveçrəni təmsil edirlər. Bu, FİFA bayrağı altında qadın hakimlərin kişilərin yarışına qatılacaqları ilk turnirdir.

Ali futbol qurumunun Hakimlər Komitəsinin sədri Massimo Buzakka bildirib ki, artıq qadın hakimlərin kişilərin yarışına cəlb olunma vaxtı çatıb: "Ötən il onlar kişi həmkarları ilə birgə ayrı-ayrı rəsmi matçlara qatılıblar. İndi isə onları öz turnirimizdə birgə görmək istəyirik".

Qeyd edək ki, mayda Bibiana Ştaynhausun 2017-2018 mövsümündə Almaniya Bundesliqası oyunlarında baş hakim olacağı müəyyənləşib. Əvvəllər o, II Bundesliqada, 2011 və 2015-ci illərdə qadınlar arasında dünya çempionatlarında, habelə 2012-ci il London Yay Olimpiya Oyunlarında çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi