Yuxarı

Kirilo Petrov: "Belə adamları azarkeş adlandıra bilmərəm" - MÜSAHİBƏ

​Kirilo Petrov: "Belə adamları azarkeş adlandıra bilmərəm" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Kirilo Petrov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının I tur matçından sonra brifinq keçirib.

Ukraynalı müdafiəçi "Report"un da suallarını cavablandırıb...

Kənardan belə görünürdü ki, "Neftçi" Avropa Liqasındakı uğursuzluğı üzərindən ata bilməyib. Buna görə qələbə qazana bilmədiniz?

- Ola bilər ki, komanda yoldaşlarımdan kimsə "Bney Yehuda"ya məğlubiyyəti həzm edə bilməyib. Amma şəxsən mən həmin məğlubiyyəti unutdum. Qarşılaşmaya da yaxşı başladıq, qol imkanlarımız olsa da, ilk olaraq, rəqib fərqləndi. Yaxşı ki, fasiləyə qədər hesabı bərabərləşdirdik. Ancaq yenə də 2 xal itirdik.

"Sabah" da qələbə qazana bilərdi, dirəkdən dönən iki topu vardı. Hesabı ədalətli sayırsınız, yoxsa qələbəyə rəqib daha yaxın idi?

- Düzdür, yaradılan qol epizodlarına görə "Sabah" bu gün bizdən üstün idi. Amma oyuna nəzarət edən tərəf özümüz idik. Digər tərəfdən, bilmirəm ki, bu əks-hücumlar haradan peyda olur. Demək olar hər matçda belə əks-hücumları buraxırıq. "Bney Yehuda" ilə qarşılaşmalarda da belə idi. Futbolularımızla bunu mütləq təhlil etməliyik və bundan sonra hər hansı nəticə çıxara bilərik.

Azarkeşlər birinci hissədə "istefa" şüarları səsləndirirdilər. Bunun oyununuza təsiri oldumu və belə şüar komandada özünə inamsızlıq yaratdımı?

- Başa düşürsünüz, belə adamları azarkeş adlandıra bilmərəm. Komandanı ürəkdən sevirsənsə, onu daim dəstəkləməlisən. Avrokubok matçlarına 10-15 min nəfər gəlir, indi isə 500 nəfər... Sadiq azarkeşlər həmişə stadiondadır və heç vaxt belə axmaq şeylər qışqırmayacaqlar. Bu, çempionatın ilk matçıdır və komandaya belə münasibət göstərmək olmaz.

"Neftçi" bu mövsüm çempion olacaq gücdədirmi və ötən mövsüm son adna əldən buraxdığınız qızıl medalı bu dəfə qazana biləcəksiniz?

- Komandanın qarşısında çempionluq məqsədi durur. Avropa Liqasında mübarizədən kənarda qaldıq, bu gün xal itirdik. Bununla da mətbuata səbəb verdik ki, bizi təpədən dırnağadək tənqid atəşinə tutsunlar. Həmişə olduğu kimi, haqqımızda pis sözlər yazacaqlar. "Neftçi", demək olar, Azərbaycanda yeganə komandadır ki, qalib gələndə hamı sevinir, uduzanda hamı məyus olur. Əlbəttə, bu dəfə də çempionluğa oynayacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi