"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Bakıda olub

"Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimov Bakıda olub "Mənim üçün əsas məsələ insani keyfiyyətlərdir"
Futbol
13 Noyabr , 2018 15:50
Keşlənin sabiq baş məşqçisi Yuri Maksimov Bakıda olub

Bakı. 13 noyabr. REPORT.AZ/ "Keşlə" klubunun sabiq baş məşqçisi Yuri Maksimov bu yaxınlarda Azərbaycanda olub.

Bu barədə "Report"a 50 yaşlı mütəxəssisin özü məlumat verib.

O bildirib ki, biznesmen dostları ilə birgə oktyabrın 31-də Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" matçını stadiondan izləyib. Lakin Maksimov 1:1 hesablı heç-heçəyə nail olan keçmiş komandasının oyunu barədə danışmaq istəməyib: "Mənim bu komandadakı dönəmim başa çatıb. Futbolçular barədə yalnız xoş sözlər söyləyə bilərəm. Bakıya gəlmək həmişə çox xoşdur. Dostlarımla məni yaxşı qarşıladılar. Lakin bizi qonaq edən şəxsin adını açıqlamaq istəmirəm". 

Ukraynalı mütəxəssis Bakıya səfərinin futbolla bağlı olmadığını və bunu biznes sahəsində çalışan dostları ilə birgə gerçəkləşdirdiyini vurğulayıb. O, "Sumqayıt" klubundan təklif aldığına dair iddiaları təkzib etsə də, Azərbaycandan istənilən klubun təklifini məmuniyyətlə qəbul etməyə hazır olduğunu vurğulayıb.

Ukraynalı məşqçi “Bakıda olan zaman “Keşlə”nin prezidenti Zaur Axundovla görüşdünüzmü” sualına belə cavab verib: “Bu mövzuda danışmaq belə istəmirəm. Mənim üçün əsas məsələ insani keyfiyyətlərdir. İnsan kubokun finalından üç gün əvvəl yeni anlaşmanın olacağını bildirərək əlini uzadırsa, bu, mənim üçün müqavilə imzalamaqdan da yüksəkdir. Sonradan həmin şəxs "Gərək onu finaldan sonra qovardım" deyirsə, bu barədə danışmağa gərək yoxdur".

Qeyd edək ki, Yuri Maksimov 2017-ci ilin dekabrında baş məşqçi təyin olunduğu “Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub. O, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə məğlubiyyətdən bir neçə gün sonra – iyunun 16-da istefa verib.

Son xəbərlər

Orphus sistemi