"Keşlə"nin prezidenti: "Rauf Əliyev bizə müraciət edib, biz onu axtarmamışıq"

"Keşlə"nin prezidenti: "Rauf Əliyev bizə müraciət edib, biz onu axtarmamışıq" "Əliyev yayda getdiyi vaxt aramızda bir az inciklik olmuşdu"
Futbol
14 Yanvar , 2018 17:29
Keşlənin prezidenti: Rauf Əliyev bizə müraciət edib, biz onu axtarmamışıq

Bakı. 14 yanvar. REPORT.AZ/ "Keşlə" klubunun prezidenti Zaur Axundov "Neftçi" ilə yoxlama matçının fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir...

Yeni transferləri necə dəyərləndirirsiniz?

- "Neftçi" ilə oyunumuz qış hazırlıq dönəmində ikinci yoxlama matçımızdır. Hələ oyunlarını izləyirik. Yəqin ki, məşqçilər korpusu da sözünü deyəcək. Çəkiliş gedir, analizlər aparılacaq. Komandaya bir-iki oyunçu da dəvət etmək fikrimiz var.

Büdcəniz yeni oyunçular, legionerlər dəvət etməyə imkan verir?

- Biz tam olaraq büdcə ilə hərəkət edirik. Büdcənin aşılması olmayacaq. Qışa qədər necə idisə, elə də davam edəcək. Komandamızdan müəyyən səbəblərə görə, 5-6 oyunçu gedib. Biz öz işimizi büdcəmizə əsasən görürük.

Rauf Əliyev məsələsi nə yerdədir?

- Onun heyətə cəlb olunması yenə gündəmdədir. Dünən təklifimizi ünvanladıq. Etdiyi hərəkətdən klub olaraq, inciməmişik. Öz doğma klubudur, qayıda bilər. Sözümüzü dedik, təklifimizi verdik. Fikirləşməyə vaxt istəyib.

Deyəsən, müqavilə müddəti məsələsində fikir ayrılığı var...

- Fikir ayrılığı belədir ki, o, bizə qayıtmaq üçün müraciət edib, biz onu axtarmamışıq. Klub rəhbərliyinin öz fikri, strategiyası var. Biz Raufa 1 il və ya 1,5 illik müqavilə təklif etmişik. O isə mövsümün sonunadək "Keşlə"də çıxış etmək istəyir. Amma biz bununla heç cür razılaşa bilmərik.

Rauf Əliyevin müqavilə məsələsində problem yalnız müddətlə, yoxsa maliyyə ilə də əlaqədardır?

- Xeyr, yalnız müddət məsələsi var. Rauf 6 aylıq müqavilə bağlamaq istəyir. Amma biz klubuq. Əvəzolunmaz futbolçu yoxdur. Hər oyunçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət də göstərə bilmərik. Əliyev yayda getdiyi vaxt aramızda bir az inciklik olmuşdu. Onun getməyinə etiraz edirdim. Bununla belə, azərbaycanlı və milli komandanın üzvü kimi ona uğurlar arzuladım. İş elə gətirdi ki, Albaniyada 3 aydan da az vaxt qaldı, sonra da qayıtdı. UEFA-nın qaydalarına əsasən, o, üçüncü komandada oynaya bilməz. Amma yenə də inciklik varsa, bunların hamısını arxada saxlayıb, Rauf Əliyev kimi ona təklifimizi vermişik.

Nizami Hacıyevlə Mirhüseyn Seyidovun bağışlanacaqlarına ümid edirsiniz?

- Mənim üçün də ağırdır. O hadisəni unutmaq istəyirəm. Amma unutmaq çətindir. Həm Nizami, həm də Mirhüseynlə qısa müddət də olsa, birgə çalışmışıq. Lakin qərarı bizdən yuxarı instansiyalar veriblər. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi. Lakin hamımız qanun çərçivəsində iş görürük. Baxaq, görək nə olur...

Araşdırmaların yekununda başqa cəzalar ola bilər?

- Xeyr. Bu adamlar futboldan ömürlük xaric olunublarsa, başqa nə sanksiya ola bilər ki?!

Bəs digər futbolçuların cəzalanması necə?

- Futbolda danışılmış oyunların əleyhinəyəm. Belə hallar yolverilməzdir. AFFA rəhbərliyi də, İntizam Komitəsi də işini görür, araşdırmalar aparırlar. Başqa yenə kimsə varsa, cəzalanmalıdır.

Son xəbərlər

Orphus sistemi